Danimarkanın paytaxtı Kopenhagendə ətraf mühit və iqlimlə bağlı təşəbbüslərində iştirak edən ziyarətçilərə pulsuz muzey turları, sənət seminarları və başqa əyləncələri təklif edilir.
KONKRET.az xəbər verir ki, Venesiyada bir günlük səfər edənlərdən rüsum alınması, Barselonada tətil edənlərin kirayə evlərinə qarşı qarşıdan gələn qadağa və Mayorkada spirtli içki satışına məhdudiyyətlər fonunda Kopenhagen fərqli bir yanaşma sınayır: Məsuliyyətli davranan turistləri mükafatlandırmaq.
Doğrudur, turistlərin yaratdığı çirklənmə və xaosdan boğulan Avropanın turizm bölgələri müxtəlif mövzularda gündəmdədir.
İyulun 15-dən etibarən CopenPay adlı layihə vasitəsilə velosiped sürmək, qatarla səyahət və təmizlik səyləri kimi şəhərin yaşıl təşəbbüslərində iştirak edərək iqlimə uyğun səyahət davranışı nümayiş etdirən turistlərə muzey turları, ucuz kirayələr, pulsuz yeməklər və s. imkanı veriləcək.
Danimarkanın Paytaxt Bölgəsi üzrə turizm təşkilatı olan “Vonderful Copenhagen”in baş direktoru Mikkel Aaro-Hansen deyib: “Biz turizmi ekoloji yükdən müsbət dəyişiklik üçün bir gücə çevirməliyik. Bu transformasiyada mühüm addım necə hərəkət etdiyimizi, nə etdiyimizi dəyişdirməkdir”.
Danimarka Milli Qalereyası plastik tullantıları sənət əsərinə çevirmək üçün seminarlar keçirəcək və Kopenhagen Sörf Məktəbi dərslərdən sonra 30 dəqiqəlik çimərlik təmizliyində iştirak edənlərə pulsuz nahar təqdim edəcək. Yay boyu pilot proqramda 20-dən çox attraksion iştirak edəcək.
“CopenPay ilə vizyonumuz dalğalanma effekti yaratmaqdır. Ümid edirik ki, bu və digər təşəbbüslərin uğurunu nümayiş etdirməklə dünyanın digər şəhərləri daha davamlı turizm davranışını təşviq etmək üçün bir yol tapmaq üçün ilhamlanacaq və nəticədə daha davamlı turizmə gətirib çıxaracaq”.
Rəsmiyyə Şərifova,
KONKRET.az