DİQQƏT: Azərbaycanda bu kəndlər birləşdiriləcək? – VACİB AÇIQLAMAbackend

DİQQƏT: Azərbaycanda bu kəndlər birləşdiriləcək? - VACİB AÇIQLAMA

Azərbaycanda son illər regionlardan iri şəhərlərə və rayon mərkəzlərinə miqrasiyanın artması kəndlərin gələcəyi ilə bağlı yeni müzakirələr yaradıb. Xüsusilə dağ və ucqar ərazilərdə yerləşən kiçik yaşayış məntəqələrində əhali sayının azalması sosial infrastrukturun saxlanılması, məktəb və tibb xidmətlərinin davamlılığı, eləcə də iqtisadi aktivliyin qorunması baxımından ciddi suallar doğurur. Bir sıra kəndlərin demək olar ki, boşalması fonunda dövlət resurslarının səmərəli idarə olunması, regional inkişafın yeni modelləri və yaşayış məntəqələrinin optimallaşdırılması məsələsi gündəmə gəlir. Dünyanın müxtəlif ölkələrində tətbiq edilən kəndlərin birləşdirilməsi və ya iri qəsəbələrin yaradılması təcrübəsi fonunda Azərbaycanda da oxşar addımların mümkünlüyü müzakirə olunur. Bəs gələcəkdə əhalisi azalan kiçik kəndlərin birləşdirilməsi real ssenariyə çevrilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, kiçik kəndlərin birləşdirilməsi inzibati qərarla həyata keçirilə biləcək sadə proses deyil.

Natiq Cəfərli REAL-ın sədri oldu | Modern.az

Onun sözlərinə görə, əslində bu proses artıq təbii şəkildə baş verir:

“Kiçik kəndlər tədricən boşalır, insanlar həmin ərazilərdə yaşamaq istəmir. Şəhərlərə və böyük rayon mərkəzlərinə köç artır. Təəssüf ki, bu, təkcə Azərbaycana xas deyil, dünyada da geniş yayılmış tendensiyadır. Xüsusilə, dağ kəndlərində yaşayanların sayı sürətlə azalır”.

İqtisadçı vurğulayıb ki, kəndlərin süni şəkildə birləşdirilməsi real görünmür:

“Bunu inzibati qaydada etmək çətindir. İnsanlara sadəcə köçməyi deməklə məsələ həll olunmur. Birləşmə yalnız cəlbedici təkliflər vasitəsilə mümkündür. Çıxış yolu kimi böyük və müasir qəsəbələrin salınması, kənd sakinlərinə torpaq və ev mülkiyyətini saxlamaq şərti ilə həmin ərazilərə köçün təşviq edilməsi daha effektiv model sayılır”.

Ekspert hesab edir ki, düzgün iqtisadi və sosial stimullar tətbiq olunarsa, kiçik kəndlərin tədricən bir mərkəzdə cəmləşməsi təbii proses kimi formalaşa bilər, lakin bunun süni yollarla həyata keçirilməsi mümkün deyil.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*