Bazarda “qiymət müharibəsi” – Çin maşınları niyə rekord həddə ucuzlaşır?backend

Bazarda “qiymət müharibəsi” - Çin maşınları niyə rekord həddə ucuzlaşır?

Çin avtomobilləri xeyli ucuzlaşıb. Bir neçə ay ərzində Çin avtomobillərinin qiymətində kəskin eniş müşahidə olunur. Bəs, son aylarda Çin avtomobillərinin qiymətində müşahidə olunan ucuzlaşmanın əsas səbəbləri nələrdir?

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev KONKRET.az-a açıqlamasında bildirib ki, son aylarda Azərbaycanda Çin istehsalı avtomobillərin qiymətlərində müşahidə olunan ucuzlaşma müxtəlif amillərlə bağlıdır.

Eyyub Əliyevə yeni vəzifə verildi Yeni Sabah

“Hazırda ölkəyə gətirilən Çin avtomobillərinin 70 faizdən çoxu qeyri-rəsmi idxalçılar, yəni alverçilər tərəfindən gətirilir, yalnız 30 faizi isə rəsmi dilerlər vasitəsilə, birbaşa zavoddan və zəmanətlə satılır.

“Qeyri-rəsmi idxalçılar arasında rəqabət o qədər güclənib ki, bazarda “qiymət müharibəsi” başlayıb. Bu isə günü-gündən qiymətlərin enməsinə səbəb olur. Eyni zamanda, bəzi elan saytlarında və reklam platformalarında sifariş əsasında gətirilən avtomobillərin ucuz qiymətlə təqdim edilməsi alıcıda yanlış təəssürat yaradır”.

Ekspert qeyd edib ki, bəzi Çin modellərinin istehsalı dayandırılıb və onların qiyməti istehsalçı ölkədə də aşağı düşüb. Bundan başqa, Çində dövlət subsidiyaları daxili bazarda avtomobillərin ucuz satılmasına şərait yaradır.

“Buraxılış ili də qiymətə təsir edir. 2023–2024-cü ilin avtomobilləri 2025-ci ilin buraxılışına nisbətən daha ucuz olur. Kənardan baxanda qiymətlərin ucuzlaşdığı görünür, amma prosesin arxasında çoxsaylı səbəblər dayanır”, – deyə Əliyev vurğulayıb.

O, bildirib ki, Çin avtomobillərinin ucuzlaşması təkcə yerli bazara deyil, digər ölkələrdən idxal olunan modellərə də mənfi təsir göstərir. Bu, digər markalara olan marağı azaldıb, ikinci əl bazarını isə demək olar ki, sıradan çıxarıb.

Eyyub Əliyevin sözlərinə görə, ikinci əl avtomobillər hazırda dəyərindən 40–45 faiz ucuz təklif olunur.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*