Çinlə strateji müttəfiqlik Azərbaycana nə qazandıracaq? – AÇIQLAMAbackend

Çinlə strateji müttəfiqlik Azərbaycana nə qazandıracaq? – AÇIQLAMA

Azərbaycan regional gücdən beynəlxalq aktora çevrilmək üçün qətiyyətli addımlar atır. Bu addımların bir istiqaməti də qlobal güclərlə strateji müttəfiqlikdir.

Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunması da bu baxımdan diqqətəlayiqdir.

Artıq dünyanın iqtisadi nəhəngi Çin Azərbaycanın strateji tərəfdaşıdır. Bu tərəfdaşlıq Azərbaycanın gücünə güc qatacaq və ölkəmizin beynəlxalq oyunçuya çevrilməsinə yardım edəcək.

Nəzərə alaq ki, Azərbaycanın xarici ticarət dövriyyəsində ilk yerləri tutan ölkələrdən biri məhz Çindir. Son illər ticari əlaqələrin genişlənməsi üçün davamlı layihələr həyata keçirilir. Məsələn, Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən və buna qoşulan ilk dövlətlərdən biridir. Eyni zamanda, ölkəmizin nəqliyyat-logistika imkanları, bu sahəyə Azərbaycanın güclü investisiyalar qoyması digər ölkələr kimi Çini də ciddi maraqlandırır. Bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük imkanlarının 5 milyon tona, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılmasını qeyd etmək olar.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən mllət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov qeyd etdi ki, Çinlə Azərbaycan arasında strateji əməkdaşlığın inkişaf etməsi bütövlükdə Azərbaycanın həm Qərb, həm də Şərqlə əlaqələrin genişləndirilməsi anlamına gəlir:

“Çünki, Azərbaycan təkcə Qərb ölkələri ilə deyil, həm də Şərq ölkələri ilə ciddi əməkdaşlıq edir. Və rəsmi Bakı bu əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Çin də dünyanın aparıcı ölkələrindəndir. Nəzərə alsaq ki. ÜDM-nin nominal həcminə görə Çin dünya sıralamasında ikincidir. Hazırda Çinin nominal ÜDM-u 18 trilyon dollardan çoxdur. ÜDM-nin real həcminə görə isə dünyada liderdir. Bu da o deməkdir ki, Çin dünyanın ilk iki güclü iqtisadiyyata malik ölkəsindən biridir. Belə bir ölkə ilə iqtisadi-siyasi əməkdaşlıq təbii ki, Azərbaycanın iqtisadi imkanlarının artırılmasına əlavə imkan yaradır. Təsadüfi deyil ki, Azərbaycan-Çin iqtisadi əlaqələrində bir dinamika var. İki ölkə arasında illik ticarət dövriyyəsi 3 milyard dollara qədər yüksəlib. Bu da o deməkdir ki. Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir”.

Millət vəkili hesab edir ki, strateji münasibətlərin formalaşması, hər iki ölkə lideri arasındakı isti münasibətlər dövlətlər arasındakı münasibətlərin də inkişaf etməsinə meydan açır:

“Bu son nəticədə Azərbaycanla Çin arasındakı ticarət dövriyyəsinə də təsir göstərir. Nəzərə alaq ki, strateji əməkdaşlıq yalnız iqtisadi sferanı əhatə eləmir. Bu digər sahələrdə də əməkdaşlığın dərinləşməsinə imkan verir. Ona görə də Birgə Bəyannamə Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biridir. Strateji əməkdaşlığın formalaşması ondan xəbər verir ki, Azərbaycan uğurlu xarici siyasət həyata keçirir. Bu siyasət həm də Azərbaycanın milli maraqların qorunmasına gətirib çıxarır. Ona görə də yeni anlaşma iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq”.

Natiq Səlim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*