Son zamanlar erməni separatçılarının hətta onlara ərzaq daşıyan Rusiya sülhməramlılarının kolonunun qarşısını kəsərək hücum etməsi diqqətdən yayınmır. Separatçıların sülhməramlılara qarşı bu cür addımlarının nədən qaynaqlandığı isə maraq doğurur. Bəs görəsən Rusiya tərəfi bu kimi təxribatlara qarşı hansı səbəblərdən göz yumur və heç bir əməli tədbir görmür?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, baş verən proseslər erməni separatçılarının narahat olduğunu göstərir: “Separatçılar artıq rusların da onları qoruya bilməyəcəklərini anlayırlar. Ona görə də, qanuna tabe olmağa və ya Azərbaycan ərazilərini tərk etməyə məcbur qalacaqlarını bilirlər. Artıq rəsmi Bakı da bu barədə xəbərdarlıq edib. Arayik Arutyunyan öz açıqlamasında bunu dilə gətirib. Qarabağdakı ermənilər ya Azərbaycana inteqrasiya etməli, ya da rəsmi Bakının atacağı digər addımlara hazır olmalıdırlar. Digər addımlar dedikdə isə hərbi güc nəzərdə tutulur. Ermənilər xoşluqla qanunlarımıza tabe olmasalar, o zaman Azərbaycan hərbi güc tətbiq edərək həmin əraziləri öz yurisdiksiyasına qaytaracaq. Ermənilərin son təxribatlarından sonra bu məsələ daha da aktuallaşıb.
Politoloq əlavə edib ki, rəsmi Bakı hər dəfə separatçıların hərbçilərimizə qarşı hücumlarına səbrlə yanaşmayacaq: “Bu məsələnin birdəfəlik həll yolunu tapmaq lazımdır. Əslində bir-iki saatlıq antiterror əməliyyatı ilə Azərbaycan Silahlı Qüvvələri həmin əraziləri öz nəzarətinə keçirə bilər. Biz öz ordumuzdan yaxın zamanlarda bu addımın atılmasını gözləyirik”.
Müşviq Tofiqoğlu,
KONKRET.az