Deputat KONKRET.az-ın əməkdaşını təhdid və təhqir etdi: “Üzümün dönən vaxtı olacaq”…backend

Deputat KONKRET.az-ın əməkdaşını təhdid və təhqir etdi: "Üzümün dönən vaxtı olacaq"...

Parlamentdə təmsil olunan bir çox deputatlar var ki, onların biznes fəaliyyəti haqda yerli mediada tez-tez materiallar dərc olunur. Bununla yanaşı, vəzifəsi millətə vəkillik etmək, onların problemlərini ali qanunverici orqanda dilə gətirmək olan bəzi deputatlarn sərgilədiyi qərəzli mövqe və səsləndirdiyi xoşagəlməz ifadələr də insanlarda qıcıq yaradır. Belə demək mümkünsə, Azərbaycan parlamentinin bəzi üzvləri şou-biznes əhlindən daha çox gündəmdə qalmağı yaxşı bacarır. Kimisi dəyəri milyonlarla ölçülən mülkləri, kimisi övladlarının çılğınlığı, kimisi də adekvat olmayan ifadələr səsləndirməsi ilə “trend”ə düşür. Təbii ki, bu cür mövzular medianın diqqətindən kənarda qalmır və yerli mətbuatda deputatların da hərəkətləri gündəmə çevrilir, ara-sıra haqlı tənqid atəşinə tutulur.  Amma təəssüflər olsun ki, bütün bu neqativ hallardan dərs çıxarmaq əvəzinə, bəzi millət vəkilləri onların “fəaliyyəti” haqda yazan media qurumlarını və jurnalistləri təhdid və təhqir etməkdən belə çəkinmir. Oğlunun vergi borcundan tutmuş, özünün biznes imperiyasına, mal-mülklərinin siyahısına, habelə payladığı ianələrlə ucuz şou yaratmasına qədər bir çox məsələlərdə tez-tez adı hallanan Fəzail Ağamalı da bu qəbildən olan deputatlardandır.

Əslində bir az haşiyəyə çıxıb bildirmək istəyirəm ki, deputat Fəzail Ağamalı ilə dəfələrlə müsahibələr edib, müxtəlif mövzularda açıqlamalar almışam. İnsafən, adam hər zaman mediaya açıq olub və ünvanladığım sualları cavablandırıb. Növbəti dəfə də AMEA-dakı proseslərlə bağlı açıqlama almaq üçün Fəzail Ağamalıya zəng etsəm də, dəstəyin o başında sanki başqa bir adam idi. Mənə sualımı ünvanlamağa, fikrimi bildirməyə imkan vermədən sanki illərdir yığılıb-qalan kin-küdurətini və aqressiyasını üzərimə tökməyə başladı:

“Bilirsən ki, mən Fəzail Ağamalıyam, siyasətə dünən gələn adam deyiləm. Hər şeyi dəqiq müəyyənləşdirən insanam. Mərdi qova-qova namərd etməyin” – məhz bu cümlələrlə üzərimə hücuma keçdi Fəzail Ağamalı… Doğrusu, nə baş verdiyini tam anlamadan ona başqa mövzu ilə bağlı açıqlama almaq istədiyimi bildirməyə çalışsam da, gözü dönmüş deputat buna imkan vermədi və sözlərini davam etdirdi:

“Hər şeyi oxuyuram. Susuramsa, o demək deyil ki, heç nədən xəbərim yoxdur”.

Bu məqamda az öncə Fəzail müəllimin oğlunun vergiyə borcu olması ilə bağlı mediada yayımlanan və bizim sayt (KONKRET.az) tərəfindən də dərc edilən xəbər yadıma düşdü. Hörmətli deputatın yəqin bu xəbəri görüb əsəbiləşdiyini güman edərək, ona məsələnin mahiyyətini anlatmağa çalışsam da, deputat yenə imkan vermədi:

“Oğlumun vergiyə borcu  var da, məgər sənin borcun yoxdur? Mənim oğlumun 18 yox, 48 yaşı var. Neyləmək istəyirsiniz bunu yayımlamaqla?”.

