Bir çox ölkələrdə şəxsiyyət və sürücülük vəsiqəsinin bir sənəddə birləşdirilməsi artıq tətbiq olunur. Maraqlıdır, bu addım yaxın gələcəkdə Azərbaycanda da reallaşa bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan vəkil Ramil Süleymanov bildirib ki, bu cür vahid sənədin tətbiqi texnoloji baxımdan mümkündür:
“Bir çox ölkələrdə şəxs bir vəsiqə ilə biometrik və elektron məlumatlarını təqdim edir. Həmin sənəd çip vasitəsilə oxunduqda, şəxsin bütün zəruri məlumatları elektron sistemdə əks olunur. Dövlət qurumları da bu məlumatların inteqrasiyasında vahid şəkildə iştirak edirlər.”
Vəkilin sözlərinə görə, Azərbaycanda da həm şəxsiyyət, həm də sürücülük vəsiqəsi Daxili İşlər Nazirliyi tərəfindən verildiyi üçün bu məlumatların birləşdirilməsi texniki baxımdan çətinlik yaratmır:
“Həm şəxsiyyət vəsiqələrinin, həm də sürücülük vəsiqələrinin elektron şəkildə istifadəsi və yoxlanılması artıq mümkündür. Gələcəkdə bu məlumatların bir sənəddə birləşdirilməsi istisna edilmir. Lakin hazırda iki fərqli sənədin tətbiqi daha məqsədəuyğun hesab olunur.”
Ramil Süleymanov həmçinin vurğulayıb ki, gələcəkdə ümumiyyətlə fiziki sənədlərin dövriyyədən çıxması da mümkündür:
“Zamanla material, yəni fiziki sənədlərin olması artıq aradan qalxacaq. Bu, o halda baş verəcək ki, hər kəs ağıllı telefonlardan və elektron identifikasiya sistemlərindən istifadə edə biləcək.”
Aynurə İsmayıl
KONKRET.az