Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu dövlət uğrunda mübarizəni strateji məqsəd seçən xalqın ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Azərbaycançılıq milli dövlət ideologiyası kimi, ölkə Konstitusiyasının əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına, eləcə də milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi isə Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. İdeologiya olaraq azərbaycançılıq mühüm funksional elementlərlə zəngindir və bunların da mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına yönəldilib. Qeyd etmək lazımdır ki, hazırda bir çox ölkələrdə siyasi, dini, məzhəb, etnik, mədəni zəmində baş verən münaqişələr nəticəsində daxili sabitliyin pozulduğu, vətəndaş qarşıdurmalarının yaşandığı bir vaxtda Azərbaycan özünün milli birlik modeli ilə daha çox diqqəti cəlb edir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən “Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev bildirib ki, Azərbaycançılıq ideologiyası Azərbaycan SSRİ parçalandıqdan və ölkəmiz müstəqillik qazandıqdan sonra Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə yenidən hakimyyətə gəlməsi, daxildəki qüvvələrin zəiflədilməsi, dövlət müstəqilliyimizinin qorunması istiqamətində formalaşdırılan və bütün milli-etnik birliklərin bu məfkurə ətrafında birləşdirilməsinə xidmət edən ideologiyadır: “Azərbaycançılıq ideologiyası 1995-ci il 12 noyabr tarixində qəbul edilən Azərbaycan Konstitusiyası ilə özünün hüquqi əsaslarını tapıb. Ulu Öndərin birbaşa nəzarəti və rəhbərliyi ilə formalaşdırılan Azərbaycan Konstitusiyası milli-dini, irqi və sosial statusunun fərqinə varmadan bütün insanların qanun qarşısında bərabərliyini, vətəndaşlarımız üçün əsas hədəfin və milli məfkurənin məhz Azərbaycan dövlətinin müstəqilliyinin qorunması olduğunu özündə əks etdirir. Hesab edirəm ki, əsası ümummilli lider tərəfindən qoyulan Azərbaycançılıq ideologiyası həm Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtda, həm də Ulu Öndərin siyasətini uğurla aparan, ona yeni istiqamətlər və çalarlar qatmağı bacaran, ciddi siyasi, iqtisadi, regional və beynəlxalq uğurlar əldə edən İlham Əliyevin Prezidentliyi dövründə özünün yüksək inkişaf mərhələsinə qədəm qoyub”.
Anar Əliyevin sözlərinə görə, Azərbaycançılıq ideologiyasının kökündə tolerantlıq və mültikulturalizm dəyərləri ciddi yerə və rola sahibdir: “Məhz əks siyasi düşüncəyə və dini baxışlara malik insanların vahid ideologiya ətrafında ( milli birlik və dövlət müstəqilliyi) birləşməsinə xidmət edən Azərbaycançılıq ideologiyası bir çox xalqların milli düşüncələrindən fərqlənir. Çünki Ermənistan kimi mənfur qonşumuzun radikal millətçi ideologiyasından fərqli olaraq Azərbaycançılıq ideologiyası fərqli düşüncəyə sahib insanların ideoloji və dini baxışlarına tolerant yanaşmanı ortaya qoyur. Eyni zamanda bütün millətlərin və etnik qrupların milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin qurulması başlıca məqsədə çevrilir. Bu gün Azərbaycanda heç bir milli-etnik ayrı-seçkilik, yaxud dini zəminli fərq yoxdur. Dövlətimizin rəsmi ideologiyası olan Azərbaycançılıq ideologiyası insanları dini, irqi, milli fərqlərinə görə deyil, yalnız sosial keyfiyyətlərinə, qabiliyyət və bacarıqlarına, qazandığı biliklərə görə dəyərləndirir. Hesab edirəm ki, bu gün Azərbaycanda mövcud olmayan və tarixən də rast gəlmədiyimiz milli-dini zəminli münaqişə faktları, həyata keçirilən uğurlu daxili siyasətin nəticəsində bundan sonra da heç vaxt yaşanmayacaq. Milli-dini və etnik zəminli fərqli insanların yaşadığı, lakin vahid düşüncəyə malik toplumun birliyi olan Azərbaycan dövləti bundan sonra da Azərbaycançılıq ideologiyasını əsas götürərək multikulturalizm və tolerantlıq prinsipləri əsasında daha ciddi uğurlar qazanacaq. Həmçinin digər dövlətlərə nümunə olacaq ortaq dəyərlər formalaşdırmağı davam etdirəcək”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azərbaycançılıq ideyasının təbliği” mövzusuna uyğun olaraq dərc edilir.