Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində otuz iki əvvəl Xankəndi şəhərindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüş keçirilib.
KONKRET.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik səyləri nəticəsində üç il əvvəl 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzur torpaqlarının Ermənistanın işğalından azad edildiyi, həmin ərazilərdə qalan erməni birləşmələrinin və qondorma qurumun isə bu il sentyabrın 19-20-də az müddətdə icra edilən antiterror tədbirləri sayəsində tamamilə ləğv olunduğu böyük razılıq və qürur hiss ilə xatırladılıb. Hazırda bölgədə Ermənistan silahlı qüvvələrinə və terrorçu dəstələrə məxsus silahların müsadirəsi prosesi aparılır, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən ermənilərin könüllü və təhlükəsiz şəkildə ölkəmizdən çıxmasına şərait yaradılır.
Yeni yaranmış situasiyada tezliklə Böyük Qayıdışın Xankəndinin məcburi köçkün olan azərbaycanlı əhalisini də əhatə edəcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, məcburi köçkünlüklə üzləşən bütün həmvətənlərimiz kimi xankəndililər də daim dövlətimizin himayəsində olublar.Böyük Qayıdış proqramı üzrə tədbirlərin sürətlə həyata keçirilməsi istiqamətində məqsədyönlü iş aparılır, məcburi köçkünlər mərhələli şəkildə doğma yurda dönürlər. Xankəndidən olan məcburi köçkünlərin də bu prosesə qoşulacağı gün uzaqda deyildir.