backend

Bu gün saat 15:30-da Ermənistan "dağılacaq" - SORĞU

Bu gün erməni müxalifəti üçün tamammı, yoxsa davammı, bəlli olacaq. Bütün Ermənistanın müxalifəti Bakı vaxtilə 15:30-da İrəvanın Azadlıq meydanına cəm olacaq.  Bəli, məhz erməni müxalifəti…

Çünki sadə ermənilər siyasi çəkişmələrdən yorulub, bezdikləri üçün proseslərə qoşulmurlar. Ona görə də meydan qalıb yalnız müxalifətə. Nəzərə alaq ki, onların auditoriyası da o qədər geniş deyil. Çünki 10 noyabr sülh anlaşmasından sonra erməni müxalifəti küçələrə heç 50 min etirazçı çıxara bilməmişdi.

Yalnız bir gün etirazçıların sayı 40 minə çatmışdı. Bəli, məhz bircə gün… Sonrakı vaxtlarda etirazçıların sayı daha az olmuşdu. Halbuki 2018-ci ilin yazında Nikol Paşinyanın rəhbərlik etdiyi mitinqlərə ən azı 100 min etirazçı qoşulurdu. Bütün bunlara baxmayaraq, 20  fevral mitinqinə müxalifət ciddi hazırlaşır. 10 günə yaxındır ki, sosial şəbəkələrinin erməni seqmenti və müxalif erməni mətbuatı ancaq 20 fevral mitinqi ilə nəfəs alır. Müxalif partiya liderləri ağız- ağıza verib xalqı Azadlıq meydanına çağırır. Bəs, xalq bu çağırışlara səs verəcəkmi? Bunu bir neçə saatdan sonra biləcəyik. Amma xalqın ayağa qalxma ehtimalı çox azdır. Çünki xalq Paşinyana etimad etməsə də, müxalifətə də rəğbət bəsləmir.

Bu gün Paşinyan üçün də həlledici məqamdır. Azadlıq meydanının dolmaması onun bir müddət hakimiyyətdə qalmasına təminat yaradacaq. Əks təqdirdə bir müddət onun da başı səs-küydən ağrıyacaq. Amma mütəxəssislərin qənaətinə görə 20 fevral mitinqi heç nəyi dəyişdirməyəcək.

Beynəlxalq reytinq agentliyi “Gallup International Association” iki gün əvvəl Ermənistanda keçirdikləri sorğuların nəticələrini elan edib. Sorğunun obyektivliyinə inansaq, bütün olanlara rəğmən Paşinyan öz liderliyini qoruyur. Respondentlərə bir sıra suallar ünvanlanıb. Sorğuda eyni zamanda, əhali arasında əsas partiyalara verilən dəstək və erkən seçkilərin keçirilməsinin məqsədəuyğunluğu barədə fikirlər öyrənilib.

Sorğuda əsas suallardan biri “Paşinyan getməlidir?” olub. İştirakçıların yüzdə 38,8-i Nikol Paşinyanın baş nazir postunda qalmasını istəyir. 17,6% sorğu iştirakçısı suala cavab verməkdə çətinlik çəkdiyini deyib. Respondentlərin yalnız 43,6 faizi Paşinyanın istefasında israrlı olduqlarını söyləyiblər. Doğrudur, bu 2020-ci ilin noyabr ayında Paşinyanın getməli olduğunu düşünənlərdən 8,6 faiz çoxdur. Amma faiz etibarı ilə heç də böyük göstərici deyil.

  • Diqqət çəkən məqamlardan biri də odur ki, sorğuda iştirak edənlər arasında  Paşinyanın gedişini istəyənlər çoxalsa da o, papulyarlığını qoruyub saxlayıb. Beləki, Paşinyan ən populyar siyasətçilərin fərdi təsnifatına rəhbərlik edir. 5 ballıq reytinq cədvəlində Nikola 2.8 balla liderdir. Onun ən yaxın izləyicisi isə 2.3 balla Ermənistan prezidenti Armen Sarkisyandır. İlk üçlüyü isə 2.2 balla AXCP rəhbəri Qagik Çarukyan tamamlayır. Maraqlıdır ki, keçmiş prezidentlər respondentlər tərəfindən elə də çox dəstəklənmir. Məsələn, keçirilən sorğuda Ermənistanın ikinci prezident Robert Koçaryan 2 bal, birinci prezident Levon Ter-Petrosyan 1.7 bal, üçüncü prezident Serj Sarkisyan isə 1, 7 bal toplaya bilib. Bu da onu göstərir ki, keçmiş prezidentlərə, xüsusilə də “Qarabağ klanı”na xalqın rəğbəti yoxdur.

“Gallup International Association” təşkilatı əhalinin erkən parlament seçkilərinə də münasibətini öyrənib. Erkən parlament seçkiləri ilə bağlı respondentlərin 37,1 faizi “birmənalı ehtiyac var”, 21.3 faiz “kifayət qədər zəruridir”, 19.7 faiz qəti şəkildə seçkilərə qarşı çıxdığını, digər 13.6 faiz isə seçkilərin “olduqca lazımsız” olduğuna inanır.

Daha bir maraqlı məqam odur ki, respondentlərin 41,2 faizi erkən seçkilərin Paşinyanın rəhbərliyi altında keçirilməli olduğuna inanır. Yalnız 28,2 faiz bu formata qarşıdır.

Partiyaların reytinqinə gəldikdə isə Nikolanın partiyası xalq arasında hələ də nüfuzunu saxlaya bilib. Belə ki, hakim partiya “Mənim addımım” partiyası – 33,1 faiz, “Çiçəklənən Ermənistan”partiyası – 4,4 faiz, “Maariflənmiş Ermənistan” partiyası – 2,6 faiz, Respublikaçılar Partiyası partiyası – 2,2 faiz, “Daşnakstyun” ARF isə cəmi – 2, 2 faiz dəstək qazanıb. Fərdi lider olaraq Robert Koçaryan respondentlərin cəmi 5.6%, keçmiş baş nazir və müdafiə naziri Vazgen Manukyan isə vur-tut 0.9 faiz səsini yığa bilib.

Bu da onu göstərir ki, bu günki, ümüm Ermənistan mitinqi fiaskoya uğrayacaq.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*