Müstəqil Azərbaycan Respublikasının inkişafında, ölkədə həyata keçirilən müasir dövlət quruculuğu prosesində ümumbəşəri prinsip və təcrübə ilə yanaşı, xalqımızın qədim tarixi irsinə, mədəni, mənəvi dəyərlərinə istinad xüsusi əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını ölkəmizin zəngin irsinə həssas yanaşmağa və sahib çıxmağa çağırırdı: “Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Beləliklə, ölkəmizin tarixi, mədəni, elmi irsinin öyrənilməsi və təbliği daim öz aktuallığını qoruyub saxlayır.
Milli dəyərlərin qorunması dövlətin diqqət mərkəzindədir
Bildiyimiz kimi, Azərbaycan özünəməxsus qədim maddi və mənəvi irsi, mədəni dəyərləri olan bir ölkədir. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, eləcə də milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində bu günədək özünün milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, xalqımız tərəfindən əsrlər boyunca yaradılan və yaşadılan milli-mənəvi irsimizin böyük bir hissəsi bu gün cəmiyyət həyatının müxtəlif sferalarında qorunub saxlanılır və dövlətin siyasətində də əksini tapır.
Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident Cənab İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində dövlətçilik ənənələri, milli ənənələr nəzərə alaraq ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində ciddi dəyişikliklər edildi və uğurlar qazanıldı. Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən, iqtisadi sahədə dünyada ən böyük nailiyyətləri əldə edən ölkə olaraq dünyada söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi də özünü təsdiq edib. Dünyaya inteqrasiya olunduğumuz zamanda Azərbaycan milli-mənəvi dəyərləri, sənəti, mədəniyyəti, incəsənəti ilə heyrət doğura bilib. Bu dəyərlərin əsasında xalqın tarixi köklərini, tarixini, mədəniyyətini, qəhrəmanlığını, məişətini, sosial həyatını əks etdirən faktorlar dayanır.
Belə bir tarixi irsin daşıyıcısı olan xalqın qürürla səhifələdiyi vərəqlər zənginləşir, Azərbaycanın dünyaya töhfələr verən abidəsi olduğunu sübut edir. Təbii ki, bu abidələr fərdlər tərəfindən milli düşüncənin məhsulu olaraq ortaya qoyulur. Cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq imzalanan sərəncamlarda bu ifadə təsdiqini bir daha tapır. Prezidentin Sərəncamı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Xalça Muzeyinin inşası, regionlarda yeni muzey və musiqi məktəblərinin yaradılması və s. qədim və zəngin mədəni irsə olan diqqətdir. Eləcə də ölkə başçısının Azərbaycanın dünyaya inteqrasiya tempinin artmasına töhfələrini verən, milli-mənəvi dəyərlərin keşiyində duran və onun inkişafına ömrünü həsr edən ziyalıların yubiley mərasimlərinin keçirilməsi, fəxri ad və mükafatların verilməsi ilə bağlı imzaladığı sərəncamlar milli dəyərlərimizə verilən qiymətin bariz nümunəsidir.
Azərbaycanın dövlətçilik tarixi, milli adət-ənənələri, elmi və mədəni irsinin təbliği, eləcə də azərbaycançılıq ideyasının təşviqi bu gün də aktual mövzulardandır.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Azərbaycanın dövlətçilik tarixi qədim dövrlərə gedib çıxır və bu ənənə əsrlər boyu müxtəlif mərhələlərdən keçərək qorunub saxlanılıb.
Onun sözlərinə görə, Azərbaycan ərazisində eramızdan əvvəl də dövlət qurumları mövcud olub, sonrakı dövrlərdə isə xanlıqlar mərhələsi yaşanıb.
“Xanlıqlardan sonra dövlətçilik ənənələri müəyyən qədər zəifləsə də, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər bu ideya xalqın yaddaşında və düşüncəsində yaşayıb. Ümumilikdə, dövlətçilik ənənəsi xalqımız tərəfindən daim qorunub və yaşadılıb. Bu, çox vacib amildir”, – deyə o, vurğulayıb.
C.Abbaslı hesab edir ki, bir çox xalqların gələcəyi baxımından milli dövlətçilik şüurunun möhkəmləndirilməsi istiqamətində ciddi və ardıcıl işlərin görülməsinə ehtiyac var. Onun fikrincə, Azərbaycan xalqı öz dəyərlərini qorumağa çalışsa da, xüsusilə canlı efirlərdə yayımlanan bəzi verilişlərdə milli-mənəvi dəyərlərə zidd halların artması narahatlıq doğurur.
“Bu kimi halların qarşısı qəti şəkildə alınmalıdır. Elm və mədəniyyətimizin təbliği davamlı xarakter daşımalıdır. Çünki gələcəyimiz məhz mədəniyyətin inkişafından keçir”, – deyə siyasi şərhçi qeyd edib.
O, həmçinin Azərbaycanın sülh ideyasının təbliğinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
C.Abbaslının sözlərinə görə, bu istiqamətdə görülən işlər ümumilikdə qənaətbəxşdir və ölkənin beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusuna uyğun olaraq dərc edilir.


