Dünya bunu çoxdan edib: Azərbaycanda da olacaq – YENİLİKbackend

Dünya bunu çoxdan edib: Azərbaycanda da olacaq – YENİLİK

Elm və təhsil naziri Emin Əmrullayevin məktəblərdə Çin dilinin tədris olunması ilə bağlı fikirləri müzakirələrə səbəb olub. Bəziləri bunun faydalı olacağını düşünür, digərləri qərarın əhəmiyyətini sorğulayır. Bu istiqamətdə valideynlər və təhsil mütəxəssisləri arasında fərqli yanaşmalar var.

Niyə məhz Çin dili? Bu addım gənclər üçün hansı imkanlar yarada bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan təhsil eksperti Sona Əliyeva deyib ki, nazirin fikri önəmli strateji təşəbbüsdür:

“Çin iqtisadi baxımdan dünyanın ikinci, texnoloji innovasiyalara görə isə lider ölkələrindən biridir. Son illər rəsmi Pekinlə Bakının enerji, nəqliyyat, ticarət, texnologiya və təhsil sahələrində əməkdaşlığı genişlənir. Belə şəraitdə Çin dilini bilən gənclərin yetişdirilməsi ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirəcək, gələcək əmək bazarında onlara strateji üstünlük qazandıracaq. Həmçinin Çində təhsil almaq, təqaüd proqramlarında, ikitərəfli iqtisadi və mədəni layihələrdə iştirak etmək, beynəlxalq şirkətlərdə çalışmaq imkanları yaranacaq. Lakin təşəbbüslə bağlı bir sıra çağırışlar və çatışmazlıqlar da nəzərə alınmalıdır”.

Ekspert bildirib ki, hazırda ölkədə Çin dili üzrə ixtisaslaşmış müəllimlərin sayı çox azdır:

“Bu sahədə həm kadr hazırlığı, həm də mövcud resursların zəifliyi əsas problemlərdəndir. Azərbaycan dilində və milli kurikulum kontekstində uyğunlaşdırılmış dərslik və tədris materiallarının olmaması keyfiyyətə ciddi təsir edə bilər. Paralel olaraq, valideyn və şagirdlər arasında dilin faydaları haqda kifayət qədər maarifləndirmə işi aparılmayıb. Bu, marağın az olmasına gətirib çıxaracaq. Digər tərəfdən, hələ də dərsliklərin keyfiyyəti, müəllim hazırlığı, ingilis dili bacarıqları və sair kimi ciddi problemlər var. Belə halda, Çin dili təşəbbüsü vacib sahələrin arxa plana keçməsi ilə nəticələnə bilər. Ona görə də diqqətli planlama və mərhələli yanaşma lazımdır”.

S.Əliyeva Çin dili tədrisinə mərhələli şəkildə başlanılmasını təklif edib:

“Əvvəlcə Bakı və iri şəhərlərdə seçilmiş məktəblərdə pilot layihələr həyata keçirilsin. Universitetlərdə Çin dili müəllimliyi üzrə ixtisaslar açılsın, Konfutsi İnstitutu və Çin səfirliyi ilə əməkdaşlıq çərçivəsində təlim və təqaüd proqramları təşkil edilsin. Bu təşəbbüs yalnız dərs proqramına bir dil əlavə etmək deyil, Azərbaycanın gələcək beynəlxalq mövqeyinə yönəlmiş strateji addımdır”.

Qeyd edək ki, Çin dili Asiya, Afrika və ərəb ölkələrinin milli təhsil sistemlərinə daxil edilib. Avropa, ABŞ, Kanada kimi qərb ölkələrində isə seçim predmetidir. Pekinin rəsmi məlumatlarına görə, 70-dən çox ölkədə bu dil tədris olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*