Bütün Azərbaycan onunla fəxr edir – 100-ə yaxın ermənini məhv edən ELNURUMUZbackend

Bütün Azərbaycan onunla fəxr edir - 100-ə yaxın ermənini məhv edən ELNURUMUZ

Qorxutmayır məni heç vaxt,
Uzun yolun ağrısı.

Taleyimə düşən işıqdı bu yol,

Ya da alın yazısı.

Qasırğalar məni qovsa belə ,

Bu bəladan,

Mələklərin köməyi ilə qurtularam.

Anam məni lap təzədən doğsa belə,

Bax bu yolu, bu zirvəni arzularam.

Akif İsmayil.

Ürfan fəlsəfəsinə görə, insanın adı da, taleyi də yaşayacağı ömür payı da, ona hələ ana bətnində olarkən verilir. Biz bəzən buna  qismət də deyirik. Qədim inanclara görə insan ona verilən adın məzmununu yaşayır.  Romalılar “Nomen est Omen” deyərlərmiş. Yəni adımız taleyimizdir deyəcək qədər inanca sahib idilər. Elnur da daşıdığı adın məzmununa söykənən, adını taleyi  bilib yaşayanlardan oldu. Qısa, olduqca mənalı ömür payını da,  ona verilən adın məzmununu öz gözəl əməlləri ilə dürüst  ifadə edə bildi… Adının mənasını doğruldan, adını bu vətənin yaddaşına yazmağı bacaran igidlərimizdən oldu… Qədim yunanlara görə, Elnur adının mənası “Günəşin hədiyyəsi”,  bizlərə görə isə Elnur-Elin nuru, Vətənin işığı deməkdir.

Əli kişi heç ağIına da belə  gətirməzdi ki, üç bacıdan sonra qurban-qazanla, nəzir-niyazla tapılan Elnur böyüyüb, günəşin bir parçası olaraq yurdumuza işıq saçacaq. Sinəsi buza dönmüş torpaqlarımızın donunu öz qaynar qanı ilə açacaq. Vətəninin işığı, elinin, obasının nuru olacaq. Ömrünü bu vətənə bağışlayıb vətənin bir parçasına çevriləcək. Vətən deyəndə Elnurlar, Elnur deyəndə Vətən başa düşüləcək.

Ta qədimdən oğlu dünyaya gələn ataya, anaya gözaydınlığı verəndə, el- oba sevinər, “bir əsgər də  dünyaya gəldi” deyib, babalarımız. Sinəsi düşmənə sipər oğul  deyib aqillərimiz. “Anam oğul doğdu ki, böyüyüb əsgər olsun, Vətənini, elini yağılardan qorusun” deyib, müdriklərimiz. Əli kişi də oğlunu cəsur böyüdürdü. Qorxmaz böyüdürdü. Düşmənə arxa çevirməyəcək bir oğul böyüdürdü. Halal çörəklə, alın təri, əl qabarı ilə böyüdürdü… Oğul da ki, oğuluydu ha… Allah Elnura boy, buxun, üzünə  öz nurundan pay, qoluna qüvvət, ürəyinə cəsarət, ən başlıcası da bolluca qeyrət vermişdi… Qeyrətli oğul idi Elnurumuz…

Əziz oxucum, haqqında sobət açdığım igid, cəngavər, 44 günlük Vətən müharibəsində ermənilərin qara kabusu olmuş Elnur Əli oğlu Vəliyevdir. Gəlin igidimizi daha yaxından tanımaq üçün 23 illik şərəfli  ömrün səhifələrini birlikdə varaqlayaq.

Dosye: Elnur Əli oğlu Vəliyev 4 avqust 1997 -ci ildə Ucar rayonunda anadan olub. 2003 cü ildə 1-ci sinfə gedən Elnur ibtidai təhsilini Ucar şəhər 5 saylı orta məktəbdə alır. Daha sonra isə təhsilini Ucar şəhər 4 nömrəli orta məktəbdə davam etdirməli olur. 2014-cü ildə orta məktəbi əla qiymətlərlə başa vuran Elnur Vəliyev elə həmən ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. 2018-ci ilə hərbi təhsilini başa vuran Elnur Vəliyev könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılaraq 4 ay xüsusi təlimlər keçdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissəsində hərbi qulluqçu kimi xidmətə başlayır. 2020-ci ilin 27 sentyabrında düşmən torpaqlarımıza təcavüz edərkən, ürəyi qisas hissi ilə çırpınan, düşmən tapdağı altında od tutub yanan torpaqlarımızı azad etmək həsrəti ilə döyünən, düşmənlə üz-üzə,  göz-gözə dayanıb “Qisas” hayqıran  igid oğullarımızın səfində Xüsusi Təyinatlıların cəsur döyüşçüsü Elnur Vəliyev də var idi. Xalqımızın Qəhrəmanlıq səlnaməsini yazan igidimizin Murovdağ silsiləsində başlayan  döyüş yolu, Cəbrayıl, Füzuli Hadrut, Xocavənd, və Şuşanın Çanaqlı kəndində  gedən qanlı döyüşlərə qədər davam edib. 25 oktyabrda yaralanmış yoldaşlarını döyüş meydanından çıxararkən canını, canından çox sevdiyi bu Vətənə qurban verərək şəhidlik zirvəsinə yüksəlib.Tanrı dərgahına yol alıb.

