“İran prezidenti Məsud Peşekian müəyyən qədər xalqın etimadını qazansa da, ölkədə real hakimiyyətin ali dini rəhbər və SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) əlində cəmləşməsi idarəetmədə ciddi böhran yaradır. Bu vəziyyət İranda ikihakimiyyətlilik və siyasi qarşıdurma riskini artırır”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev səsləndirib.
“Hazırda İranda açıq şəkildə ikitirəlik hökm sürür. Bir tərəfdə prezident Peşekianı real hakimiyyətdən uzaqlaşdırmaq istəyən qüvvələr, digər tərəfdə isə teokratik rejimin liberal prezident idarəçiliyi ilə əvəzlənməsini arzulayan siyasi dairələr mövcuddur”.
Politoloq qeyd edib ki, iki düşərgə arasında ciddi toqquşma yaşanır və bu qarşıdurma yaxın dövrdə kütləvi narazılıqlara səbəb ola bilər:
“Böyük ehtimalla İranda narazılıqlar daha da artacaq. Əgər mövcud mitinqlər və üsyanlar aktivləşərsə, eyni zamanda İsrail və ABŞ-ın İrana qarşı təzyiqləri kəskinləşərsə, ölkədə rejim dəyişikliyi ehtimalı gündəmə gələ bilər”.
Zeynal Əmrəliyev vurğulayıb ki, mümkün dəyişikliklər xalq inqilabı və ya xarici hərbi müdaxilə yolu ilə deyil, daha çox mövcud siyasi elitanın nəzarəti altında baş verə bilər. Onun fikrincə, Qərbin birbaşa hərbi müdaxiləsi ilə rejimin devrilməsi ssenarisi (İraqda Səddam Hüseynin devrilməsi kimi – red) İranda real görünmür.
Politoloq son günlər yayılan iddialara da toxunaraq bildirib ki, vəziyyət gərginləşərsə, İranın ali dini liderinin ölkəni tərk etməsi ehtimalı istisna deyil:
“Bəzi məlumatlara görə, gərginlik artacağı halda ali dini liderin Tehrandan Moskvaya getməsi mümkündür. Əgər o, ölkədən qaçarsa və ya vəfat edərsə, real hakimiyyətin prezident Peşekianın əlinə keçməsi ehtimalı yaranır”.
Əmrəliyevin sözlərinə görə, bu halda yeni ali dini liderin təyin olunmaması və prezidentin bütün hakimiyyəti öz əlində cəmləşdirməsi mümkündür. Lakin bunun üçün Peşekianın həm SEPAH-la, həm də dini üləma ilə razılığa gəlməsi vacib şərt kimi qiymətləndirilir.
Politoloq hesab edir ki, bu razılaşmalar baş verərsə, İranda teokratik idarəçilikdən prezident üsul-idarəsinə mərhələli keçid mümkün ola bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
