DYP-dən səkidə avtomobil park edənlərə – Xəbərdarlıqbackend

DYP-dən səkidə avtomobil park edənlərə - Xəbərdarlıq

Son günlər sosial şəbəkələrdə avtomobillərin səkilərdə saxlanılması ilə bağlı narazılıqlar bildirilir, piyadalar şəhərdə onlar üçün ayrılan səkilərdə rahat hərəkət edə bilmədiklərini deyirlər.

KONKRET.az xatırladır ki, avtomobillərin səkilərdə dayanması və durması qanunla qadağandır.

Hətta səkilərin kənarında durmağa icazə verilən hallarda belə, piyadaların hərəkətinə mane olmamaq tələbi qoyulub.

Baş Dövlət Yol Polisi idarəsi yaranmış narazılıqlarla bağlı bildirir:

“Yol Hərəkəti Haqqında” Qanunun 52-ci maddəsi “Dayanma və durma” qaydalarını müəyyən edir. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, avtomobillərin səkilərdə dayanması və durması qadağandır. Sürücülər, xüsusilə də piyadaların rahatlığı və təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə saxlamamalıdır. Səki – piyadaların hərəkəti üçün nəzərdə tutulan hissədir və ona görə də nəqliyyat vasitələri yalnız onların durması üçün ayrılmış, müəyyən edilmiş qaydada işarələnmiş parklanma yerlərində saxlanılmalıdır.

Hətta səkilərin kənarında durmağa icazə verilən hallarda belə, piyadaların hərəkətinə mane olmamaq tələbi qoyulub. Məlum məsələdir ki, hər bir sürücü avtomobili evinin, iş yerinin yaxınlığında saxlamaq istəyir. Ancaq başa düşmək lazımdır ki, səki ilə gedə bilməyən piyadalar məcburdur ki, hərəkətlərini avtomobil yoluna düşərək davam etsinlər. Bu isə nəinki piyada üçün həyati təhlükə deməkdir, eyni zamanda sürücünün diqqətinin yayınması və qəza şəraitinin yaranmasına gətirib çıxarır, bəzən də qəza ilə nəticələnir.

Həmçinin paytaxtın bəzi nöqtələrində sürücülər əlillərin, uşaq arabaları ilə hərəkət edənlərin istifadəsi üçün nəzərdə tutulan pandusların qarşısında nəqliyyat vasitələrini saxlayırlar və ya belə yerlərdən istifadə edərək öz avtomobilləri ilə səkini zəbt edirlər. Bununla da həmin şəxslər üçün ciddi əngəl törədirlər. Ümumiyyətlə, bütün hərəkət iştirakçıları bir-birinə qarşılıqlı hörmətlə yanaşmalıdırlar.

İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən iyirmi manat, 346.2-ci maddəsinə əsasən qırx manat məbləğində cərimə edilir.

Amma biz insanlara cəza təhdidi altında deyil, intizamlı sürücü və məsuliyyətli vətəndaş mövqeyindən çıxış etməyi tövsiyə edirik, qaydalara əməl etməklə həm inzibati məsuliyyətə cəlb edilməsinlər, həm də digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olmasınlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*