Atası Əli Vəliyevin Elnur haqqqında xatirələrindən:

– Kiçik yaşlarından hiss etmişdim ki, bu uşaq böyüyəndə mütləq hərbçi olacaq. Hələ körpə ikən oyuncaqla oynamağı sevməzdi. Meylini, silaha, tapançaya, avtomata salmışdı. Hərbi maşınları, oyuncaq tankı, topu görəndə çiçəyi çatlayardı. Beşinci sinifdə oxuyanda konkret olaraq deyərdi ki, “böyüyəndə hərbiçi olacam. Torpaqlarımızı düşməndən azad edəcəm”. Çox maraqlı uşaq idi. Həmişə çalışırdı ki, hamıdan güclü olsun. İdmana meyilli idi. Orta məktəbdə oxuyarkan qol güləşi ilə məşqul olurdu. Rayonda, respublikada keçirilən bir sıra yarışların qalibi olaraq , fəxri fərmanlar, diplomlar, medallar almışdı.

Sahib Əliyev, uşaqlıq dostu, sinif yoldaşı?

– Biz Elnurla sinif yoldaşı, uşaqlıq dostu olmuşuq. Keçmişin hansı tərəfindən baxsan yalnız gözəl,  məsum xatirələr yada düşür. Qayğısız idik… Saf idik… Gələcəyə-həyata çox ümidli idik… Elnur uşaqkən də çox sadə, məsum baxışlı, gözəl gözlü bir uşaq idi. Hamımızdan fərqlənirdi. Hərdən uşaqlarla toplaşıb dava-dava oynayardıq. Elnur dərhal mən komandirəm deyib bizə, öz komandasına “əməliyyat tapşırıqları” verərdi. Ağlımız söz kəsəndən Elnur deyirdi ki, mən hərbçi olacam. Vaxt gələcək siz mənimlə fəxr edəcəksiniz. Elnura, bilmirəm dostmu deyim, qardaşmı deyim, nə deyim bilmirəm? Bir onu bilirəm ki, ürəyimizin bir parçası, canımız idi. Xeyrimizdə, şərimizdə, ən çətin məqamımızda Xızır kimi başımızın üstün alardı.

Uşaq idik. Nə isə bir problemim  olmuşdu, mən bərkdən ağlayırdım. Elnur yanımda idi. Boynumu bərk-bərk qucaqlayıb məni kiritməyə çalışırdı. “Mən sənin qardaşınam… ağlama .Həmişə bir yerdə olacağıq. Mən sənin arxanda duracağam”, deyirdi. Hanı, bəs arxamdaydın, qardaş ? Niyə məni buraxıb, dünyamı boş qoyub getdin? Elnurun içi sevgi ilə, gözəlliklə dolu idi. Gözəl arzuları var idi. Mələk üzlü sevgilisi, onunla bağlı gözəl niyyətləri var idi… Elnurun çox böyük qəlbi, insanı öz sehrinə salan, özünə bağlayan sehirli bir qüvvəsi var idi. Bilmirəm, mən onun haqqında niyə keçmiş olaraq danışdım? Elnur hər birimizin ürəyindədir. Görünür, gedəcəyini bilirmiş ki, özünü bu qədər sevdirə bildi. O, bir zirvə idi. Həyatı boyu zirvəyə də can atırdı… Tanrı məqamını uca etsin. Mütləq indi bizi görür. Müstəqil, hər gün quruculuğa, gözəlliyə imza atan Azad Azərbaycanı görür… İşğaldan azad olunmuş torpaqları görür. Qanla suvarılıb, Azadlıq əkilən Vətən torpağına, körpə, qayğısız, müharibə qorxusu çəkməyən körpə Elnurları görüb ruhu Allaha salam aparan Elnurumuz da indi fərəh hissi keçirir.

Solmaz Məmmədovanın – Şəhidin orta məktəb müəlliminin xatirələri:

