“Doğmalarımın mərmər qəbir daşlarını oğurlayıblar” – Milli Məclisin deputatıbackend

“Doğmalarımın mərmər qəbir daşlarını oğurlayıblar” - Milli Məclisin deputatı

Millət vəkili Ceyhun Məmmədov doğma rayonuna, işğaldan azad edilmiş Cəbrayıla səfər edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə feysbuk hesabında paylaşım edib.

C. Məmmədov doğmalarının ermənilər tərəfindən güllələnmiş, dağıdılmış məzarlarının fotolarını paylaşaraq yazıb:

“Əziz həmvətənlər! Bu şəkildə gördüyünüz qəbirlər mənim babamın, nənəmin və digər doğmalarımın qəbirləridir. Babamın qəbiri mərmər olduğu üçün onun üz daşlarını qəbir oğruları oğurlayıblar. Digər qəbirlər adi daşdan olduğu üçün ona dəyməyiblər.

Əvvəl də paylaşmışdım qəbirstanlıqlardakı bütün daşların üzərində atəş izləri var, özü də gözlərinin içindən. Üzərində məscid olan qəbirlər də atəşə məruz qalıblar. Sözlə bunları ifadə etmək çox çətin və ağırdır.

Ancaq bilirsiniz insana həm də ən çox nə pis təsir edir? Günahsız olduğumuz yerdə günahlandırılmağımız, ermənilərə qarşı soyqırımında ittiham olunmağımız. Çox təəssüf!”

C.Məmmədov əcnəbi diplomatların bu vandallığa göz yummalarını vurğulayıb:

“O qəbirləri mənim kimi, həmin ölkələrə səfər edən ayrı-ayrı ölkələrin diplomatları da görüblər. Əcəba öz ölkələrinin müvafiq qurumlarına məlumat verməyiblərmi? Makronun və onun kimi düşünənlərin bu əməllərdən xəbərləri yoxdurmu? Var, ancaq onların gözləri, daha doğrusu vicdanları kordur. Onları həqiqətləri görməyə qoymur.

Sonda sözüm dəyərli gənclərədir. Dəyərli gənclər! Unutmayın ki, sizin üzərinizə çox böyük məsuliyyət düşür. Biz tarixin hansısa bir mərhələsində yenidən ermənilərin bizim başı pozuqluğumuzdan istifadə edib eyni qırğını və işğalı törətmələrinə imkan verməməliyik.

Biz tez-tez deyirik, tarix təkrarlanır. Düşünürəm, xalqlar tarixdən nəticə çıxarmayanda təkrarlanır. Ona görə tariximizi yaxşı öyrənək, üzərimizdə daha çox işləyək, bir və həmrəy olaq. Qruplaşmadan, qısqanclıqdan, başıpozuqluqdan uzaq olaq. Yoxsa tarix bizi bağışlamayacaq. Necə ki, ötən əsrin sonlarında bağışlamadı”.//Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*