Bayden tək bu faktora görə Azərbaycanı Rusiyadan qorumağa çalışacaqbackend

Bayden tək bu faktora görə Azərbaycanı Rusiyadan qorumağa çalışacaq

Surxay Atakişiyev

Bu gün ictimai fikri məşğul edən məsələlərdən biri də yeni formalaşan Co Bayden kabinetinin Cənubi Qafqaz siyasətinin perspektivləridir. Son günlər bununla bağlı mətbuatda müxtəlif fikirlər səslənir, narahatlıqlar ifadə olunur. Amma mənim qənaətimcə bu məsələdə ciddi narahatçılığa əsas yoxdur.

Birincisi, ABŞ-ın 2021-ci il üçün xarici siyasətinin prioritetləri elan edildi. Prioritetlərdə Cənubi Qafqazın adı belə keçmir.

İkincisi, ABŞ xarici siyasətini maksimum dərəcədə ictimai rəyə uyğun qurur. Bu gün dünyanın ictimai fikrində Cənubu Qafqaz məsələsi müzakirə edilmir. Olsa-olsa fərdi yanaşmalar olur. O da ki təsadüfi hallarda. Amma “The Washington Post”, “The New York Times” və digər populyar nəşrlər son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı ümumiyyətlə, heç nə yazmır. Halbuki Ağ evdə kiminsə dişini qurtlamaq istəməsindən ilk öncə bu nəşrlərin xəbəri olur. Bu və digər nəşrlər bir növ Vaşinqtonun indikatorudur. Ağ evdəkilərin hansı əhval-ruhiyyədə olduğunu ilk bu mətbu orqanları bilir. Hələlik, bu nəşrlər də susur.

Üçüncüsü, ABŞ-ın xarici siyasətində hec zaman radikal dəyişiklik edilmir. Kardinal təşəbbüslər də çox zaman yarımçıq qalır. Son 10 ildə ABŞ-ın Azərbaycana münasibətinda heç bir dəyişiklik sezilmir .Və yəqin ki, yaxın 5 ildə də əvvəlki siyasət davam etdiriləcək.

Dördüncüsü, ABŞ-ın Cənubi Qafqaza, konkret olaraq Azərbaycana münasibəti Rusiyaya qarşı həyata keçirilən siyasət fonunda formalaşır. Yəni nə qədər ki, ABŞ Rusiya ilə düşməndir, o qədər də Bakı Vaşinqtona lazımdır. Ən azından əvvəlki münasibətlər qorunub saxlanılacaq. Bu prizmadan da baxanda Co Baydenin Cənubi Qafqazla bağlı hansısa yeni bir layihəsi olduğunu düşünmürəm.

Beşincisi, Vaşinqtonun Azərbaycana qarşı münasibətləri bir qədər də ABŞ-Türkiyə münasibətlərindən asılıdır. Yəni Vaşinqton-Ankara münsibətləri nə qədər isti olsa, bu, Bakı üçün bir o qədər sərfəlidir. Nəzərə alaq ki, son 20 ilin təcrübəsi göstərdi ki, bu iki dövlət arasında ən soyuq münasibət Donald Tramp hakimiyyəti dövründə oldu. Co Baydenlə Trampın baxışları arasında antoqonist ziddiyyətlər var.

  • Ona görə də Ağ evin Ankara üçün hansısa sürpriz hazırladığı ağlabatan deyil. Çünki həm Türkiyə, həm də Azərbaycan ABŞ və Avropanın hazırda açıq-gizli müharibə apardığ İranın və Rusiyanın qonşularıdır. Təkcə bu faktor kifayət edir deyək ki, ABŞ-ın Türkiyə və Azərbaycanla bağlı siyasətində heç bir neqativ dəyişiklik olmasın. Əksinə, ABŞ və Avropa yenidən Ankara və Bakı ilə münasibətləri daha da gücləndirməyə çalışacaq. Necə ki, artıq Avropadan Türkiyəyə yeni dostluq mesajları gəlməkdədir. Fransa prezidenti Emmanuel Makronun Rəcəb Tayyib Ərdoğana son məktubu bunun əyani sübutudur.  Baxmayaraq ki, Fransa Ermənistanı bütün vasitələrlə və sona qədər müdafiə etdi. Lakin heç nəyə nail olmadı. Və Türkiyənin və dolayısı ilə Azərbaycanın qarşısından geri çəkildi, ağ  bayraq qaldırdı.

Əgər indiki halda ABŞ və Avropa Türkiyəyə və Azərbaycana (nəzərə alaq ki, son vaxtlarTürkiyə ilə Azərbaycan dünyanın qarşısına bir dövlət kimi çıxır) qarşı soyuq münasibət sərgiləyərsə, bu, ilk növbədə Rusiya və İranın işinə yarayar. Ən pis halda Türkiyə və Azərbaycan ABŞ və Avropadan üz döndərəcək və İranla Rusiya illə yeni ittifaq quracaq. Bu ittifaqsa ABŞ və Avropanın kabusuna çevrilə bilər. Nəticədə Avropanın şərq hissəsi və  Asiya isə bütövlükdə  ABŞ və Qərbi Avropanın təsir dairəsindən çıxar. Ona görə də indiki vaxtda bizə nə ABŞ-dan, nədə ki, Avropadan real təhlükə yoxdur. Ən azından yaxın 5 il üçün.

