Xaricdə yaşayan ictimai fəal Beydulla Manafov Baş Prokurorluğa çağırılıb.
KONKRET.az-ın “Teleqraf”a istinadən xəbərinə görə, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən Beydulla Manafova Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
Məlumatda cinayət prosesini həyata keçirən orqanın adı və ünvanı qeyd olunub.
Təqsirləndirilən şəxs 1947-ci il təvəllüdlü Beydulla Ənvər oğlan Manafovdur.
Ona izah edilir ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 20 noyabr 2025-ci il tarixdə 14:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Azərbaycanın Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inzibati binasına gəlməlidir.
Təqsirləndirilən şəxsə münasibətdə ittihamın mahiyyəti ondan ibarətdir ki, 25200606 saylı cinayət işi üzrə 26 fevral 2025-ci il tarixdə Beydulla Manafovun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaq orqanından qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı həmin tarixdə axtarış elan edilib.
Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Həmin qərara əsasən, Beydulla Manafov jurnalist Sevinc Osman qızı Mirzəyeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməklə 2 sentyabr 2023-cü il və 13 yanvar 2024-cü il tarixlərində Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar edilməsinə, bu cür məzmunlu video materealları qrup üzvü Sevinc Mirzəyeva vasitəsilə qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi youtube internet portalında “Sevinc Osmanqızı TV” adlı kanalı vasitəsilə ilə yayılmasına, habelə qeyrisi ilə əlbir olan qrup şəxs halında birləşərək 24 avqust 2024-cü il tarixində aşkar sürətdə Azərbaycan xalqının milli ləyqaətinin alçaldılmasına yönələn hərəkətlər etməsinə və qabaqcadan qeyrisi vasitəsi ilə “AzerFreedom TV Qarabağ” adlı kanalda yeni internet informasiya resursunda yayılmasına əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən şəxsə izah edilir ki, Cinayət-Prosessual Məcəlləsinin 467-13.3-cü maddəsinə əsasən ibtidai istintaqda iştirak etmək, özünün seçimi əsasında müdafiəçi ilə təmin olunmaq və digər prosessual qaydalara malikdir. Müdafiəçidən istifadə etdiyi halda onunla bağlı məlumatları istintaq orqanına göndərməlidir.
Qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Beydulla Manafova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