– Elnur ibtidai sinfi şəhər 5 nömrəli orta məktəbdə oxumuşdu. 5-ci sinfdən bizim məktəbə gəlmişdi. Açığını deyim ki, Elnur fərqli uşaq idi. Sinif yoldaşlarından seçilirdi. Bu fərqlilik həm də onun zahiri görkəmində də var idi… Uşaq nur saçırdı, işıq saçırdı. Çox şirin idi. Həm də çox istedadlı uşaq  idi. Çox istiqanlı idi. Düşüncəli idi. Valdeynlərinə, ata-anasına çox düşkün uşaq idi. Fikri, zikri atasındaydı. Qəribəydi ki, tez böyüməyə can atırdı.  Məqsədi  böyüyüb atasına, anasına kömək etmək, onların güzəranlarını yaxşılaşdırmaq idi. Bütün fənnləri əla oxuyardı. Nəinki məktəbdə, bütün rayonda qol güləşi üzrə ad çıxarmışdı. Vətənpərvər idi. Hələ beşinci sinfdə oxuyanda hərbçi olacağını, torpaqlarımızı erməni işğalından azad edəcəyini deyirdi. Biz bilirdik ki, Elnur böyüyüb qəhrəmanlıq tariximizin ən şanlı səhifəsini yazanlardan olacaq. Artıq 8-9 cu siniflərdə oxuyanda Elnuru tanıyan, ona dərs deyən müəllimləri, sinif yoldaşları ona bir qəhrəman zabit, gələcəyin generalı kimi baxırdı. O, həm özü buna inanırdı, həm də ətrafındakıları inandıra bilmişdi. Elnur təkcə idmanla məşğul deyildi. Həm də məktəbdə fəaliyyət göstərən dram dərnəyinin üzvü idi. Bir dəfə məktəbdə Xocalı faciəsinin ildönümü ilə bağlı bədii kompozisiya hazırlamışdıq. Bu kompozisiyada Elnur da rol almşdı. Onda 11-ci sinfdə oxuyurdu. Çox təsirli gözəl bir kompozisiya idi. Faciəni o qədər təsirli təqdim edə bilmişdilər ki, zalda ölü bir sükut vardı. Birdən gözlənilmədən Elnur yoldaşlarından irəli çıxıb uca bir səslə: “Andım olsun ki, orta məktəbi bitirib hərbi məktəbə daxil olacağam. Xocalı faciəsini törədənlərdən, xalqımızın başına bu faciəni gətirənlərdən bu qisası alacağam”, – dedi. Zaldan gurultulu bir alqış qopdu. Elnur tək o sözünə, andına deyil, verdiyi, dediyi hər sözə əməl edən bir oğul idi. Elə həmin il hərbi məktəbə daxil oldu. İndi biz hamımız onun qəhrəmanlığı ilə qürur duyuruq. Elnur təkcə məktəbimizin adını deyil, vətənimizin başını uca edən şagird oldu. Mən qürur duyuram ki, pedoqoji fəaliyyətim dövründə Elnur Vəliyev kimi bir qəhrəmana da dərs demişəm.

Əli Vəliyev, Şəhidin atası:

– Elnur çox evcanlı, ailəcanlı bir oğul idi. Özü hər çətinliyə dözər, hər ağırlığı çəkər, amma ailəyə, mənə əziyyət verməzdi. Hərbi məktəbdə təhsil aldığı müddətdə bir dəfə də olsun onun ardı ilə harasa getməmişəm. Xərc çəkməmişəm. Məktəbi qurtaran kimi də tez Xüsusi Təyinatlı Qüvvələrin  kursuna yazıldı. Dedim ki, ay oğul, ora çətindir…Dözə bilməzsən. Dedi ki, hərbçi, kişi çətinlikdən qorxmaz. Məktəbi də əla qiymətlərlə oxumuşdu. Xüsusi təyinatlıların kursunu da yaxşı keçdi. 500 nəfərin içindən sona 42 nəfər dözüb qalmışdı, onlardan biri də mənim oğlum idi. Elnurun uğuruna bir ata kimi çox sevinirdim. Fərəhlənirdim ki, düşmənə sinə dağı oğul böyütmüşəm.

Murad Hümmətov, leytenant, Şəhidin döyüş yoldaşı, dostu:

– Mən Elnuru 2014-cü ildən tanıyıram. AAHM-də bir oxumuşuq. Bir ixtisas almışıq. Elnur insan kimi insan, hərbi qulluqçu kimi əsil hərbçi idi. 2018-ci ildə Ali Hərbi Məktəbi bitirib XTQ-nin kursuna da birlikdə gedib, xidmətə də birlikdə başlamışıq. Nə xoş təsadüf ki, xidmətdə də bir yerə düşüb, bir bölmədə qulluq etmişik. Onunla birlikdə nəinki hərbi xidmətdə olmağın, eyni havanı udub, eyni yeməyi yeməyin, eyni suyu içməyin də bir ayrı ləzzəti var  idi…  Elnur bir az qapalı adam idi. Əsil hərbçi, zabit xarakteri vari idi onda. Hamı ilə münasibət qurmazdı. Münasibət qurduğu insanla isə çox gözəl yoldaşlıq, dostluq edərdi. Şirin zarafatı, baməzə danışığı, gözəl dərd ortağı idi. Bizim bir-birimizdən gizlin sirrimiz, sözümüz yox idi. Sara adında sevdiyi bir qız da vardı. Uzun müddət idi bir-birilərin sevirdilər. Qəribə bir məhəbbət idi onlarınkı. Orta məktəb illərindən başlamışdı, deyəsən, bu sevgi dastanı. Hamı kimi xoşbəxt olacaqlarını düşünür, xoşbəxt gələcəklərindən danışardı…

Elnur Vətəni də özünə yar, yoldaş bilirdi. Vətəni də o sevdiyi qız qədər sevirdi desəm səhv etmərəm. Çox vətənpərvər idi…Təlimlərdə həmişə  öndə olardı. Bütün silah növlərindən məharətlə istifadə etməyi bacarırdı. Silah atışlarında həmişə birinci olardı. Necə deyərlər, quşu gözündən vurmağı bacaran atıcı idi… Buna bəlkə də alın yazısı da demək olar. Elə oldu ki, bizim döyüş yolumuz da bir oldu. Çox cəsur idi. Döyüşlərdə çox böyük qəhrəmanlıqlar göstərdi. Döyüş yoldaşlarını heç darda qoymazdı. Hamıya kömək etməyə çalışardı. Elnur ən çətin məqamda belə yaralı döyüş yoldaşlarını,əsgərlərimizi tez təxliyyə edib təhlükəsiz yerə çıxardar, yardım edərdi. Döyüşlərin qızğın getdiyi vaxt mən onu son dəfə 25 oktyabrda şəhid olmamışdan 10 dəqiqə öncə Xocəvənddə gördüm. O, məqamda belə mənə zarafat etməyindən qalmadı. Yaralı döyüş yoldaşımızı ön xəttdən çıxarmaq üçün maşın gətirirdi. Minaya düşdü. Şəhidlik zirvəsinə yüksəldi. Elnur özü bir zirvə idi…