Ən nəhayət, ən əsas və vacib faktor. Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi paya sahibdir. İtaliya, Yunanıstan, Bolqarıstan və digər cənubi Avropa dövlətləri Bakı nefti və qazı ilə ayaqda qalırlar. Üstəlik, Azərbaycan indiki vaxtda Rusiya təbii qazının Avropa bazarındakı əsas rəqibidir. Bu günlərdə TAP layihəsi istismara verildi. Üstəlik, Azərbaycan Türkmənistanla Xəzər dənizinin karbohidrogen ehtiyatlarının birgə istismarı barədə anlaşma memorandumu imzaladı. Bu isə yaxın gələcəkdə zəngin təbii qaza malik Türkmənstanın Avropaya çıxışı üçün böyük perspektivlər vəd edir.

Ən əsası Avropanı təbii qaza görə Rusiyadan asılılıqdan qurtara biləcək tək tranzit və istehsalçı ölkə Azərbaycandır. Azərbaycanın müstəqil siyasət yürütməsi, Rusiya və İranın istəkləri xaricində tranzit layihələr reallaşdırması ABŞ və Avropa üçün çox böyük nəticədir. Deməyim odur ki, Azərbaycan ABŞ və Avropa üçün regionda bir adrenalindir, yaşamaq eşqidir. Ona görə də Ermənistanla Azərbaycanı Ağ Ev heç zaman eyni tərəziyə qoymayacaq.

Bununla belə ictimai fikirdə ABŞ və Avropanın ermənipərəst mövqe sürdürəcəyi narahatlığı var. Lakin ehtimallar da perspektivsizdir.

Birincisi, Böyük dövlətlərin böyük maraqları olur. Böyük maraqlarda və böyük oyunlarda isə Ermənistan heç zaman olmayıb və bundan sonra da olmayacaq. Ermənilər böyük siyasətçilərin hər zaman maşası olub. Maşanınsa istifadə edildikdən sonra atıldığı yeri hər birimiz yaxşı bilirik – ZİBİLXANA.

İkincisi, Ermənistanı heç Fransa sona qədər müdafiə etmədi. Sonuncu dəfə dekabrın 4-də Fransa parlamentinin yuxarı palatası Dağlıq Qarabağın müstəqilliyini tanımaq və Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək məqsədi ilə qərar qəbul etdi. Lakin Fransa hökuməti bu sənədi dəstəkləməyə cürət etmədi. Və bundan bir ay sonra Ankaraya sevgi dolu məktub göndərildi. Nəzərə alaq ki, Makron Ərdoğana məktubu Baydenin inaqurasiyasından həmən sonra yazdı. Bəllidir ki, Yelisey sarayında asqıranda da Ağ Evin üzünə baxır.

Üçüncüsü, ABŞ 10 noyabr anlaşmasını tanıdı. Bundan sonra yenidən Qarabağ məsələsini ATƏT Minsk qrupunun gündəliyinə çıxarması və 5 ay əvvəlki status kvonu bərpa etməyə çalışması inandırıcı görünmür. Çünki bu, perspektivi olmayan bir addım olar.

  • Nəzərə alaq ki, Minsk qrupu həmsədrlərinin bölgəyə son səfəri biabırçılıqla sonlandı. Azərbaycan Prezidenti açıq şəkildə dedi ki, “Mən sizi Bakıya dəvət etməmişəm. Mənim köməkçilərim dedilər ki, həmsədrlərin Sizə deyiləsi sözü var. Mən ona görə sizləri qəbul etdim. Buyurun, sözünüzü deyin”.

İlham Əliyevin bu qətiyyəti qarşısında aciz qalaraq həmsədrlər suları süzülə-süzülə Bakıdan getdilər. Və bundan sonra geri dönüşləri də mümkün görünmür. Çünki Azərbaycan Prezidentinin təbiri ilə desək, problem artıq həll olunub. Minsk qrupuna artıq görüləsi iş qalmayıb.

Dörsüncüsü, bundan sonra ABŞ ən yaxşı halda Ermənistana maddi və mənəvi dəstək ola bilər. Azadlığa dəstək adı ilə Ermənistana 50-60 milyon dollar yardım edə bilər. Birdə olsa-olsa, arada-sırada mətbuat konfranslarında erməni mövqeli suallara təbəssüm dolu cavablar verə bilərlər. Vəssalam…

Demirəm ki, ABŞ bizdən qorxur. Əsla. Sadəcə Azərbaycan Ermənistandan daha çox ABŞ-a və Avropaya lazımdır. Çünki böyük siyasətdə daimi dostlar olmur, daimi maraqlar olur.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*