“ABŞ mətbuatı son zamanlarda Cənubi Qafqazdakı proseslərə əvvəlkindən daha çox diqqət yetirməyə başlayıb. Yazılan məqalələrin məzmunu da demək olar eynidir”.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
Qəzet ABŞ KİV-lərinin birində yaxın zamanda nəşr olunan məqalənin başlığının diqqət çəkdiyini bildirib:
“Fövqəldövlət rəqabəti Qafqaza daxil olur” başlıqlı məqalə xüsusi əhəmiyyət daşıyır. Çünki müəlliflər Donald Trampın prezidentliyi dövründə yüksək vəzifələrdə çalışmış bir şəxsin rəhbərlik etdiyi ekspertlər qrupudur. Söhbət ABŞ Dövlət Departamentinin Baş müşaviri və müdafiə nazirinin köməkçisinin müavini olmuş Uilyam Volfdan gedir. Məqalə Ermənistanın KTMT-dən çıxması və Qərbə yönəlməsindən bəhs edir. Üstəlik, KTMT-dən çıxmaq yaxın gələcəkdə baş verəcək hadisə, hətta az qala reallıq kimi dəyərləndirilir. Bildirilir ki, ABŞ bu məsələdə Ermənistana ciddi dəstək verməlidir. Ancaq diqqətçəkən məqam odur ki, KTMT-dən çıxıb Qərbin qucağına düşməyin İrəvana nə qazandıracağına dair heç nə qeyd edilmir. Bunun əvəzində həmin vəziyyətin Vaşinqtonun maraqlarına uyğunluğundan bəhs olunur. Nəşr yazır ki, İrəvanın geri çəkilməsi və Qərbə istiqamətlənməsi ABŞ-ın regionda mövqelərini gücləndirməsinə ciddi şərait yaradacaq”.
Məqalədə yazılır ki, Vaşinqton bununla Çinin regiondan keçəcək “Bir kəmər, bir yol” layihəsinin icrasını da çətinləşdirməyə çalışır:
“İrəvan sayəsində regionda güclənən Ağ Ev Çinə çətinlik törədəcək. Həmçinin Vaqşintonun Cənubi Qafqaz məsələsində Türkiyədən asılılığı da əvvəlki kimi olmayacaq. Faktiki olaraq ABŞ öz maraqları naminə Ermənistanın təhlükəsizliyini təhdid altına atır. Onun məqsədi Ermənistanın müstəqilliyi və suverenliyi bahasına belə olsa bu ölkəni geosiyasi oyunçular arasında toqquşma meydanına çevirməkdir”./globalinfo.az