“HƏMAS” lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb. Bundan sonra onun ölümü ilə bağlı İran təcili iclas keçirib.
“Al-Jazeera”nin xəbərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə icazəni ABŞ-dən alıb.
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan politoloq Tural İsmayılov bildirib ki, bu hadisə İranın təhlükəsizlik sisteminin onların təqdim etdiyi formada olmadığını bir daha sübut edir:
“Həmas liderinin İranda öldürülməsi İran lideri üçün də böyük zərbə oldu. İran açıq formada HƏMAS-ı dəstəkləyirdi. Artıq İranda belə ölüm hadisəsinin baş verməsi çox ciddi şübhələr yaradır. İranın təhlükəsizlik sisteminin İranın təqdim etdiyi formada olmadığı növbəti dəfə aydın olur. HƏMAS liderinin Tehranda, İran Prezidentinin andiçmə mərasimində dünya prezidentlərinin İrana səfər etməsi fonunda öldürülməsi çox düşündürücü hadisədir”.
Onun sözlərinə görə, bu hadisə İranın təsir gücü olan coğrafiyalarda nüfuzunun itməsinə səbəb olacaq:
“Bu, İranın özü üçün təsir etdiyi qruplar və coğrafiyalarda nüfuz itkisinə səbəb olacaq. HƏMAS arasında İrana qarşı etimad aşağı səviyyədə olacaq. HƏMAS İsrail qarşıdurmasında hansısa məntiqi, prosesi kökündən dəyişəcək, yeniliyə səbəb olacaq addımlar üçün rəhbərin öldürülməsi, rəhbərin dəyişməsi böyük əhəmiyyət kəsb etmir. HƏMAS-ın özünün mövcudluğu davam edir. Əksinə liderin öldürülməsi bu təşkilatın İsrailə qarşı aqressiyasını daha da artıracaq. Ola bilsin ki, İsrail toqquşmalarında gərginlik hədd daha da, bir neçə günlük olsa da, gərginləşsin”.
Politoloqun fikrincə, dünya dövlətləri İsrail-HƏMAS qarşıdurmasının kökündən həll edilməsində maraqlı deyillər:
“HƏMAS-İsrail qarşıdurması tarix boyu davam edib. Bu qarşıdurmanın olmağında maraqlı olan dünya dövlətləri var. Onlar prosesin kökündən həll edilməsini istəmirlər, çünki belə qarşıdurlardan dünya dövlətləri iqtisadi, siyasi düzəni ilə bağlı öz istəklərinə nail olmaq üçün istifadə etməyə çalışırlar. İstənilən halda bu proseslərin birbaşa Azərbaycana təsirlərindən danışmaq tezdir. Bütövlükdə müharibə dünya istisadi, siyasi sistemi üçün gərginliklər vəd edir”.
Aygün Mirakif
KONKRET.az