Braziliya Prezidenti Luiz İnasio Lula da Silva xüsusi reyslə Moskvaya gəlib. Onun təyyarəsi bu gün Moskvanın Vnukovo hava limanında eniş edib. Bu barədə Rusiyanın rəsmi KİV-ləri məlumat yayıb.
KONKRET.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov da Silvanın Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini təsdiqləyib. Görüşün gündəmində Ukraynadakı müharibənin diplomatik yollarla həllinə dair təşəbbüslər dayana bilər.
Qeyd edək ki, da Silva mayın 9-da Moskvada keçirilən hərbi paradda iştirak etmiş, daha sonra isə Çinə səfər etmişdi. Çin səfəri zamanı o, mediaya açıqlamasında bildirmişdi ki, Putini İstanbulda Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlara razı salmağa çalışacaq.
Braziliya mediası daha əvvəl yazmışdı ki, Lula da Silva Ukrayna müharibəsinin dayandırılması istiqamətində vasitəçi kimi çıxış etmək niyyətindədir. Görünən odur ki, o, bu təşəbbüsü gerçəkləşdirmək üçün Moskvaya geri qayıdıb.
Natiq Səlim,
KONKRET.az