Bankların kredit siyasəti iqtisadi inkişafı baltalayır – ŞƏRHbackend

Bankların kredit siyasəti iqtisadi inkişafı baltalayır - ŞƏRH

Yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısının bank sektoru, daha dəqiq desək, uçot dərəcələrinin aşağı salınması ilə bağlı söylədiyi fikirlər biznes mühiti tətəfindən böyük marağa səbəb olub.

“  İndi İqtisadiyyat Nazirliyinin, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə təqribən 170 milyon manat güzəştli kreditlər nəzərdə tutulur. Uçot dərəcəsi düşdükdə artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaqdır”- Prezident İlham Əliyevin səsləndirdiyi bu fikir yaxın günlərdə bank kreditlərinin daha əlçatan və aşağı faizli olmasına ümidlər yaradıb.

Bəlli olduğu kimi, bazar iqtisadiyyatında əsas tənzimləyici mexanizmlər bank sektorunda cəmləşdirilir. “Əmtəə-pul-əmtəə-pul” sistemilə işləyən azad sahibkarlıq mühiti üçün isə maliyyə vəsaiti lazımdır.  Avropa İttifaqında şirkətlərə verilən kreditlər 2019-cu il üçün ümumi göstəricidə orta illik 3,6% olub.Təkrar kreditləşmədə isə bu faiz dərəcəsi 2,1% olur. Ayrı-ayrı ölkələr üzrə bu göstərici ümumi orta rəqəmlərdə daha aşağıdır: Niderlandda 1,68, Belçikada 1,74, Finlandiyada 1,77, İtaliyada 1,86, Lüksemburqda 1,93, Avstriyada 2, Fransada 2,05, İspaniyada 2,11, Almaniyada 2,26, Slovakiyada 5,25, Maltada isə illik 5,86 faiz dərəcəsi mövcuddur.

ABŞ-da isə bu göstərici  3,8%-4,5% arasındadır. Bu isə biznes mühiti üçün çox münasib faiz dərəcəsi hesab edilir. İqtisadi sanksiyalar altında yaşayan qonşu Rusiyada isə bu göstərici 12,5% dir. Amma bizdə biznes kreditlər çox baha faizlə (18-28%) və çətin girov mexanizmlərilə verildiyindən bankın dəstəyilə kiçik və orta sahibkarlıq fəaliyyətilə məşğul olmaq qəhrəmanlığa bərabərdir. Dövlətin verdiyi güzəştli kreditləri isə hər kəs rahat ala bilmir və çətin bürokratik mexanizmlərlə əngəllənir.

Odur ki, kommersiya bankları Azərbaycanda sahibkarlığı ancaq və ancaq aşağı faizli kreditlərlə stimullaşdıra bilərlər. Dinamik inkişaf üçün ucuz pul siyasətinə ehtiyac var. Kredit verilən zaman ilk növbədə əhali üçün məqbul girov mexanizmləri də tətbiq etmək lazımdır. Qoyulan girovun real dəyəri bəzən alınan kreditdən iki-üç dəfə çox olur. Təbii ki, bank bu yolla özünü sığortalayır. Qərb ölkələrində banka qoyulan girovun dəyəri alınan kredit məbləğinin 80%-dən çox olmur. Unutmaq olmaz ki, kiçik biznes və ailə təsərrüfatları daha çox sosial layihədir. Ən azından insanlar özləri üçün iş yeri açır və heç kəsə möhtac olmurlar. Bunu anlamaq və insaflı olmaq lazımdır.

Azərbaycanın yeni islahatlar mərhələsinə qədəm qoyması və biznes mühitində işlahatçı dövlət kimi dünya reytinqlərində irəli sıçraması çox sevindirici və nikbinlik vəd edən bir haldır. Düşünürük ki, bank sektorunda aşağı faizli biznes kreditlərinin verilməsi real islahatın ən bariz nümunəsi ola bilər. Çünki kiçik və orta biznes hər bir dövlətin dayanıqlı sosial bazasını təşkil edir. Əminik ki, Prezident İlham Əliyevin apardığı ardıcıl iqtisadi islahatlar kursu bank sahəsindəki geriləməni də aradan qaldıracaq və biznes mühiti daha böyük inkişaf mərhələsinə qədəm qoyacaq.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*