DİQQƏT: Buraxılış və qəbul imtahanları birləşdirilə bilər…backend

DİQQƏT: Buraxılış və qəbul imtahanları birləşdirilə bilər...

Buraxılış və qəbul imtahanlarının ayrı-ayrı vaxtlarda keçirilməsi uzun illərdir təhsil ictimaiyyətində müzakirə mövzusudur. Xüsusilə 11-ci siniflərdə tədris prosesinin faktiki olaraq dayanması bu məsələyə marağı daha da artırır. Bəs gələcəkdə buraxılış və qəbul imtahanlarının birləşdirilməsi mümkündürmü?

Bu barədə KONKRET.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib ki, hazırda buraxılış və qəbul imtahanlarının fərqli vaxtlarda keçirilməsi ümumtəhsil məktəblərində ciddi problemlər yaradır:

“Həm buraxılış, həm də qəbul imtahanlarının ayrı-ayrı vaxtlarda təşkili tədris prosesinin davamiyyətini pozur. Bilirsiniz ki, 11-ci sinif şagirdləri buraxılış imtahanını təxminən 12–14 həftə əvvəl verirlər. Bundan sonra isə şagirdlər qəbul imtahanlarına hazırlaşmağa üstünlük verir, məktəbdə tədris faktiki olaraq dayanır. Məktəblər çıxılmaz vəziyyətdə qalır”.

Ekspertin sözlərinə görə, buraxılış imtahanını verən şagirdin məktəbə davam etməsi sual doğurur:

“Məntiqlə götürsək, bir şəxs buraxılış imtahanını veribsə, niyə məktəbə gəlməlidir? Bu vəziyyət həm şagird, həm müəllim, həm də məktəb üçün əlavə problemlər yaradır”.

Tələbələrə ŞAD XƏBƏR: Bu güzəştlər tətbiq oluna bilər | KONKRET

Məzahir Məmmədli qeyd edib ki, buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsi gündəmə gəlsə belə, bu, ən azı bir il öncədən ciddi müzakirə olunmalıdır:

“Hazırda bu istiqamətdə real addımlar görünmür. Düşünürəm ki, yaxın vaxtlarda bu problem həllini tapmayacaq”.

Bununla belə, ekspert vahid imtahan sisteminə keçidin tərəfdarı olduğunu vurğulayıb:

“Çox istərdim ki, buraxılış və qəbul imtahanları bir yerdə keçirilsin. Abituriyentlər üçün mövcud sistem həddindən artıq ağırdır. Aralıq, buraxılış və qəbul imtahanları əvəzinə vahid imtahan modelinə keçid daha məqsədəuyğun olar”.

Qeyd edək ki, son illər buraxılış və qəbul imtahanlarının vaxt bölgüsü ilə bağlı valideynlər, müəllimlər və şagirdlər arasında narazılıqlar artmaqdadır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*