Həsən Babayev, döyüş yoldaşı:

– Elnur mənim qulluq etdiyim taborun komandiri olub. Onun haqqında adi insan kimi danışa bilmirəm. Elnur bir əfsanə, gerçək bir qəhrəman idi. Qorxmaz idi. Şir ürəyi var idi onda. Cəsur idi. İçində bir intiqam, qisas hissi var idi. Xocalı faciəsi dilindən düşmürdü. Hər döyüşə atılanda Xocalıda ölən qız gəlinləri, körpələri, günahsız insanların qısasını almaq haqqında düşünüb, döyüşə girirdi. Əlbəyaxa döyüşdə canavar kimi döyüşürdü. Bütün silahların dilini gözəl bilirdi. Elnurun hər atəşi düşmənə bir can bahasına başa gəlirdi. PKA, Raket atan, Snayper. İşlətmədiyi silah yox idi. Düşmənin xeyli döyüş texnikasın məhv edib, silah anbarını partlatmışdı. Düşmən səngərinə girib düşmənin canlı qüvvəsini əsir götürmüşdü. Əsirləri danışdırıb hərbi sirlərini öyrənib, komandanlığa düşmənin gücü, qüvvəsi, planı haqqında operativ kəşfiyyat məlumatı ötürərdi.

Leytenant Vəliyev əsgərlərinə qarşı çox qayğıkeş idi. Yaşının az olmasına baxmayaraq, əsgərə ata qayğısı ilə yanaşırdı. Əsgəri özünün doğması, əziz bilirdi. Yeməyini əsgərə yedizdirirdi. Hava soyuq olanda əyninin buşlatını çıxarıb əsgərə vermişdi ki, əsgər üşüməsin. Döyüş vaxtı qənimət kimi düşməndən yağmurluqu olan yataq götürmüşdü. Müharibə vaxtı iki gün yağışa düşdük. İnanırsınız, o, yağmurluğu əsgərə vermişdi ki, yatanda islanmasın, xəstələnməsin.

Mən Elnura hər dərdimi rahat deyə bilirdim. Çox adamı başa düşən ,dərdinə yanan adam idi. Hərtərəfli adam idi. Ondan çox şey öyrənmək olardı… Elnur düşmənin qorxusu, kabusu idi. Biz xüsusi təyinatlılar öndə gedir, dərinliklərə sızır, piyada qoşun növü üçün yol açırdıq. Şuşanın Çanaqlı kəndini terrorçulardan azad etmək üçün qanlı döyüşə girmişdik. Qısa bir zamanda kəndi terrorçulardan təmizləmişdik. Həmən kənddə bayrağımızı da leytenant Elnur Vəliyev qaldırdı. Yaralılarımız var idi. Elnur yaralıları döyüş meydanından çıxaran zaman tank əleyhinə minaya düşüb şəhid oldu. Elnurun Şəhid olması dostları, döyüş yoldaşları, Azərbaycan Ordusu üçün çox böyük itki oldu. Azərbaycan Ordusu cəsur, savadlı, bir zabitini, biz isə canını dostundan, Vətənindən ötrü qurban verməyi bacaran bir fədakar insanımızı, can dostumuzu itirdik.

Sinəsi dağlı Şəhid atası oğlu haqda danışdıqca başını şiş qaya kimi məğrur tutsa da, dağlar bulaqsız, dənizlər tufansız, çaylar selsiz olmaz deyib müdriklər. Göz yaşı bulaq kimi gözündən sellənir, üzünün cizgiləri tez- tez dəyişirdi. Danışığından hiss edirsən ki, dərdli atanın ürəyindən od alan tüstü, burula-burula başından çıxır. Dərdini içində çəkən məğrur atanın dərdi od olub təkcə özünü yanıdırmır, yaşadığı evin daşını, divarını deşir, dərdi asimanı yandırıb, göylərə bülənd olur. Dili Elnur deyir. Gözü Elnur gəzir. Ürəyi Elnurla döyünür. Düşüncəsində yalnız Elnurla bağlı fikirlər olduğunu görməmək mümkün deyil.

