“Bu marafonda uduzan tərəf Azərbaycan təhsili və yüz minlərlə gəncin məhv edilmiş taleyidir” – MÜSAHİBƏbackend

“Bu marafonda uduzan tərəf Azərbaycan təhsili və yüz minlərlə gəncin məhv edilmiş taleyidir” - MÜSAHİBƏ

Azərbaycanda ən çox problem olan sahələrdən biri də təhsil sektorudur. Millətin gələcəyini formalaşdıran təhsil sistemində mövcud olan problemləri isə saymaqla bitmir. Ancaq hazırda məktəblərdə dərs yükünün həddən artıq ağır olması, təlim-tərbiyə prosesinin pozulması, müəllim-şagird münasibətlərinin pik həddə çatması təhsilimizin ən başlıca problemlərindəndir. Bu problemlərdən çətin də olsa çıxış yolları mövcuddur.

KONKRET.az “Çağdaş təhsilimiz və dəyişən cəmiyyət” başlıqlı silsilə yazıların müəllifi, Azərbaycanın Təhsil Psixoloqları İctimai Birliyinin sədri Famil Səfərovdan təhsilimizin bugünkü problemləri və onlardan çıxış yolları haqda müsahibə alıb:

“Müəllimlər professional tükənmə sindromuna məruz qalaraq pedoqoq kimi deqradasiya edirlər”

“Təhsili DİM adlı qurumun inhisarından təcili xilas etmək lazımdır”

“Pullu təhsil ölkədə böyük savadsız “mütəxəssislər” ordusu yaratdı”

– Hazırda Azərbaycan təhsilindəki mənzərəni necə təsvir edərdiniz?

– DİM-in və Təhsil Nazirliyinin tandeminin son illərdə Azərbaycan təhsilində bütün pedoqoji qaydaların və prinsiplərin pozulmasına, tədrisə və təlim-tərbiyə işinə qeyri-peşəkar müdaxilələrə yönələn birgə “fəaliyyəti” nəticəsində hazırkı durum yaranıb. Hər il buraxılış imtahanlarının utancverici nəticəsindən danışırdıq, bu il isə lap üz qarası oldu. Əgər bundan sonra da təhsildə köklü dəyişikliklər edilməyəcəksə, deməli növbəti ildə biz daha acı nəticələrlə üzləşəcəyik. Hazırda məktəblərdəki vəziyyətə real prizmadan baxsaq, yuxarı siniflərdə repetitor yanına gedən 5-6 uşaqdan başqa, heç kim oxumur. Bu uşaqlar da müəllimlərə normal dərs keçməyə imkan vermədikləri üçün, oxuyan şagirdlər heç məktəbə gəlmir. Bu haqda bütün təhsil ictimaiyyəti illərdir həyacan təbili çalır, amma müvafiq qurumlardan heç bir reaksiya yoxdur.

– Bəs ibtidai təhsildə vəziyyət necədir?

– İndi təhsilin yalnız ibtidai mərhələsi az-çox öz funksiyasını yerinə yetirə bilir. Əgər bərbad vəziyyətdə olan dərsliklər buna imkan versə. İbtidai sinif dərsliklərini tərtib edənlər tamamilə unudublar ki, uşaqların bu yaş dövründəki təhsili onların düşünmə, köqnitiv fəaliyyəti formalaşdırmaq və təfəkkürü inkişaf etdirmək qabiliyyətini inkişaf etməlidir. Əksinə beyinlərini gərəksiz, 2-ci, 3-cü dərəcəli informasiyalarla yükləmək uşaq orqanizminin fiziki və psixi sağlamlığına çox pis təsir edir.

– Sizcə, məktəbdə təlim-tərbiyə işinin təşkilinə hazırda mane olan səbəblər nədir?

– Təəssüf ki, bu problemlər təkcə ibtidai siniflərdə bitmir, təhsilin qalan mərhələləri də tədrisin və təlim-tərbiyə işinin düzgün qurulmaması üzündən  tamamilə iflic vəziyyətinə gətirilib. İndi şagirdlər məktəbə sanki sadəcə vaxtlarını keçirməyə, əylənməyə və valideyn nəzarətindən kənarda özbaşnalıq, nadinclik etməyə gəlirlər. Artıq aşağı siniflərdən guya “filan qrupu seçmişəm” bəhanəsi ilə uşaqlar bütün fənləri iqnor edib dərsəri pozurlar. “Bu fənn mənə lazım deyil”, deyə müəllimlərə dərsi təşkil etməyə və onu normal keçməyə imkan vermirlər. Pis vəziyyətdə qalan müəllimi isə məktəblərdə xroniki hal alan bu durum bezdirir və həvəsdən salır. Onların böyük əksəriyyəti artıq belə təlim mühitindəki gərginliyə dözə bilməyib dərsləri sadəcə bir təhər yola verməyə çalışırlar, ya da apardığımız diaqnostik testlərin nəticələrinə görə, professional tükənmə (yanma) sindromuna məruz qalaraq getdikcə bir pedoqoq kimi deqradasiya edirlər. Bu yaxınlarda çalışdığım məktəbdə müəllimlərdə peşə tükənməsi sindromunu yoxlamaq üçün müvafiq sorğu və test keçirdim. Nəticələr isə gözlədiyimi də aşdı. Belə ki, pedoqoji kollektivin 70%-ə yaxını professional yanmaya məruz qaldı. Səbəblər isə, demək olar ki, idientikdi – psixi gərginlik fonunda ümumi yorğunluq, apatiya, karyerada inkişaf perspektivinə inamın itməsi və sairə.

