Xəbər verildiyi kimi, iyulun 27-də Prezident İlham Əliyev Emin Əmrullayevi Azərbaycanın təhsil naziri təyin edib. Qeyd edək ki, Emin Əmrullayev Azərbaycanın ən gənc naziridir. Son dövrlər gənclərin yüksək vəzifəyə gətirilməsi dövlətimizə nələri qazandıracaq?
Bununla bağlı KONKRET.az-a danışan Aydın Mirzəzadə bildirib ki, yeni kadrların təyin edilməsi cəmiyyətdə olan potensialdan hər tərəfli yararlanmaq imkanı yaradır: “Onların arasında gənclərin olması bizi sevindirir. Bu gənclər müstəqillik dövründə formalaşıblar. Azərbaycançılıq və ərazi bütövlüyü düşüncəsi ilə formalaşan gənclərimiz bu gün ayrı-ayrı sahələrin yenilənməsində, ən qabaqcıl təcrübənin həmin sahəyə gətirilməsində böyük rol oynayacaq.
Hesab edirəm ki, birinci şəxslərin gənclərdən təyin edilməsi və onların enerjisini daha geniş ifadə etməyə, ətrafına yeni düşüncəli insanları toplamağa, tapşırılan sahənin problemini həll edərək müasirləşdirməyə imkan verəcək. Yüksək vəzifəyə təyin olunan gənclər hər kəsin gözü önündə pilə-pilə qalxıblar. Cəmiyyətimizə tanışdırlar. Onlar fəaliyyəti dövlətimiz üçün müsbət nəticələr verəcəyini bu gündən proqnozlaşdırmaq olar”.
Nərgiz Mirzəyeva,
KONKRET.az