Bir müddət əvvəl boşanmış şəxs ona qarşı qaldırılan əmlak iddiasından narazıdır. O, başına gələnləri belə anladıb:
“Ailə qurandan 2 ay sonra atam özünə aldığı maşını iki il etibarnamə ilə sürdükdən sonra mənim adıma keçirib. Lakin daha sonra “texpasport” (Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi) ilə yenə özü sürürdü. Mən boşanma ərizəsi verməzdən 1 ay əvvəl maşını bibim oğluna satmışam, “texpasport” da onun adına keçib. İndi isə boşandığıma görə, əmlak (maşın) iddiası qaldırılıb”.
Belə olan halda şəxsin əmlakı tərəflər arasında bölünməlidirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirir ki, şəxsin atası ona nikahda olduğu zaman avtomobili hədiyyə edibsə, bu hədiyyəni təsdiq edən faktlar mövcuddursa, həmin əmlak bölünmə predmeti hesab oluna bilməz.
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, ər və arvadın birgə nikah dövründə əldə etdiyi əmlak onların birgə əmlakı hesab olunur. Bu əmlak nikah aktının pozulmasından sonra üzərində paylar müəyyən olunmaqla bölünə bilər. Bölünməyən əmlaklar o əmlaklardır ki, vərəsəlik qaydasında tərəflərə keçib və tərəflər onu hədiyyə formasında əldə edib. Bu əmlakların nikahların pozulmasından sonra hər hansı şəkildə bölünməsi yolverilməzdir. Şəxsin atası ona nikahda olduğu zaman avtomobili hədiyyə edibsə, bu hədiyyəni təsdiq edən faktlar mövcuddursa, həmin əmlak bölünmə predmeti hesab oluna bilməz”.
O həmçinin vurğulayıb ki, şəxsə verilmiş etibarnamə sonradan texniki pasportla əvəz olunduğu üçün, burada hər hansı pul verib alma məsələsi yoxdur, bu əmlak bölgü predmeti hesab olunmayacaq:
“Eyni zamanda bir müddətdən sonra onun adına keçirilmiş texniki pasport mülkiyyəti təsdiq edən şəhadətnamə hesab olunur. Həmin əmlak bölgü predmeti hesab oluna bilməz. Burada vəziyyət sürüşkəndir. Çünki tərəflərin (ər və arvad) gəlirləri varsa, bununla bağlı məhkəmədə təsdiqlənməlidir ki, bu əmlak (avtomobil) onların birgə fəaliyyəti nəticəsində əldə olunan əmlakdır. Nəticə etibarilə həmin avtomobilin satılaraq məbləğin tərəflər arasında bərabər bölünməsi təmin edilə bilər. İndiki halda hesab edirəm ki, şəxsə verilmiş etibarnamə sonradan texniki pasportla əvəz olunduğu üçün, burada hər hansı pul verib alma məsələsi yoxdur, bu əmlak bölgü predmeti hesab olunmayacaq”.
Aygün Mirakif
KONKRET.az