– Dövlət İmtahan Mərkəzinin tədris ili başa çatmamış məktəbdə imtahan keçirməsinə necə baxırsınız?

– Çoxsaylı müşahidələrimiz göstərir ki, indi hətta yuxarı siniflərdə əsas fənlər sayılan – xarici dil, riyaziyyat və dil-ədəbiyyat dərslərinə belə, şagirdlər “hazırlıqda keçəcəyik” deyəərək heç də ciddi yanaşmırlar. Məktəblərdəki bu acınacaqlı vəziyyət artıq illərdir DİM-in Təhsil Nazirliyi üzərində dominantlıq etmək üçün durmadan qəbul imtahanları suallarını çətinləşdirməsinin məntiqi nəticəsidir. Göründüyü kimi, sonda bu marafonda uduzan tərəf isə, Azərbaycan təhsili və yüz minlərlə gəncin məhv edilmiş taleyi olur.

– Belə çıxır ki, biz ölkədə təhsil siyasətini düzgün qura bilməmişik?

– Son 15-20 ildə ölkədə aparılan yanlış təhsil siyasəti təkcə elm və  təhsilin tam tənəzzülünə gətirib çıxarmadı, həmçinin, ən azından hələ yarım əsr geri dönüşü mümkün olmayacaq proseslərlə nəticələndi;

  1. ölkədə elm və təhsil öz prioritetliyini itirdi,
  2. elmlər akademiyası sistemi demək olar ki dağıldı, əsl elm adamları, alimlər, ixtiraçılar ya ölkəni tərk etdilər, ya da bu siyasətin qurbanına çevrildilər.
  3. sözügedən proseslər və pullu təhsil ölkədə böyük savadsız “mütəxəssislər” ordusu yaratdı.
  4. gənc nəslin yetişməsində heç də az əhəmiyyət kəsb etməyən gender bərabərliyi prinsipi pozuldu və məktəblərdə kişi müəllimlərin say nisbəti kəskin surətdə aşağı düşdü.
  5. təhsilin tənəzzülü kütləvi savadsızlar ordusu yaratmaqla cəmiyyəti davamlı inkişafa apara biləcək müasir insan kapitalının yetişməsinə böyük zərbə vurdu.

– Əgər siz Təhsil naziri olsaydınız, çalışdığınız ümumtəhsil sahəsini minimum vəsait sərf etməklə, qısa zamanda yenidən necə qurardınız?

– Düzü, indi bu Təhsil nazirinin yerində olmaq istəməzdim, mən həyatım boyu yalnız bacardığım işin ardınca getmişəm. Hazırda təhsilin qarşısında duran ən başlıca problem – vaxtilə çox yalnış olaraq şagirdlərin dərs yükünün böyük bir hissəsini ev taşırıqlarına yönəldən, son 10 ildə isə uşaqları repetitor qapılarına salan sistemi yenidən məktəbə qaytarmaqdır. Düşünürəm ki, indiki durumda ümumi orta təhsili bu DİM adlı qurumun inhisarından təcili xilas etmək, ümumilikdə, məktəbin üzərindən bu ali təhsil, universitet ajiotajıını və test sindromunu birdəfəlik götürüb ona öz başlıca funksiyasını qaytarmaq lazımdır. Madam ki, biz 12 illik təhsilə keçirik və 3 pilləli təhsil üzrə ümumi orta təhsil 10 illik, qalan 2 il isə yalnız növbəti, bakalavr pilləsinə hazırlaşan şagirdlər üçündür, o zaman biz təcili olaraq:

  1. a) tədris proqramlarını və dərslikləri sadələşdirib yalnız ümumi təhsil səviyyəsinə uyğun hazırlamalıyıq,
  2. b) orta təhsil pilləsini bitirəndə şagirdlər yalnız musiqi, texnologiya, fiziki tərbiyə kimi fənlərindən – qabiliyyət imtahanı, qalan bütün fənlərdən isə buraxılış imtahanı verməlidilər.
  3. c) Belə olduqda onlar bütün fənləri oxuyarlar, məktəbdə təlim-tərbiyə mühiti və nizam- intizam da bərpa olunar.
  4. d) buraxılış imtahanı şagirdlər üçün çətin olmasın deyə onu – dəqiq, humanitar və təbiət elmləri kimi fənn qruplarına bölüb keçmək də olar.
  5. e) yalnız bu imtahanlardan müəyyən olunmuş həddən yuxarı bal yığan şagirdlər məktəbdə qalıb növbəti 2 ili ali təhsil pilləsinə heç bir repetitor yanına getmədən hazırlaşa bilər.
  6. g) buraxılış imtahanlarında müvafiq balı yığa bilməyən şagirdlər isə kamal attestatını alıb kolleclərə, liseylərə, hərbi məktəblərə və digər təhsil ocaqlarna yönləndirilə bilər.

Baxın, bu qısa tezislərlə mən Azərbaycan təhsilini hazırda düşdüyü ağır böhrandan çıxarmaq üçün təkliflər paketi təklif etdim. İndi baxaq, illərdir təhsilin düşdüyü bu durumdan çıxarmaq üçün baş sındıranlar real  təkliflərə necə reaksiya göstərəcəklər?

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*