Fəzail Ağamalının əsəbi elə həddə idi ki, “ağzından çıxanı qulağı duymurdu”. Deputat “maaşı” ilə dəbdəbəli villalara, bağçalar şəbəkəsinə, boru sexlərinə, çınqıl zavodu və daha nələrə sahib olan Fəzail Ağamalının kişilikdən dəm vurmasını isə söhbətimizin pik həddi adlandıra bilərəm. “Öz gözündə tiri görməyən, başqasında çöp axtaran” cənab Ağamalı mənə və işlədiyim sayta qarşı həqarəti ilə əslində iç üzünü ortaya qoyduğunun fərqinə varmadı:

“Çörəyi də kişi kimi yeyərlər, dostluğu da kişi kimi edərlər. Allaha and olsun, üzümün dönən vaxtı olacaq, bundan sonra məni heç kim dayandıra bilməyəcək. Mən sənə deyirəm! Yığıram, hamınızdan yığıram…”.

Görünür, Fəzail Ağamalı özünü mafiya babası, yaxud yeraltı dünyanın kralı hesab etdiyi üçün belə “voravskoy” tonda danışmaqdan çəkinmədi. Onu hətta “dördüncü hakimiyyət” nümayəndəsi ilə danışması da dayandıra bilmədi. Yaxud “deputat maaşı” hesabına yığdığı sərvətə arxalanaraq, “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət etməyə üstünlük verdi. Bəs sıravi deputat maaşı ilə milyonlara sahib olmaq, millətin gələcəyi üçün yox, şəxsi mənfəətə görə çalışmaq, jurnalisti, onun fəaliyyət göstərdiyi media qurumunu təhqir etmək hansı kişiliyə və dostluğa sığır, ay Fəzail müəllim?! Bəlkə bu haqda da düşünəsiniz? Ümumiyyətlə, bir millət vəkili, bir ziyalı şəxs niyə bu cür etikadan kənar danışsın ki? Görünən odur ki, Fəzail Ağamalı KONKRET.az-da onun haqda dərc edilən materiallardan bərk narahat olub. Ona görə də bu cür aqressiv və kobud reaksiya verməklə ürəyini rahatlamaq istəyib.

“A kişi, sən kimsən? Niyə bu qədər təhdid edirsən? Məcbur edirsən ki, səsimi qaldırım. Fəzail Ağamalı haqda gedən bütün yazılarda KONKRET.az var. Mənim əleyhimə kim nə yazır, hamısı siyahımdadır. Mənimlə əməkdaşlıq edib pul almaq istəyirsiniz? Ünvanı səhv salmısınız. Adam kişi olar…” – Fəzail müəllimin növbəti fikirləri isə heç bir məntiqə sığmamaqla yanaşı, həm də şər və böhtandır. Biz sizi nə zaman təhdid etmişik, Fəzail Ağamalı? Əgər buna dair bir sübutunuz varsa, buyurun, konkret danışaq. Əks halda jurnalistə şər və böhtan atdığınız, təhqiramiz ifadələr işlətdiyiniz üçün üzr istəyin! Biz isə sizin təhqir və təhdidlərinizlə bağlı lazım gəlsə ortaya fakt qoymağa hazırıq. O ki qaldı pul məsələsinə, çox şükür ki, sizin kimilərdən asılı olacaq durumda deyilik. Və nəinki siz, heç bir həmkarınız belə onunla şantaj və təhdid yolu ilə “əməkdaşlıq” etdiyimizi deyə bilməz.

Və ən əsası, yaxşı olardı ki, işinizi-gücünüzü atıb mediada haqqınızda gedən yazıların siyahısını tutmaqdansa, millətə vəkillik edib, insanların sosial vəziyyəti və problemləri ilə məşğul olasınız. O zaman təhqir və təhdid etdiyiniz media sizin neqativ yox, nəcib əməllərinizdən yazacaq. Buna şübhəniz olmasın!..

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*