Evdə Şəhid leytenantın guşəsi yaradılıb. Elnurun uniforması, idman yarışlarında aldığı fəxri fərmanlar, diplomlar, müxtəlif illərdə idman yarışlarının birinciliyini qazanması münasibəti ilə əldə etdiyi medalları, bir də şəkillərdən boylanan gözəl gözlü, nur üzlü gəncin bu dünyadan doymayan, sevgi dolu mənalı baxışları olan fotoşəkilləri var burada. Adama zillənən bu baxışlarda  sevgi dolu bir ürəyin döyüntüsünü,  yarımçıq qalmış  məhəbbət dastanının qanla yazılmış yarımçıq səhifələrini oxumamaq  mümkün deyil. Dərd bu evdə bircə evin divarlarını əyə bilməyib. Başı qarlı dağa bənzər ata da, saçları qar rəngini almış anası da, bacıları da, nakam bir gəncin qara bəxtli qara sevgisini  sinəsisində daşıyan sinəsi dağlı  qara paltarlı, üstünə qaynar su tökülüb qarsımış ağ gülə bənzər, sevgilisini dəfn edib sevgisini dərdli ürəyində yaşadan Sara xanımın da belini bükük, gözünü yaşlı gördüm. Qəfildən qulağıma yanıqlı bir ney səsinə bənzər iniltili bir səs gəldi. Bu səs də Elnur deyə inləyirdi, zarıyırdı, ahu-fəğan eyləyirdi.

Əzizm ulu dağlar,

Çeşməli sulu dağlar,

Burda bir igid ölüb ,

Göy kişnər, bulud ağlar.

Göylər də yarımçıq qalmış bu sevgi dastanının qəhrəmanlarına sanki hər gün ağı deyir, göz yaşı tökür. Nakam taleli Sara pıçıltılı səslə yarımçıq qalmış bir sevgi dastanını vərəqləyir:

– Qonşuluqda yaşayırdıq Elnurla. 6 il öncə repititor yanına mənimlə birlikdə gedən bir qohumunda mənim şəklimi görüb, kimliyimlə maraqlanıb. Nə yaşımız var idi ki… Həyat şirin bir nağıla bənzəyirdi…Tanışlığımız ondan başladı. Sonra ölməz bir sevgiyə döndü. Məni qınamayın, həyatda gözəl, bütöv, tam nə görürəmsə, onda Elnurun bir xüsusiyyətini görürəm. Elnur, tamlıq, bütövlük rəmzi idi. Ləyaqət, kişilik simvolu idi. Qayğı, sevgi, hörmət idi. Elnur bir dəyər idi. Elnur valdeynlərini də, bacılarını da, bu Vətəni də, məni bağışlayın, elə məni də İlahi bir eşqlə sevə bilirdi. İnana bilmirəm ki, kimsə Elnur qədər sözü bütöv, sözü ilə əməli, əməli ilə arzusu uyğun gələn bir adam ola bilər…

Bir gün rəfiqəmə bir panda bağışlamışdılar. Panda gözəl idi. Yanında dayanıb şəkil çəkdirib Elnura göndərdim. Dərhal zəng etdi…Hiss edib ki, pandadan xoşum gəlib. Açığını deyim ki, düzü belə bir pandanın mənim də  olmasını ürəyimdən keçirirdim. Amma bunu Elnura deməyi heç ağlıma belə gətirmədim. Adam hərbçi idi. Hərbin qayda-qanunlarını başa düşürəm. İstədiyi vaxt işdən çıxa bilməz, icazə almağın mümkün olmadığını bilirdim. Özü də Elnurun XTQ-də xidmət etdiyini, fərqli bir qoşun növü olduğunu yaxşı başa düşürdüm. Səhəri gördüm ki, Elnur zəng vurdu. Həyətə düşməyimi xahiş etdi. Nə görsəm yaxşıdır? O uzaqlıqda yolu qət edib, mənə panda alıb gətirmişdi. “İstədim ki, sənin də öz pandan olsun”,- dedi. Pandanı mənə verib dərhal gəldiyi maşınla da geri döndü. Adətən hərbçiləri bir az romantikadan uzaq, vurub-yıxan, atıb-kəsən adam kimi təsvir edirlər. Elnur tamam başqa ürəyi, romantik düşüncəsi olan bir adam idi. Bir dəfə yenə rəfiqəmə böyük bir gül buketi bağışlamışdılar. Qızıl güllər çox gözəl idi. Rəfiqəmin təkidi ilə qızıl gülləri qucağıma götürüb şəkil çəkdirib Elnura göndərdim. Səhəri günü Elnur zəng etmişdi. İşdən-gücdən, olanlardan danışdıq. Dedim rayona nə vaxt gəlsən zəng et, bilim. “Yaxşı, birdə  gələndə zəng edərəm. İndi həyətə düş, sənlə işim var”, – dedi. Sən demə, Elnur gül ilə çəkdirdiyim şəkli görüb, gedib 101 dənə qırmızı qızıl gülü alıb, mənə gətiribmiş. Adəti idi, hər gələndə bir dənə gül alıb gətirərdi. “Al, Gülüm, bu gözəl güllər sənin olsun. 101 dənədir. Birini bu günə, yüzünü isə sənə gül verə bilmədiyim günlərin hesabına yaz”, – dedi. Elə bildim mənə dünyanı bağışladı.

