Son dövrlər ABŞ dollarının digər əsas valyutalara nisbətdə ucuzlaşması tendensiyası müşahidə olunur. Qlobal bazarlarda baş verən dəyişikliklər fonunda bu proses Azərbaycan manatına da təsirsiz ötüşmür. Bəs, vətəndaşlar əllərindəki vəsaitləri hara yatırsalar, daha çox fayda götürərlər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, dolların digər valyutalara nisbətdə dəyər itirməsi manatın da həmin valyutalara qarşı ucuzlaşması ilə nəticələnir:
“Dollar digər valyutalara nisbətdə ucuzlaşır. Nəzərə alsaq ki, bizim manat dollara bağlıdır, bu halda manat da həmin valyutalara nisbətdə ucuzlaşmış olur. Bu, məntiqi prosesdir”.
Ekspert hesab edir ki, əlində az miqdarda vəsait olan şəxslər üçün valyuta alqı-satqısı yolu ilə qazanc əldə etməyə çalışmaq risklidir:
“Əlində az pulu olan adamlara tövsiyə etmirəm ki, sırf qazanc məqsədilə hər hansı xarici valyuta alsınlar. Çünki valyuta bazarında qazanc əldə etmək mümkün olduğu kimi, itki ilə üzləşmək ehtimalı da var”.
Əkrəm Həsənovun sözlərinə görə, əsas məqsəd yüksək gəlir əldə etmək yox, mövcud vəsaiti qorumaq olmalıdır. Bu baxımdan, pul yığımını xarici valyutada saxlayan şəxslərə vəsaitlərini bölüşdürmək tövsiyə olunur:
“Əgər kimsə pulunu xarici valyutada saxlayırsa, daha məqsədəuyğun olar ki, onu bölüşdürsün. Məsələn, bir hissəsini dollar, bir hissəsini avro və digər sabit valyutalarda saxlamaq olar. Məqsəd böyük qazanc əldə etmək deyil, ən azı itkilərin qarşısını almaqdır”.
Beləliklə, mövcud şəraitdə mütəxəssislər vətəndaşlara riskli addımlardan çəkinməyi, xüsusilə də kiçik məbləğlərlə valyuta bazarında spekulyativ əməliyyatlara girməməyi tövsiyə edirlər. Əsas prioritet isə vəsaitin dəyərinin qorunmasıdır.
Aynurə İsmayıl
KONKRET.az

