“Regionda sabitliyi pozmaq üçün hər cür təxribata əl atan Ermənistan indi də İrəvanda mitinqlərə başlayır. Sabah start veriləcək çoxminli mitinq iştirakçılarının tələbi aydındır. Açığı, bu, Ermənistanın yaratdığı növbəti siyasi qalmaqaldır. Qarabağın əldən getməsilə barışa bilməyənlər, soydaşlarının “acından ölməsi”ndən narahat olanlar sabah İrəvan küçələrinə çıxacaqlar. Bununla da Ermənistan dünya birliyinə çatdırmaq istəyir ki, onlar hələ sülhə hazır deyillər və Paşinyan fərqli mövqe tutur”.
Bunu KONKRET.az-a açıqlamasında politoloq Tural Əliyev deyib.
Bildirib ki, Ermənistanda bu mitinqlərin anonsu əvvəlcədən verilirdi.
“Qarabağda baş verən humanitar şou, ardınca qondarma rejim daxilində parçalanmalar və dünya ermənilərinin mitinqləri, ayrı-ayrı ölkələrdə Azərbaycan səfirliklərinə qarşı hücumlar, aksiyaların təşkili – bütün bunlar yenidən Ermənistan daxilində, Qarabağ məsələsi ətrafında birləşməyi nəzərdə tutur. Ermənistanda bu günə qədər yalançı və saxta ideologiya hökm sürür. Bunların saxta ideologiyalarından biri Qarabağın erməni torpağı olması və Ermənistana birləşdirilməsidir. Artıq Qarabağdan əllərini üzüblər. Amma müəyyən ümidləri də qalıb. Ayrı-ayrı lobbi təşkilatları vasitəsilə yerli hakimiyyətlərə təsir, Azərbaycana təzyiq etmək, Laçın yoluna beynəlxalq idarəçiliyi gətirmək və yenə də köhnə fikirlərinə qayıtmaq niyyətindədirlər. Amma bunlar baş vermir, çünki regionda tamam başqa geosiyasi mənzərə formalaşıb. Azərbaycanla artıq güc dili ilə danışmaq mümkün deyil. Diplomatik məkanda da uduzurlar”.
Politoloq bir məqama da diqqət çəkib ki, mitinqlər başlamamış artıq təxribatlar baş verib.
“Səhər saatlarında sərhəddə Ermənistan yenidən təxribat törədib. Erməni mətbuatı yazır ki, iki əsgəri ölüb. Çalışacaqlar ki, belə təxribatlarla sərhəddə gərginlik yaratsınlar və bununla da Qarabağ məsələsinə təsir göstərsinlər və Azərbaycanı təcavüzkar siyasətdə ittiham etsinlər. Bunlar hamısı bir-birilə bağlı məsələlərdir və bir neçə mərkəzdən idarə olunur. Ermənistan artıq sübut etdi ki, sülh istəmir və Paşinyan hakimiyyəti də əvvəldən bu müqaviləni bağlamağı özünün hakimiyyətinə təhdid bilir. Çox yaxşı anlayır ki, sülh müqaviləsi bağlanarsa, onun hakimiyyətinə daha böyük təzyiqlər və təhdidlər başlayacaq.
Ona görə də humanitar şou yaratmaqdan başqa yolu qalmayıb. Bundan bir nəticə əldə edə bilmədikdə isə sərhəddə təxribatlar törətməklə yenidən sülh prosesini dalana istiqamətləndirir. Ona görə də separatçıların daxilində baş verən parçalanmalar və qondarma rejimdə gələcəklə bağlı artıq şübhələr var. Bütün bunları ört-basdır etmək və qondarma rejimi ayaqda saxlamaq üçün bu addımlar atılır. Bununla beynəlxalq güclərin köməyi ilə status kvonu saxlamağa çalışırlar. Amma bu baş verməyəcək. Əgər Paşinyan sülh müqaviləsi imzalamasa və hələ də Qarabağdan qanunsuz silahlı birləşmələr çıxarılmasa, bölgədə vəziyyət daha da gərginləşəcək. Bu da Ermənistan hakimiyyətinə böyük təhlükə vəd edir”‘ – deyə politoloq fikrini tamamlayıb.
Vəli Həsənov,
KONKRET.az