Dabaq xəstəliyinə görə məhdudiyyətlər tətbiq edildi: Ət və ət  məhsullarının qiyməti artacaq?backend

Dabaq xəstəliyinə görə məhdudiyyətlər tətbiq edildi: Ət və ət məhsullarının qiyməti artacaq?

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyə Respublikasının Hakkari vilayətində dabaq xəstəliyi qeydə alınıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bu yoluxucu xəstəlikdən qorunmaq üçün AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Bəs, dabaq xəstəliyinə görə tətbiq edilən idxal və tranzit məhdudiyyətləri yerli bazarda ət məhsullarının qiymətinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib ki, bu tədbir əsasən, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) qəbul etdiyi qərarlara istinadən həyata keçirilir. Hazırda Əlcəzairin bəzi bölgələrində və Türkiyənin müəyyən bir ərazisində dabaq xəstəliyinin yayılması rəsmi şəkildə təsdiqlənib. Artıq ÜHST bu barədə ictimaiyyətə məlumat yayıb.

Akif Nəsirli

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də vəziyyəti nəzərə alaraq müvafiq qərar qəbul edib. Bu qərarın Azərbaycanın daxili bazarına mümkün təsirlərini qiymətləndirmək üçün ilk növbədə həmin bölgələrdən ölkəmizə heyvan və heyvan mənşəli məhsul idxal edilib-edilmədiyinə nəzər salmalıyıq.

Əlcəzairdən ümumiyyətlə heyvan idxalı həyata keçirilmir. Türkiyədən isə məhdud həcmdə, yəni qismən idxal olunur. Əsas diri heyvan və ət idxal etdiyimiz ölkələr isə Gürcüstan, Qazaxıstan, Rusiya, qismən Türkiyə, bəzən də Pakistan və Hindistandır. Statistik göstəricilərə əsaslansaq, Azərbaycanın ümumi idxalının təxminən 2-3 faizi ÜHST-in karantin elan etdiyi bölgələrin payına düşür”.

A.Nəsirli Qeyd edib ki, Türkiyədən edilən idxal da məhz dabaq xəstəliyinin yayılmadığı digər bölgələrdən həyata keçirilə bilər. Bu baxımdan qəbul edilən qərarın Azərbaycanın daxili bazarına ciddi və neqativ təsir göstərməsi ehtimalı aşağıdır:

“Əslində bu tədbir zərərdən çox, heyvan sağlamlığının qorunması və zoonoz xəstəliklərin yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, bu cür qabaqlayıcı addımlar həm də daxili istehsalın təhlükəsizliyini təmin etməyə və potensial riskləri minimuma salmağa xidmət göstərir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*