KONKRET.az xəbər verir ki, Pekin Filippinin təchizat gəmiləri və sahil mühafizə gəmilərinin Cənubi Çin dənizindəki Renay (Ayungin) rifinin mübahisəli sularına daxil olmasını təxribat kimi qiymətləndirir.
“Filippin Çin tərəfinin mövqeyinə etiraz etməkdə davam edərsə, Çin öz ərazi suverenliyini, dəniz hüquqlarını və maraqlarını qorumaq üçün qətiyyətli tədbirlər görərək cavab verəcək”, – hərbi idarənin saytında yerləşdirilən bəyanatda deyilir.
Qeyd edək ki, Çin sahil mühafizə gəmiləri Cənubi Çin dənizindəki mübahisəli sahil bölgəsində Filippinin təchizat gəmilərinə qarşı su şırnaqlarından istifadə edib.
ÇXR Cənubi Çin dənizində əhəmiyyətli karbohidrogen ehtiyatları aşkar edilmiş bəzi adaların ərazi mülkiyyəti ilə bağlı Bruney, Vyetnam, Malayziya və Filippinlə ciddi mübahisələri yaranıb. Söhbət ilk növbədə Xişa arxipelaqından (Parasel adaları), Nanşa adalarından (Spratlis) və Huanqyandan (Skarboro rifindən) gedir.
Rəsmiyyə Şərifova,
KONKRET.az