“Baş verənlər hörmətsizlik və iyrənc əməldir” – ABŞ-dan Qurani-Kərimin yandırılmasına SƏRT REAKSİYAbackend

“Baş verənlər hörmətsizlik və iyrənc əməldir” - ABŞ-dan Qurani-Kərimin yandırılmasına SƏRT REAKSİYA

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays və Ağ Evin sözçüsü Karine Jan-Pierre Türkiyənin İsveçdəki səfirliyi qarşısında İslamın müqəddəs kitabı sayılan Qurani-Kərimin yandırılmasına münasibət bildirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Danimarkanın ifrat sağçı partiya lideri Rasmus Palunun Türkiyənin İsveçdəki səfirliyi qarşısında və polisin mühafizəsi altında Qurani-Kərimi yandırması ilə başlayan qalmaqal səngimək bilmir. Bu mənfur hadisəyə İsveç hakimiyyətinin şərait yaratması isə böyük qınaq obyektinə çevrilib.  yandırma aksiyasına icazə verib.

NATO-nun QAPISI İSVEÇƏ QAPALIDIR

Baş verənlərdən sonra Nazirlər Kabinetinin iclasında çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan İsveçi çox sərt ifadələrlə tənqid edib: “Rəbbimizin himayəsində olan Qurani-Kərim bir səlibçinin hərəkəti ilə  heç vaxt zərər görməyəcək. Bu cür küfrlərə yol verənlər NATO-ya müraciət etmək üçün bizdən dəstəyi gözləməsinlər”.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə baş verənlərin hörmətsizlik və iyrənc əməl olduğunu deyib: “Demokratiyanın elementləri olaraq biz təşkilatlanma və toplaşmaq hüququnu dəstəkləyirik. Bununla belə, İsveç baş nazirinin (Ulf Kristersson) dediyi kimi, bir çox insanlar üçün müqəddəs olan kitabı yandırmaq hörmətsizlikdir”, – Prays bildirib. Prays 2010-cu ildə Floridada bir keşişin Qurani-Kərimin yandırılmasını təşkil etməyi planlaşdırdığını xatırladaraq, “Bəzi şeylər çirkin ola bilər” fikrini dilə gətirib: “İsveçdəki insidentin Atlantik okeanı boyunca Avropadakı müttəfiqlərimiz arasında birliyi zəiflətmək üçün qəsdən törədilə biləcəyinin fərqindəyik”, – deyə Prays fikirlərini tamamlayıb.

AĞ EVDƏN BƏYANAT

Ağ Evin sözçüsü Karine Jan-Pierre İsveç Baş naziri Ulf Kristerssonun, “Müqəddəs sayılan bir kitabın yandırılmasının məqsədəuyğun olmadığı” haqda səsləndirdiyi fikirləri dəstəkləyib. Bu davranışı “son dərəcə hörmətsizlik” kimi xarakterizə edib.

Karine Jan-Pierre Finlandiya və İsveçin mühüm addımlar ataraq NATO üzvü olmağa hazırlaşdığına diqqət çəkib. Bunun Avropanın təhlükəsizliyi üçün yaxşı olacağını bildirib. Digər tərəfdən, Jan-Pierre Türkiyənin etibarlı tərəfdaş olduğunu xatırladıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*