Duma üzvünün Türkiyə haqda dediklərinin arxasında nələr yatır?backend

Duma üzvünün Türkiyə haqda dediklərinin arxasında nələr yatır?

ABŞ prezidenti Co Baydenin aprelin 24-də “erməni soyqırımı” ifadəsi işlətməsi hələ də dünya gündəmini zəbt edib. Son olaraq, Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr üzrə komitə sədri Leonid Slutski bu barədə danışıb.

O deyib ki, Baydenin “soyqırımı” tanıması Ankara üçün ABŞ məhkəmələrində Türkiyəyə qarşı çoxsaylı iddiaların qaldırılmasına gətirə bilər. Sitat: “Bu, rəsmi Ankara üçün heç də təhlükəsiz deyil”.

Rusiyalı siyasətçi düzmü söyləyir? Hansı iddialardan söhbət gedə bilər?

KONKRET.az xəbər verir ki, beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev yaranan suallara bu cür aydınlıq gətirib: “ABŞ prezidenti Baydenin 24 aprel müraciətində “soyqırım” ifadəsini işlətməsi Türkiyə üçün nə qədər xoşagəlməz olsa da, eyni zamanda, erməniləri sevindirsə də, bu ifadənin Türkiyəyə hüquqi məsuliyyət daşıtdıracaq gücü yoxdur. Dünyanın ən güclü dövlətinin prezidentinin dilindən belə bir ifadənin səsləndirilməsinə nail olmaq ermənilər üçün daha çox mənəvi məsələ idi. İstəsələr belə, bundan o yana gedişləri yoxdur. 4 ildən sonra ABŞ-ın yeni prezidenti kim olacaqsa, o məlum gündə bu ifadəni işlətməyə bilər. 1981-ci ildə ABŞ prezidenti Reyqan 24 aprel müraciətində “soyqırım” ifadəsini işlətmişdi.

Putinlə Ərdoğanın Afrika görüşü: Qarabağ müzakirə ediləcək?

Elşən Mustafayev: “ABŞ-ın yeni prezidenti “soyqırım” deməyə bilər”

Ondan öncəki və sonrakı prezidentlər Baydenə qədər bu ifadəni işlətməmişdilər. Bu çıxışının ABŞ məhkəmələrində Türkiyəyə qarşı hər hansı iddialar qaldırması, təzminat davası açması üçün şərait yaratma perspektivini görmürəm. ABŞ daxilində ayrı-ayrı məhkəmələr istənilən məsələni müzakirə edib qərar verə bilərlər. Amma qərarların “soyqırım”ın beynəlxalq statusda tanınması ilə bağlı heç bir əlaqəsi olmayacaq. Eyni zamanda, belə məhkəmələrin başqa dövlətlərə qarşı qaldırdığı iddiaların da heç bir hüquqi gücü olmur. Bayden bu ifadəni hansısa səbəbdən işlətməyə məcbur olubsa, belə bundan sonra daha da qabağa getməklə Türkiyəni itirmək təhlükəsi ilə üz-üzə qalmaq istəməz. Hətta şəxsən istəsə belə ona imkan verməzlər. Türkiyəyə qarşı qərar verə biləcək yeganə orqan Beynəlxalq məhkəmələrin verəcəyi qərarlar ola bilər. Bu günə kimi belə məhkəmənin olmamasının yeganə səbəbini isə beynəlxalq səviyyədə hüquqi araşdırma olacağı halda ermənilərin 100 ildən artıq müddətdə yalan və saxta “soyqırım” təbliğatı apardıqlarının məlum olacağıdır. Yeri gəlmişkən, Türkiyə beynəlxalq səviyyədə araşdırmanın aparılmasını uzun illərdir tələb edir və həmin dövrə siyasətçilərin dili ilə yox, hər tərəfdən arxivlərin açılmasından və tarixçilərin araşdırmasından sonra qiymət verməyə çağırır”.

Əziz Əlibəyli: “Avropanın təzyiqləri Dağlıq Qarabağda rus  sülhməramlılarının əlini gücləndirir”

Əziz Əlibəyli: “Özlərini ABŞ-ın yerində Türkiyəyə müttəfiq kimi göstərirlər”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli də Türkiyə üçün təhlükə görmür: “Ümumiyyətlə, ABŞ məhkəmələrində Türkiyə qarşı iddialar əvvəllər də qaldırılıb. Bu iddiaların hüququ mexanizmi və məcburiyyət prinsipi nə qədərdir? Burada söhbət başqa bir ölkədən gedir. İrəli sürülən iddialar beynəlxalq qanunvericiliklə tənzimlənməlidir. Burada Türkiyə tərəfi “soyqırım” iddiasını qəbul edərsə, bu zaman deyilənlər mümkün ola bilər. Amma belə bir hadisənin olmadığını hər kəs bilir. ABŞ məhkəmələrinin çıxardığı qərarlar əslində birtərəfli xarakter daşıyır. Hazırda Rusiya Türkiyə-ABŞ arasında yaşanan soyuq münasibətlərdən çox razıdır. Düşünürəm k, bu açıqlamanın verilməsi də təsadüf sayıla bilməz. Bir növ Türkiyəyə uyarı da ola bilər. Özlərini ABŞ-ın yerində Türkiyəyə müttəfiq kimi göstərirlər. Qardaş ölkəni ciddi şəkildə təhlükələrin gözlədiyini düşünmürəm”.

Cavanşir ABBASLI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*