Hər gün bura gəlirəm. Elnurun yaşadığı bu evi, valideynlərini, bacılarını görəndə onun yaşadığını düşünürəm. Elə bilirəm yenə gülümsər baxışları ilə gözümün içinə baxıb xoşbəxt gələcəkdən danışıb, birlikdə xəyal quracağıq. Bizi qarğıyan pis qarğıyıbmış. Ömrümüz xəyal qurmaqla keçdi. Bilirəm ki, həyatı geri qaytarmaq nə yazıq ki, mümkün deyil… İndi  Günəş gur şəfəq saçanda, Ay gecələr gülümsər baxışları ilə bütövləşib bizləri süzəndə, ulduzlar qayğısız seyrəngaha çıxanda hiss edirəm ki, gözəl gözlü Elnurum məni görür. Bizə baxır… İnanıram ki, bu dünyada doyunca bir yerdə ola bilmədiksə də,  Tanrı o, dünyada da olsa  bizi bir-birimizdən ayırmayacaq. Elnurumun məni gözlədiyini gözəl bilirəm. Adamın gözləyəni olması gözəldir… Elə buna inandığım üçün mən də ona doğru can atıram…

Lalə Vəliyeva, Şəhidin böyük bacısı:

– Allah bizə üç bacıdan sonra bir qardaş vermişdi. Elnur sonbeşiyimiz olsa da, dərdəqaim idi. Məsləhət yerimiz, güvənc yerimiz idi. Arxamızda onu dağ bilirdik. Bizim qardaşımız Şəhid olmayıb… Başımıza dağımız uçub… Adamın bir dərdi olanda, bir narahatlığı olanda onu Elnura demək lazım deyildi. Qardaşım onu adamın gözündən hiss edər, ürəyindən oxuyardı. Mən bu yaşa çatmışam, qardaşım olduğu üçün demirəm, onun kimi , xasiyyətdə bir insanın haradasa ola bilməsini təssəvür belə edə bilmirəm. O, insan özü üçün yaşamırdı ki… Atam, anam bizim üçün yaşayırdı. Atamgil bu evə təzə yığışıblar. Elnur gələndə evdə mətbəx mebeli yox idi. Gedib tez sifariş verdi ki, hazırlayıb gətirib quraşdırsınlar. İnanırsınız, cəbhədən zəng edib dəfələrlə onu soruşurdu ki, mebeli gətirib quraşdırdılar? Anamın, atamın rahatlığı üçün canından keçərdi. Atama maşın alacaqdı. “Bacı, atam bizə çox əziyyət çəkib, zəhmətkeş olub. Allaha şükür böyümüşəm. İmkanım da  var. Ən gözəl maşını alacam ki, atam öz işinin ardıyca rahat gedib gələ bilsin”, – deyirdi mənə. İnsan canından can qoparıb bizə pay verərdi. Elnur bir şeyi edirəm deməzdi. Dediyi sözün ağası idi. Dediyini edən idi…

Az yaşı ilə 100 ilin kişisinin hərəkətini edirdi. Çox sözü bütöv, ağzı bərki idi, mənim gül üzlü, bal kimi şirin, şirindilli qardaşım.

Atası Əli Vəliyev:

– Allah onu hərbçi olmaq üçün yaratmışdı. Nə ağzından bir artıq söz çıxar, nə sirr verərdi. Sentyabrın 23-də Yevlax rayonundan olan bir əsgəri ilə gəlmişdi evə. Əsgərini də göndərdi ki, get valideynlərini, əzizlərini gör gəl. Müharibə olacağı barədə söz söhbət qulağıma dəyirdi. Soruşdum Elnur nə məsələdir, niyə gəlmisən? Dedi ki, “İsmayıllı dağlarında hərbi təlimlər olacaq, təlimdə iştirak etmək üçün gəlmişəm”. Xüsusu Təyinatlı Qüvvələrin  dağlarda, çətin keçilən yerlədə, təlim keçdiklərin bilirdim. Hələ məktəbi qurtarıb XTQ-də kursa yazılanda da demişdim ki, Elnur oranın işi çətindir, bəlkə yazılmayasan. Onda cavab vermişdi ki, “çətindi deyib hərəmiz yaxamızı çəkək bir kənara, düşmən də torpağımızda at oynatsın?”. Bizə hara gedəcəklərin demədi. Sən demə, bizimlə son dəfə görüşüb döyüşə gedirmiş. Sentyabrın 27-də zəng vurdum. Telefonu açdı… Güllə, atışma səsi aydınca eşidilirdi. Soruşdum haradasan, o nə səsdir elə? Dedi təlimdəyik. Dedim nə təlim, mənə düzünü de. Müharibə başladığını bilirəm. Ondan sonra dedi ki, Murovdağ silsiləsində düşmənlə döyüşürük. Sevinirdi. “Düşməni sıxışdırmışıq, qələbə bizimlədir, sən Elnurunla fəxr edəcəksən”, dedi.

