Bu sistem iş yerlərində sui-istifadə hallarını azalda bilər – VACİB AÇIQLAMAbackend

Bu sistem iş yerlərində sui-istifadə hallarını azalda bilər - VACİB AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində “İşəgötürən və işçi arasında rəsmi yazışmalar” bölməsinə yeni funksionallıq əlavə olunub. Artıq işçilər işdən qısamüddətli icazə almaq üçün elektron müraciət edə biləcəklər.

Maraqlıdır, rəqəmsal icazə sistemi iş yerlərində sui-istifadə hallarını azalda bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmək hüquqları üzrə ekspert Etibar Qarayev bildirib ki, bu yenilik işçi və işəgötürən münasibətlərində şəffaflığın artırılması məqsədi daşıyır:

“Artıq əmək və məşğulluq altsistemində işəgötürən və işçi arasında rəsmi yazışmalar bölməsində işdən qısamüddətli icazələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb. Bunun zərurəti ondan irəli gəlir ki, əmək münasibətləri getdikcə elektronlaşır və bu da müasir çağırışlara cavab verir.”

Ekspert qeyd edib ki, əvvəllər işçilərin işdən qısamüddətli icazə alması prosesi qeyri-rəsmi qaydada həyata keçirilirdi:

“Əvvəllər işçi icazə almaq üçün sadəcə ərizə yazır, işəgötürən isə onu təsdiqləyirdi. Lakin bu zaman bəzi hallarda işəgötürən tərəddüd edir, işçinin işdə olmaması isə müəyyən fəsadlar yarada bilirdi. Bəzən işçilər məcbur qalaraq ödənişsiz məzuniyyət götürürdülər. Yeni sistem bu halların qarşısını alacaq.”

Etibar Qarayevin sözlərinə görə, elektron icazə sistemi həm işçilər, həm də işəgötürənlər üçün münasibətlərin hüquqi əsasda rəsmiləşdirilməsinə şərait yaradacaq və sui-istifadə risklərini minimuma endirəcək.

Qeyd edək ki, yeni bölmə vasitəsilə icazə müraciətləri tam elektron qaydada sənədləşdiriləcək, işəgötürən isə müraciətə öz mülahizəsinə uyğun şəkildə cavab verəcək.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*