Sirr deyil ki, tədris ilinin ertələnməsi məlum səbəbdən başadüşülən olsa da, cəmiyyətdə böyük narahatlıqlar yaratmaqdadır. Ən böyük narahatlıq isə sözsüz ki, cari ildə buraxılış və qəbul imtahanlarına hazırlaşanlar tərəfindən hiss olunur. Onları düşündürən əsas məsələ gələcək imtahanlarda bütün bunların hansı mənfi nəticələrə səbəb ola biləcəyidir.
KONKRET.az mövzunun aktuallığını nəzərə alaraq millət vəkili Etibar Əliyevlə əlaqə saxlayıb. E.Əliyev məsələylə bağlı açıqlama verib:
“Bu gün koronavirus hadisəsi bütün dünyada olduğu kimi, Azərbaycanda da təhsilə öz təsirini göstərib. Sözsüz ki, mövcud duruma uyğun olaraq yaranmış fasilə orta məktəb proqramlarının mənimsənilməsində müəyyən problemlər yaradacaq. Fikrimcə, bu boşluğu televiziya və ya hər hansı bir vasitə ilə doldurmaq çox çətindir. Ona görə də bunun qəbul prosesinə mənfi təsiri barədə aidiyyəti qurumlar ciddi düşünməlidirlər. Və ola bilər ki, imtahanların vaxtı bir qədər də uzadılsın, amma bu müddət o boşluğu nə dərəcədə dolduracaq? Bax, əsas məsələ budur. Mən hesab edirəm ki, aidiyyəti qurumlar qəbulun vaxtının dəyişdirilməsi və yaranmış fasilənin məzun olacaq şagirdlərin toplaya biləcəkləri bala təsiri barədə ciddi düşünərək valideynlərin və şagirdlərin mənafeyinə xidmət edən addımlar atacaqlar.
Bu addımlar sırasında isə mən buraxılış və qəbul imtahanlarınının bir qədər asanlaşdırılmasını daha məqbul hesab edirəm. Bununla bağlı proqnozlar vermək də olar və buna müəyyən əsaslar da var. Çünki təxminən bir aydır tədrisdə boşluqlar yaranıb. Biz təhsil eksperti və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü olaraq həm buraxılış, həm də qəbul imtahanlarının vəziyyəti, keçirilmə tarixi ilə bağlı müzakirələrdə iştirak etməyə hazırıq. Və bu barədə müzakirələr tezləşdirilməlidir. Çünki bütün bunlar insan taleyi ilə bağlı olan məsələlərdir. Nəzərə alaq ki, biz bir xalq kimi qəbul, buraxılış imtahanı məsələlərinə çox həssas yanaşırıq. Ona görə də mütəmadi olaraq insanlara operativ və rasional məlumatlar çatdırılmalıdır.
Bu, bir millət vəkili kimi həm də mən tərəfdən bir çağırışdır. Və hesab edirəm ki, bu məsələlərə yaxın müddətdə aydınlıq gətiriləcək. Çünki Təhsil Nazirliyi də, Dövlət İmtahan Mərkəzi də öz məsuliyyətlərini yaxşı dərk edir və hər halda çıxış yolu tapılacaq.
Ona görə də valideynlərə və məzunlara tövsiyə edirəm ki, bu prosesin bütün dünyada baş verdiyini nəzərə alaraq, bir qədər səbirli olsunlar. Əmin olsunlar ki, Təhsil Nazirliyi və DİM-in atdığı addımlar onların mənafeyinə toxunmayacaq. Mənim gəldiyim qənaət bundan ibarətdir”.
Hazırladı: Sevinc Paşayeva
Yaxsi olardi sened qebulu edir imrahansiz sagirdleri UNI lere qebul edesiniz onsuzda hami virusun stresini yasayir imtahanda bir yandan olmasin ve 4 kurslarinda diplomu verilsin xahis edirem bir validyn ve muellim kimi
Azərbaycanda o qədər uşaq var ki 11-ci sinif məzunu olacaq hal hazırda onları Azərbaycan universitetləri o qədər uşağa boş yer tapa bilməyəcəkdir.