Gülnarə Vəliyeva, Şəhidin balaca bacısı:

Elnurla biz ikimiz evin balacalarıydıq. Hər sözümüz, sirrimiz bir olardı. Deyim ki, evdə bizim ikimiz qədər də dalaşan olmamışdı. Amma bir-birimizdən ötrü də canımızı qurban verərdik. Elnur ağzımda dilim, görən gözüm, düşünən beynim idi. Elə bilirəm ki, Elnur gedəndən sonra ağzımın dadını da itirmişəm. Elə bilirəm ki, dünyam boşalıb. Ətrafımda olanları, insanları başa düşə bilmirəm. Qulağıma qəribə danbıltı, gumbultu səsləri gəlir. Elnursuz mənim üçün göydə günəş də doğmur. Yağış, qar yağır ha, elə bilirəm göydən ağ rəngdə daş tökülür… Elnur bir nur kündəsi idi. Allah onu atama, anama, bizə gec verib tez də aldı. Mələklər elə bil onu bizə, Sarasına qısqandılar, alıb özləri ilə götürdülər. Xəbər gəlməmişdən bir gün qabaq oktyabrın 25-i yuxuda gördüm. Dedi ki, “Gülnar, hər şey yaxşıdır. Biz qələbə qazandıq. Biz qalibik”. Sən demə, elə həmin gecə qardaşımın gülü solub, bəxti, taleyi qara gələn günmüş. Ona görə də gecə yuxuma giribmiş…

Atası Əli Vəliyev:

– Oktyabrın 26-sı Elnurun şəhid olma xəbərin eşitdik. Dedim mənim oğlum hərbi qulluqçudur. Oğlumu dövlətə vermişəm. Hərə bir söz danışırdı. Ay cənazəsi Füzulidə hospitaldadır, nədir… Kürəkənim Silahli Qüvvələrin mayoru Əli Fərəcov da həmən vaxt Füzulidə idi. Onunla əlaqə saxladıq. Dedi ki, döyüş yoldaşları ilə əlaqə saxlamışam, deyirlər Elnur sanitar maşını ilə Şuşa istiqamətinə yaralı çıxarmağa gedib, tezliklə gələcək. Amma camaat danışırdı ki, Elnur yaralıları çıxarmağa gedərkən maşını tank əlehinə minaya düşüb. Mənə deyən oldu ki, get Füzulidə Hospitala bax, yaralıların, şəhidlərin içində axtar. Getmədim… Dedim dövlət rəsmi sənəd versin sonra gedim. Mən zabit atasıyam. Çağrılmamış yerdə nə işim var. Sonra mənə rəsmi məktub gəldi. Noyabrın 3-də Füzuliyə getdim, cənazəni tanımadım. Məndən DNK-analizi götürdülər….

Göz yaşları məğrur atanı danışmağa qoymur: “Ümidli idim… Elnurumun sağ salamat gələcəyini düşünürdüm…”

Kiçik bacısı Gülnarə:

Qardaşım sağ-alamat  qayıtması üçün özünə qurban dedmişdi.İkisini kəsmişdik.Üçüncü qurbanı kəsməyə hazırlaşırdıq. Noyabrın 12-si axşam üstü idi. Anam qurban ətindən aş bişirmişdi. Aşın dəm almasına lap az qalırdı. Birdən küçədə, qapımızın ağzında maşın dayandığını eşitdim. Tez küçəyə yüyürdüm… Qohumumuz Qüdrət dayı var, onunla rayonun axundu Elnuru bizim qapının ağzında dayandıqlarını gördüm. Dedim nə olub, nə xəbər var? Demək istəmirdilər… Dedim mənə doğrunu deyin… Düzü bilmək istəyirəm. Dedilər düzü bilmək istəyirsənsə, düz budur, Elnuru gətirirlər!

Nailə Vəliyeva, Şəhidin anası:

– Mən oğlum haqqında danışmayacağam. Elnur bayaqdan, Əlinin, Nailənin oğluydusa, indi Azərbaycanın, Vətənin oğlu oldu. Enurun yoxluğu haqqında nəinki, danışa, düşünə belə bilmirəm. Hər gün körpəmə yüz dəfə layla deyirəm… Dilini  oxşayıram… Alıb qucağıma o, gözəl gözlərindən, gül yanağından öpürəm. Elnur mənim ruhumda, canımda yaşayır… Mən başqa şeydən danışmaq istəyirəm. Qələbədən… Nə yaxşı ki, qələbə oldu. Nə yaxşı ki, atəşkəs oldu. Torpaqların böyük bir hissəsi qansız, qadasız qaytarıldı. Oğullarımız az şəhid oldu. Qazilərimizin sayı artmadı. Bir də görürsən ki, yazırlar “niyə atəşkəs oldu? Niyə döyüş dayandırıldı?”.

Bunu deyənlərdən, yazanlardan soruşmaq istəyirəm: Siz döyüşdə olan oğlun yolunu gözləməyin nə olduğunu bilirsiniz? Siz öğlunun Şəhid olma xəbərini eşidən ananın nələr keçirdiyini canınızda hiss etmisiniz? Sizlər tanınmaz hala düşmüş övladını tapmaq üçün DNK-analizi verib nəticə gözləyən atanın yaşadığı hisləri hansı biriniz yaşayıb? Siz qardaş cənazəsinə girən bacı qədər çiyninizdə ağır yük daşımısınız? Bəsdirin! Nifrət edirəm yalançı qəhrəmanlara! Nifrət edirəm saxta vətənpərvərlərə. Nifrət edirəm anaları oğulsuz, bacıları gözü yaşlı, ataları belibükük qoyan qanlı müharibələrə. Elnurumun nişanlısını hər görəndə özümə qara qəbir arzulayıram, girəm içinə bir daha çıxmayam çölə… Nə ilə ovundurum, o körpəni? Nə deyə təsəlli verim o, gülüzlü mələyə? Deyim ki, Elnur sabah gələcək? Bizim hər sabahımız indi qaranlıq açılır. Barı başqa analar ağlamasın. Qızlarımız saçının birini ağ, birini qara hörüb, yar yolu gözləməsinlər… Rədd olsun müharibə. Bir də ölüm saçan toplar guruldamasın. Mən anayam. Anaların nə çəkdiyini gözəl bilirəm. Ona görə də istəmirəm ki,bir də anaların  sinəsi övlad dərdi ilə dağlansın .

