“Cadu, sehr kimi əməllərə dində mənfi yanaşılır. Səmavi dinlərdə, xüsusən də İslamda cadu və cadugərlik haram sayılır. Həzrət Məhəmməd Peyğəmbər (s.ə.s) bunu qadağan edib və şeytan əməli olduğunu bildirib. İslamın bütün məzhəblərinə görə cadu haramdır. Cadu ilə məşğul olan və ona müraciət edənlərin də ən böyük günah sahibi olduğu vurğulanır. Cadunun elmi əsası olmadığı üçün, təsiri sübut edilmədiyinə görə onunla bağlı qanun qəbul olunmayıb. Bu, sadəcə xurafat və şarlatanlıq sayılır”.
Bu sözləri ilahiyyatçı Tural İrfan KONKRET.az-a açıqlamasında səsləndirib:
“Lakin onun doğurduğu mənfi nəticələrlə bağlı müvafiq qanunla uyğun məsuliyyət tədbirləri görülə bilər. Bəzən cadugərliklə məşğul olanlar adamları aldadır, külli miqdarda vəsaitini ələ keçirirlər. Bu da çox zaman adamların sadəlövhlüyündən, xurafata inamından, savadsızlığından doğur. Əsasən sosial şəbəkələrdə, TikTok platformasında bəzilərinin cadunun təbliğatını apardığını görürük. Bu kimi hallar ictimai qınaqla aradan qalxmalıdır. Cəmiyyətimizdə maarifləndirmə aparılmalıdır”.
İlahiyyatçı qeyd edir ki, çox zaman da belə şeyləri saxta dindarlar, xurafatçılar təbliğ edir.
“Adamları özlərindən asılı saxlamaq üçün hər yola əl atanlar var. Hesab edirəm ki, mərhələli şəkildə xurafata, mövhumata, cadugərliyə inananlara qarşı elmi, dini və maarifçilik işi daha ciddi şəkildə aparılmalıdır. Çünki belə şeylər cəmiyyətin sosial həyatına xələl gətirir, cəhalətə aparır və dini hörmətdən salır. Çünki çox zaman cadu kimi məsələləri dinlə əlaqələndirirlər. Halbuki din qəti olaraq bunun əleyhinədir. Cadu və sehr elmi dildə desək, mənfi enerjinin yönləndirilməsidir. Mənfi enerji və bir qədər də psixoloji təsir vasitəsi ilə müəyyən sadəlövh adamları təsir altına salırlar və onlar da sanki bütün problemlərinin bu vasitə ilə həll olacağına inanırlar. Görünür, Qurani Kərimi alıb evinin ən hüdür yerinə qoymağına baxmayaraq açıb oxumurlar. Oxusalar, görərlər ki, cadu və sehr Allah təala tərəfindən haram elan edilib. Sadəcə cəmiyyətə bunu anlamaq lazımdır”.
Aynurə İsmayıl
KONKRET.az