Ekoloji təhlükəsizliyin, eləcə də tarazlığın təmin edilməsi üçün ətraf mühitin mühafizəsi xüsusilə diqqət mərkəzində olmalıdır. Unutmaq lazım deyil ki, ekoloji şərait məhz insan cəmiyyətinə, yer üzünün bütün insanlarına, eləcə də fauna və floraya, ümumilikdə, planetimizə öz təsirini göstərməkdədir və heç də təsirsiz ötüşmür. Elə buna görə də ekologiyanın və ətraf mühitin mühafizəsi bəşəriyyətin ən aktual məsələlərindən hesab olunur.
Heç şübhəsiz ki, insan cəmiyyəti inkişaf etdikcə, insanların sayı artdıqca, ətraf mühitə olan təsirlər də artır. Çünki insanların sayı artdıqca, tələbat böyüdükcə, təbii sərvətlərin istismarı da artır və bu səbəbdən də tullantıların həcminin artması məsələsi də ortaya çıxır. Bu şəkildə artım və həmin artımın qarşısının alınmaması isə ətraf mühitin getdikcə daha artıq dərəcədə çirklənməsinə gətirib çıxara bilər. Məhz bunun, bu artımın qarşısının alınması artıq bütün dünyanı düşündürməyə bilməz. Ona görə ki, tullantıların həcminin durmadan artması ilk növbədə, ətraf mühitin çirklənmə səviyyəsinin də artmasına səbəb olur və bu da ümumilikdə, insan cəmiyyətinə, onun yaşayışına, sağlamlığına mənfi təsirlərin daha da artması deməkdir və bu məsələnin diqqətdə saxlanılması ən aktual məsələ olaraq bütün dünyanın diqqətindən elə buna görə yayınmır.Ölkəmizdə həyata keçirilən genişmiqyaslı yaşıllaşdırma kampaniyaları, ətraf mühitə zərərli tullantıların azaldılması istiqamətində görülən tədbirlər və alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi respublikada ekoloji mühitin sağlamlaşmasına mühüm təsir göstərib. Müasir dünyada ekoloji problemlərin daha da kəskinləşməsi fonunda Azərbaycanın bu sahədə atdığı addımlar xüsusi əhəmiyyət kəsb edir.
Çin və Hindistan kimi böyük ölkələrin şəhərlərində havanın və suyun çirklənməsi böhran həddinə çatdığı bir dövrdə qlobal istiləşmənin sürətlənməsi də atmosferdəki zərərli qazların artması ilə əlaqələndirilir. Bu səbəbdən ekologiyanın qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən olunub və son illər bu istiqamətdə işlər daha da intensivləşdirilib.
Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynovun KONKRET.az-a bildirdiyinə görə, ekosistemlərin qorunması, ətraf mühitin sağlamlaşdırılması və ekoloji maarifləndirmə hazırda ən vacib məsələlər sırasındadır.

Ekspertin sözlərinə görə, insan fəaliyyəti ekosistemlərə ciddi təsir göstərib:
“Əvvəllər təbiətin bir parçası olan insan, son minillikdə təbiətə qarşı davranmağa başlayıb. Kənd təsərrüfatı, sənaye və urbanizasiya ekoloji tarazlığı pozaraq ciddi nəticələrə səbəb olub. Bu gün artıq planetar miqyasda dayanıqlı inkişaf məsələləri müzakirə olunur.”
Azərbaycanın ekoloji problemləri həm lokal, həm də qlobal səviyyədə diqqət tələb edir. Ən kəskin ekoloji vəziyyət Abşeron yarımadasında müşahidə olunur. Ölkə əhalisinin 70 faizindən çoxunun yaşadığı bu ərazidə əsas çirklənmə mənbələrini neft-qaz hasilatı və tullantılar təşkil edir.
– Lay sularının və neft tullantılarının torpağa axıdılması nəticəsində 33 min hektar ərazi yararsız hala düşüb.
– Kanalizasiya sistemlərinin natamamlığı ucbatından hər il 560 milyon kubmetr çirkab su ətrafa axıdılır.
– Bakı buxtasına gündəlik 937 min kubmetr çirkab su daxil olur ki, bunun böyük hissəsi məişət tullantılarıdır.
– Sumqayıt və Suraxanı ərazilərində sənaye və radioaktiv tullantılar uzun illərdir zərərsizləşdirilmədən qalır.
Bu vəziyyət həm ətraf mühit, həm də əhali sağlamlığı üçün ciddi təhlükə yaradır.
Cavid Hüseynov bildirir ki, təbii ehtiyatların tükənməsi, atmosferin çirklənməsi, suyun keyfiyyətinin aşağı düşməsi, biomüxtəlifliyin azalması və torpaqların deqradasiyası əsas problemlərdəndir.
“Bunların həlli təkcə lokal addımlarla mümkün deyil. Ekoloji problemlər beynəlxalq əməkdaşlıq və güclü hüquqi mexanizmlər tələb edir.”
Bu məqsədlə Azərbaycan hökuməti ekoloji qanunvericiliyi genişləndirib. “Ətraf mühitin mühafizəsi haqqında” Qanun, ekoloji standartların tətbiqi, mütəmadi monitorinqlər və qiymətləndirmələr, eləcə də ekoloji təhsilin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Ekspert hesab edir ki, ekoloji problemlərin aradan qaldırılması üçün maarifləndirmə xüsusi rol oynayır:
“Ekoloji mədəniyyət təkcə məktəbdə deyil, ailədə və bütövlükdə cəmiyyətdə formalaşmalıdır. İnsan təbiətə hörmətlə yanaşmağı öyrənməlidir. Əks halda, gələcək nəsillərə yaşana biləcək bir dünya buraxmaq mümkün olmayacaq.”
Azərbaycan üçün ekoloji təhlükəsizliyinin təmin edilməsi uzunmüddətli və kompleks yanaşma tələb edir. Davamlı inkişafın təmin olunması həm dövlətin, həm də vətəndaş cəmiyyətinin üzərinə ciddi öhdəliklər qoyur. Təbiətlə harmoniyanın bərpası və sağlam ətraf mühitin qorunması isə hər bir vətəndaşın gündəlik davranışından başlayır.
Aynurə İsmayıl,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusuna uyğun olaraq dərc edilir.