Kiçik bacısı Gülnarə:

– Xəbəri alan kimi, insanlar elə bil sel olub daşlandılar bizim həyətə. Gecə ikən həyət, küçə adamla dolub-boşalırdı. O günlər millətimiz çox mehriban, yumruq kimi  bir olmuşdu. Dərdimiz hamının dərdi idi.  İnsanların sevgisini, doğma münasibətini, qardaşım üçün axıtdıqları göz yaşını, bizimlə dərd ortaqlığın gördüm. Bu bizə qismən də olsa təsəlli olur ki, Elnur canını əbəs yerə qurban verməyib. 13 noyabrda namaz vaxtı cənazəni gətirdilər. Heç 10 dəqiqə olmadı ki, cənazəni dəfn olunmaq  üçün götürdülər. Dedim axı ikimiz də evin balacası olmuşuq, uşaqlığımız bir keçib. Balaca olsam da, o qədər onu qucağımda ora bura çəkmişəm ki… Dedim ki, olmaz…  qardaşımı son mənzilinə də öz çiynimdə aparacam. Qardaş yükü nə ağır olurmuş… Elə bilirdim göy qopub başıma uçub. Elə bilirdim, çiynimdə bir dağ aparıram. İndi başa düşürəm ki, mən çiynimdə dağ boyda dərdimi aparırammış. Allah heç bacıya belə yükün altına girməyi nəsib etməsin.

Leytenant Elnur Vəliyevin Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda göstərdiyi misilsiz qəhrəmanlıq dövlətimiz tərəfindən yüsək qiymətləndirilərək ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Bayrağı ordeni”, “Vətən uğrunda”, “Füzulinin azad olunması”, “Cəbrayılın azad olunması”, “Şuşanın azad olunması”, “Murovdağın azad olunması”, “Kəlbəcərin azad olunması” medalları ilə təltif olunub.

Elnur Qarabağ savaşında göstərdiyi igidliklə bir qəhrəmanlıq dastanı yazanlardan oldu. Vətəni, bizləri, üzqaralığından qurtarakən, yaralı döyüş yoldaşını xilas etməyə tələsərkən qəhrəmancasına Şəhid oldu. Yurdun bayrağını qaldıranlar, millətin adını yüksəldənlər, Vətəni canından çox sevənlər ölmürlər. Ömürləri Vətənin ömrü qədər əbədiyaşar olur. Elnur da yolunu insanların qəlbindən salaraq Tanrı dərgahına salam aparanlardan oldu. Bir ürək dayandısa da,  bu gün min ürəkdə Elnur adı, Elnur sevgisi yaşayır. Yerin rahat, məqamın uca olsun, Vətəni yaşadan Qəhrəman.

Elşən Qəni,

KONKRET

  • Zamina Elturan
    Aprel 8, 2021 - 13:45

    Nur üzlü Elnurum,Tanrı dərgahında ən uca məqamdasan!Torpaqlarımızın azad edilməsində böyük uğura imza atdın.Ruhun şaddı buna görə.Haqqında deyilən xoş sözləri,yazılanları gerçək bir ürəkağrısı ilə,çox diqqətlə oxudum.Sənin kimi qeyrət simvolu olan Vətən oğlu ilə fəxr etməyə haqqımız var.Başınızı uca tutun,Anam,Atam,bacılarım,Elnur kimi qəhrəmanımız var.Oğullar həm də ona görə dünyaya gəlirki,Vətənə sipər olsunlar,onu düşmən tapdağından qorusunlar,təmizləsinlər.Elnur bunu bacardı.Deyilən xoş sözlər qəlbi titrədən xatirələrdi.Nə yaxşıki,varsanmış,Elnurum.O gözəl baxışlarından simandan olduğu kimi nur süzülür.Vətən torpağına axıb getdi o nur.Bəlkə də buna görədirki,dünyasını dəyişənlər üçün ” məzarı nurla dolsun” deyirlər.Saranı boynu bükük edən Sən deyilsən,rahat uyu.Ömrünün hər səhifəsi bir fəslə döndü.Hər fəsil də igidlik,qəhrəmanlıq,insaniyyətlik dolu.SƏN QƏHRƏMANLIQ DOLU BİR ÖMÜR YOLU KEÇDİN.SƏN QƏHRƏMAM ADINA LAYİQSƏN,ELNURUM!RUHUN ŞAD OLSUN,HƏMİŞƏ QƏLBİMİZDƏSƏN!

  • Kəmalə
    Aprel 16, 2022 - 05:22

    Allah uca məqamını d aim eləsin. Gözüümzün yaşı qurumur Elnurun mavi gözlərini, məgrur duruşunu gördükcə. Vətən sağ olsun!

Zamina Elturan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*