Brüssel görüşü: Rusiya masadan qovulur?backend

Brüssel görüşü: Rusiya masadan qovulur?

ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 15 dekabrda Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq. Siyasi dairələrdə dolaşan mülahizələrə görə, Avropa ATƏT-in Minsk qrupunu fəallaşdırmaqla yanaşı, Rusiyanı danışıqlar masasından uzaqlaşdırmaq istəyir. 

Bu ehtimal nə dərəcə doğrudur?

Avropa Qarabağ münaqişəsinin həllində təşəbbüsü ələ ala bilərmi?

Rusiyanı proseslərdən uzaqlaşdırmaq mümkün olacaqmı?

KONKRET.az-ın məlumatına görə, yenisabah-la fikirlərini bölüşən Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirib ki, əlbəttə, belə bir cəhd var və bunu nə Avropa Birliyi (AB), nə də ATƏT-in digər həmdsədr dövlətləri (ABŞ və Fransa – red.) təkzib etmir:

“Bildiyiniz kimi, ABŞ və Fransa yenidən regiona qayıtmaq və prosesdə iştirak etmək istəyirlər. Onların düşüncəsinə görə, Qarabağ problemi, məhz ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri çərçivəsində həll olunmalı və eyni zamanda Azərbaycan və Ermənistan arasında olan gərginlik və digər məsələlər – müharibənin nəticələri bilavasitə, məhz ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri çərçivəsində həll olunmalıdır.

Bu əlbəttə ki, ATƏT-in, ABŞ-ın və AB-nin istəkləridir. Ancaq bunu həyata keçirmək mümkün olacaqmı? Bunun həyata keçirilməsinin mümkünlüyü üçün hər iki dövlətin, yəni Ermənistan və Azərbaycanın razılığına ehtiyac var. Burada da problemlər var. Söhbət ondan gedir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Qarabağla bağlı problemin həllində iştirakını Azərbaycan istəmir. Niyə? Çünki Azərbaycan bəyan edir ki, Azərbaycan 44 günlük Vətən Müharibəsi çərçivəsində ərazi bütövlüyünü təmin edib və bununla da problem həll olunub. Sadəcə Azərbaycanın erməni vətəndaşlarının tədricən Azərbaycan dövlətinə və cəmiyyətinə inteqrasiyasından söhbət gedə bilər. Qaldı ki, digər məsələlərə, Azərbaycan burada da konkret olaraq ATƏT-in və AB-nin hansı şəkildə fəaliyyət göstərəcəyi ilə bağlı müəyyən sualları var”.

Politoloq onu da vurğulayıb ki, söhbət istər AB, istərsə də ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətlərinin, yalnız humanitar sahədə fəaliyyətindən gedir:

“Ancaq bu məsələdə də problemlər var, çünki humanitar hüquq çərçivəsində digər həmsədr dövlətlər Azərbaycandan təcili qaydada hərbi əsir olmasalar belə, bütün hərbi əsirlərin qaytarılmasını tələb edərkən, çox maraqlıdır ki, humanitar hüququn tərkib hissəsi olan ərazilərin minalanması məsələsində nədənsə, Ermənistanın qaşrısında heç bir tələb qoymadılar.

Bu 28 il ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi dövründə necə birtərəfli yanaşma, yəni Ermənistandan yana fəaliyyət ortaya qoydularsa, bu günün özündə də yenə Ermənistandan yana münasibət qoymaqdadırlar ki, bu da əlbəttə ki, Azərbaycnaın maraqlarına uyğun deyil və bu cür fəaliyyət sferası Azərbaycan üçün arzuolunan deyil. Bax, problem buradadır. Ona görə də, Azərbaycan da istəmədikcə nə ATƏT-in Minsk qrupunun bu prosesə ciddi mənada, istər Qarabağın statusunun, istər Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşməsi, istərsə də kommunikasiyaların açılması məsələsində bu təşkilatın birmənalı olaraq həlledici mail olaraq iştirakı qeyri-mümkündür”.

Mütəxəssis açıqlayıb ki, o ki qaldı konkret Rusiyaya, Moskvanı prosesdən təcrid etmək mümkün deyil:

“Niyə? Çünki bu müharibəni dayandıran Rusiyadır. Məhz Rusiyanın ciddi- cəhdlə ortaya öz ağırlığını qoyması, 10 noyabrda iki dövlət arasında atəşkəs bəyannaməsinə gətirib çıxardı. Bu günün özündə 16 noyabrda Ermənistan ordusunun təxribatlarına adekvat cavab verən Azərbaycan Ordusu, erməniləri növbəti dəfə böyük itkilərə – həm canlı, həm ərazi baxımından itkilərə məruz qoyarkən, yenə də Rusiya növbəti böyük müharibənin, hərbi eskalasiyanın qarşısını aldı. Ona görə də, bu məsələdə Rusiyanı oyundan kənar vəziyyətdə qoymaq mümkün deyil.

Ayrıca, sərhədlərin müəyyənləşməsi prosesi hər hansı bir ATƏT və yaxud Avropa çərçivəsində həll olunacaq məsələ deyil. Çünki ümumi razılıq var ki, SSRİ dönəmində mövcud olan coğrafi xəritələr əsasında bu sərhədlərin əvvəlcə ayırma xətti – demarkasiya, sonra xəritələrin tərtibi – delimitasiya prosesi getməlidir. Bu məsələdə də, yenə də həlledici geosiyasi amil, məhz Rusiyadır”.

“Ona görə də, düşünürəm ki, bu cəhd o qədər də uğur qazanmayacaq, sadəcə olaraq növbəti dəfə bir növ Ermənistan bu addımıyla Rusiyaya göstərmək istəyir ki, Ermənistan alternativsiz deyil, əgər Ermənistana istədiyi yardımı Rusiya etməzsə, əlbəttə ki, Ermənistan digər xarici faktorlara, amillərə müraciət edə bilər.

Ona görə də mən Brüssel danışıqlarından ciddi nəticələr gözləmirəm. Ayrıca Brüssel danışıqlarına qədər, Rusiyanın moderatorluğu ilə üçtərəfli görüşün təmin olunacağına inanıram”, – deyə N. Miri fikirlərini tamamlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*