Bu gündən etibarən nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir. Qərara əsasən, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydalarını pozan vətəndaşlar 150 manat cərimə olunacaqlar.
Bəs görəsən, nəqliyyat vasitələrinin şüşələrinə çəkilən örtüklərin tündlüyü ilə bağlı məhdudiyyət varmı?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı KONKRET.az-ın sualını cavablayıb:
“Avtomobilin sağ, sol və arxa şüşələrinin üzərinə tünd plyonkaların vurulmasına icazə verilir. Həmin örtüklərin % (faiz) dərəcəsi göstərilmir. Yəni örtüklər xaricdən görüntünü təmin etməyə bilər. Lakin onlar işıqburaxma qabiliyyətinə malik olmalıdır və daxildən görüntünü təmin etməlidir.
Örtük çəkilməsi icazə verilən şüşələrin tünd rəngli olmasına hər hansı bir məhdudiyyət yoxdur. Əgər söhbət avtomobilin ön şüşəsindən gedirsə, o, tünd rəngli ola bilməz. Çünki avtomobili idarə edən şəxs digər avtomobil sürücüləri ilə, piyada və digər yol hərəkəti iştirakçıları ilə viziual şəkildə kontaktda olmalıdır. Bu həm də sürücünün daxildən ətrafı görə bilməsi üçün vacibdir.
Bəzi zavod üsullu avtomobillər var ki, onların şüşələri rəngli olur. Amma onların da tündlüyü 25 %-dən çox olmamalıdır.
Bu qaydalar Nazirlər Kabinetinin qərarına əsasən təsbit edilib. Düşünürəm ki, bu qərar artıq yekun qərardır və əlavə hər hansı bir dəyişikliyə ehtiyac yoxdur”.
Fidan Ali,
KONKRET.az