Tanınmış aparıcılar İlqar Mikayıloğlunun və həyat yoldaşı hüquqşünas Zülfiyyə Bayramovanın övladlığa götürdüyü şəxs şəhid olub. Bu haqda hüquqşünas Zülfiyyə Bayramova özü “Elgizlə izlə” verilişinin canlı efirində bildirib. O deyib ki, övladlığa götürdüyü Əmrah adlı oğlan 44 günlük Vətən Müharibəsində şəhid olub.
Bu açıqlama şəhid mayor Vəliyev Vüsalın qardaşı Elyar İslamoğlunu hiddətləndirib. Şəhid qardaşı iddia edib ki, Əmrahın nəşi günlərlə morqda qalıb. O, İlqar və Zülfiyyənin şəhid adı ilə özlərini reklam etdiyini bildirib.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan aparıcı İlqar Mikayıloğlu bu məlumatın tamamilə yalan olduğunu bildirib. O, Elyar İslamoğlunun yanlış məlumat verdiyini qeyd edib.
Elyar İslamoğlu açıqlamasında bu məsələdə yanlış anlaşılma olduğunu etiraf edib:
“Mən ötən gün həmin şəhidin anası ilə əlaqə saxladım, daha sonra İlqar Mikayıloğlu ilə danışdım. Məsələyə aydınlıq gətirdim. Xəbərlərdə yazılmışdı ki, “İlqarla Zülfiyyənin övladlığa götürdüyü şəhid Əmrah…” Həmin xəbərdə nə şəhidin soyadı, nə də haçan şəhid olduğu barədə məlumat qeyd olunmamışdı. 44 günlük Vətən Müharibəsində insanların ən çox ürəyi yanan şəhidlərdən biri Əmrah Rəcəbov idi. Əmrah uşaq evində böyümüşdü və onun nəşi 5 ay morqda qalmışdı. Çünki onun qohumları tapılmırdı. Bu yaxınlarda onun anası məni tapdı və məlum oldu ki, qadın uzun illərdir Türkiyəyə gedib, sənədləri itib, bir çox problem yaşayıb və Azərbaycana qayıda bilmir”.
E.İslamoğlu bildirib ki, İlqar və Zülfiyyənin evində yaşayan şəhid Əmrah Rəcəbov yox, Əmrah Bayramov olub:
“Dünən yayılan Əmrah adlı şəhidlə bağlı xəbəri oxuyanda, orada İlqarla Zülfiyyənin şəhidi övladlığa götürdüyünü görən kimi dərhal ağlıma Əmrah Rəcəbov gəldi. Ona görə sosial şəbəkədə yazdım ki, Əmrahın nəşi 5 ay morqda qalanda heç kəs ona sahib çıxmadı. Lakin sonradan İlqar bəylə danışanda məlum oldu ki, onların övladlığa götürdüyü Əmrah Rəcəbov yox, Əmrah Bayramov imiş. Bundan əlavə Əmrah Bayramov rəsmi qaydada övladlığa verilməyib, sadəcə kollecdə oxuduğu müddətdə İlqar bəygildə yaşayıb, onun oğlanları ilə dost olub. Əmrahın müəlliməsi də təsdiqlədi ki, o övladlığa verilməyib, sadəcə onlarda yaşayıb. Övladlığa verilmə sənədlə olur.
Xəbərin yarımçıq yazılması belə bir anlaşılmazlıq yaradıb və sosial şəbəkələrdə ajiotaja səbəb olub. Hamı elə başa düşdü ki, Zülfiyyə Bayramova Əmrah Rəcəbovu nəzərdə tutur, bu gün isə aydınlaşdırdıq ki, belə deyilmiş”.