“Böyük Qayıdış proqramının hər iki mərhələsi bu prinsiplər əsasında reallaşdırılır” – ŞƏRHbackend

"Böyük Qayıdış proqramının hər iki mərhələsi bu prinsiplər əsasında reallaşdırılır" - ŞƏRH

44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazandığımız parlaq Zəfərimizdən sonra işğaldan azad edilən torpaqlarımızda Böyük Qayıdış üçün Qarabağın hər guşəsində sürətlə quruculuq işləri davam etdirilir.

İşğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma prosesi sürətli, sistemli və planlı şəkildə aparılır. Artıq bu istiqamətdə bir çox əməli addımlar atılıb, şəhərlərin və kəndlərin baş planları tərtib edilib.

Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası və böyük qayıdışın təmin olunması üçün 16 noyabr 2022-ci il tarixdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı 2022-2026-cı illəri əhatə etməklə qarşıya çox ciddi tapşırıqlar qoyub.

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması da bu nəhəng tarixi hadisənin ən mühüm tərkib hissəsidir. İşğaldan azad edilmiş ərazilərimizdə bütün şəhərlərin, kəndlərin, infrastrukturların, tarixi, mədəni və dini abidələrin barbarcasına dağıdılması, torpaqların kütləvi şəkildə minalaşdırılması, meşələrin yandırılması, çayların çirkləndirilməsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun bütün əhalisinin öz doğma yurd-yuvalarına dərhal və hamılıqla dönməsinə böyük əngəl yaratdı.

Amma parlaq zəfərimizdən cəmi 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli, Cəbrayıl rayonlarına səfər etməsi bu prosesin sürətlə aparılacağından xəbər verdi. Elə həmin gün dövlət başçımız Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verməklə, Qarabağ iqtisadi rayonunda quruculuq işlərinə başlanılmasının əsasını qoydu.

Dövlət başçımızın dediyi kimi 44 günlük müharibədən sonra Azərbaycan dünyaya yenidən doğuldu. Özünü dünyaya tam fərqli formada təqdim etməyə başladı.

Mövzunu politoloq Taleh Əliyev KONKRET.az-a şərh edib:

Bu Azərbaycanın qətiyyətli və doğru qərarı idi”

“Bu il Azərbaycanın tarixi Zəfərinin, 44 günlük Vətən müharibəsində qazanılan qələbənin 5-ci ili ölkədə təntənə ilə qeyd olunur. İşğaldan azad olunan torpaqlarda həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində genişmiqyaslı bərpa və quruculuq işləri davam edir.

Azərbaycan hökuməti, Prezident İlham Əliyevin rəhbərliyi ilə, artıq keçmiş Dağlıq Qarabağ və işğaldan azad olunmuş 7 rayonda – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçında infrastruktur layihələrini uğurla başa çatdırır. Ən önəmli nailiyyətlərdən biri yol və hava nəqliyyatı infrastrukturunun yenidən qurulmasıdır. Artıq bölgədə Füzuli, Zəngilan və Laçın hava limanları istifadəyə verilib. Bununla yanaşı, Kəlbəcər-Laçın istiqamətində strateji yol qovşağı da inşa olunub”.

Politoloq qeyd edib ki, Ağdam və Cəbrayıl ərazilərində sənaye parklarının yaradılması, bölgədə iqtisadi həyatın bərpası və iş yerlərinin açılması baxımından mühüm addım hesab olunur.

“Füzuli, Cəbrayıl, Xankəndi və Şuşa şəhərlərində həyat yenidən canlanır. Artıq keçmiş məcburi köçkünlərin bir qismi doğma yurdlarına qayıdıb. Zəngilanın Ağalı kəndi və Laçın rayonunun bir neçə kəndi Böyük Qayıdış proqramının ilk mərhələsində sakinlərini qarşılayan ilk yaşayış məntəqələrindən olub.

Prezidentin sərəncamı ilə 2027–2030-cu illəri əhatə edəcək “Böyük Qayıdış” proqramının ikinci mərhələsi hazırlanıb və həyata keçirilməyə başlanıb. Bu mərhələdə daha çox yaşayış məntəqəsinin bərpası və keçmiş köçkünlərin geri dönüşü hədəflənir”.

Ekspert əlavə edib ki, Böyük Qayıdış proqramının hər iki mərhələsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl iqtisadiyyat” prinsipləri əsasında reallaşdırılır.

“Bu strategiya Azərbaycanın ümumi dayanıqlı inkişaf modelinə əsaslanaraq, gələcəkdə ölkənin digər regionlarına da tətbiq ediləcək.

Beləliklə, beş il əvvəl qazanılan Qələbə bu gün Azərbaycanın bərpa, yenidənqurma və sabaha inam strategiyasının əsas sütununa çevrilib”.

Aynurə İsmayıl

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*