Bakının ən sağalmaz “yaralarından” biri də tıxaclardır. Uzun illərdir ki, bu problemə “məlhəm” tapmaq mümkün olmayıb. Müxtəlif sınaqlar keçirilsə də, yekun nəticə uğurla başa çatmayıb. Elə ona görədir ki, sentyabr və oktyabr aylarında Bakıda dözülməz vəziyyət yaranır. Nəqliyyatın iflic olması, insanların mənzil başına vaxtında çatmasına mane olmaqla yanaşı, sürücülərə də maddi ziyan vurur. Təxmini hesablamalara görə, ABŞ-də hər bir adam il ərzində tıxacda 36 saat vaxt keçirir. Almaniyada isə bu rəqəm 60-dır. Şübhəsizdir ki, Azərbaycanda da bu məsələ ilə bağlı statistika aparılsaydı, rəqəmlər bir-birindən çox da uzaq olmazdı.
Məlum olduğu kimi, gələn ay Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 keçiriləcək. 100-dək ölkənin dövlət və hökumət başçıları, eyni zamanda 80 minə qədər qonağın Azərbaycana səfərini nəzərə alaraq nəqliyyat infrastrukturunu və s. məsələləri nizamlamaq üçün dövlət qurumlarının 70 faizi onlayn qaydada işləyəcək. Təbii ki, bu da öz növbəsində az da olsa, tıxacların qarşısını alacaq.
Düzdür, COVID-19 pandemiyası zamanı ölkəmizdə və dünyada təcrübə bazası formalaşıb. Həmin vaxtlar məlum səbəblərdən yollar boş idi. Bir növ Bakı rahat “nəfəs alırdı”. Ancaq bu məsələnin davamlı olması üçün ciddi addımlar atılmalıdır.
Əksər insanlar kimi, təhsil müəssisələrinin distant formaya keçməsinin tərəfdarı deyilik. Ancaq iş yerləri, mümkün olduqca məsafədən işlənilməlidir. Pandemiya dövründə məcburi də olsa, bunun mümkünlüyünə şahid olduq. Demək ki, sivil zamanlarda da bu addımı atmaq olar. Bakı şəhərində çalışanların 30 faizi məsafədən öz işini görərsə, bu, sıxılığın azalmasına kömək ola bilər.
İkinci vacib məqam isə nəqliyyat axınının optimallaşdırılmasıdır. Bir çox Qərb ölkələrində tıxacların müşahidə və idarə edilməsi üçün data analizi və alqoritmlərdən istifadə sistemi tətbiq edilir. Bu zaman işıqforların da fəaliyyəti tənzimlənlir. Bu da axıcılığı təmin etməkdə kömək olan vasitələrdən biridir.
Həmçinin iş saatlarının tənzimlənməsi də müzakirə edilən məsələlərdəndir. Belə ki, Azərbaycanda işlər standart vaxtda – 9-dan 6-ya qədərdir. Bu isə yüzminlərlə insanın eyni anda nəqliyyatdan istifadə etməsinə səbəb olur. Eyni zamanda, universitet və kolleclərin eyni saatda başlaması nəqliyyat axını üçün əlavə yükdür. Odur ki, razılaşdırılmış şəkildə işlərin başlama saatının dəyişdirilməsi məqsədəuyğun hesab edilir.
Beynəlxalq əhəmiyyətli tədbirlərin Bakıdan kənarda keçirilməsi də qeyd olunası məqamlar sırasındadır. Bu gün ölkəmizdə baş tutan kiçik tədbirlərin və beynəlxalq əhəmiyyətli layihələrin əksər hallarda dəyişməz ünvanı Bakıdır. Bunları Gəncə, Naxçıvan və digər rayonlarda təşkil etmək insanların gündəlik yaşamına da mane olmaz.
Hökumət dəniz nəqliyyatının da reallaşdırılmasını nəzərdən keçirə bilər.
Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, Sinqapur tıxac problemini həll etmək üçün genişləndirilmiş metro və avtobus şəbəkəsinə sərmayə qoyub. Bu şəhərdə ictimai nəqliyyatdan istifadə edənlər üçün xüsusi güzəştlər təqdim edilir.
London isə dünyada ən qədim metro sistemlərindən birinə malikdir və şəhərdaxili hərəkətin rahatlaşması üçün ictimai nəqliyyatın payını artırmaq məqsədilə yeni metro xəttləri və avtobus marşrutları təşkil edilir.
Los-Anceles şəhərində real vaxtda tıxacları azaldan ağıllı nəqliyyat idarəetmə sistemi tətbiq olunur. Bu sistem, yollardakı tıxac vəziyyətinə uyğun olaraq işıqforların fəaliyyətini tənzimləyir.
Göründüyü kimi, Bakının “xəstəliyinə” “dərman” tapmaq o qədər də çətin deyil. Sadəcə düzgün yanaşma və məsuliyyət sayəsində bu problem həll oluna bilər.
Natiq Səlim,
KONKRET.az