“ƏDV geri al” sistemi ilə bağlı yenilik – Belə hesablanacaqbackend

“ƏDV geri al” sistemi ilə bağlı yenilik - Belə hesablanacaq

Azərbaycanda “ƏDV geri al” sistemində əhəmiyyətli yeniliklər gözlənilir. Yaxın günlərdə planlaşdırılan tam avtomatlaşdırılmış mexanizm vətəndaşların alış-veriş zamanı ödədikləri əlavə dəyər vergisinin geri alınmasını daha sürətli və rahat edəcək. Yeni model çərçivəsində bank kartı ilə ödəniş edilən zaman kassa çekinin məlumatları avtomatik olaraq elektron sistemə daxil olunacaq və geri qaytarılma üçün müraciət prosesi minimum səviyyəyə enəcək.

KONKRET.az müsavat.com-a istimadən xəbər verir ki, layihə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Birbank (Kapital Bank) və PAŞA Bank ilə birlikdə həyata keçiriləcək. Qurumun rəhbəri Orxan Nəzərli bildirib ki, bu təşəbbüs həm şəffaflığı yüksəldəcək, həm də vətəndaşların ƏDV-ni daha operativ şəkildə əldə etməsinə imkan yaradacaq.
İqtisadçı deputat Azər Badamov mövzu ilə bağlı fikrini bildirib: “ƏDV geri al sisteminin tətbiqi dövriyyənin şəffaflaşmasında böyük rol oynayıb. Alıcılar ƏDV-ni geri ala bildiklərindən mütləq şəkildə alışlarına görə çek tələb edirlər. Amma çek alındıqdan sonra müəyyən prosedurlar var ki, bunu da hamı edə bilmir və əlavə çətinliklər meydana çıxır. Yeni tətbiq olunacaq sistemlə nağdsız əməliyyatlarda çeki alıb ayrıca yükləməsinə ehtiyac qalmayacaq. Çünki hər bir alış kassaya vurulanda kart sahibinin hesabında avtomatik oturacaq. Bu da alıcıları əlavə əməliyyatların aparılmasından azad olunmasına və müraciət prosesi minimuma enəcəyi üçün ƏDV vəsaitinin hesabınıza qayıtmasının daha tez baş verməsinə yol açacaq”.
Deputat “ƏDV geri al sistemi avtomatlaşdılandan sonra ümumiyyətlə alış ilə bağlı kassa çekinin alınmasına ehtiyac qalacaqmı” sualına da cavab verib: “Çekin alınması ilk növbədə alıcı üçün vacibdir. Çünki çekin üzərində aldığın malların adları və qiymətləri yazılır. İkinci məsələ isə “ƏDV geri al” sistemi nağdsız hesablamalar üçün də qaytarılır. Burada fərq ondan ibarətdir ki, nağdsız əməliyyatlar üçün qaytarılan ƏDV-nin faizi nağd əməliyyatlardan daha çoxdur. Məqsəd isə nağdsız əməliyyatların stimullaşdırlmasıdır. Amma nağd əməliyyatlarda ƏDV-ni geri almaq üçün yenə də çekin QR kodunun sistemə yüklənməsi lazım gələcək. Bank kartı ilə ödəniş etdikdə çek məlumatları sistemə avtomatik ötürülə bilər. Yəni çekdəki QR kodu ayrıca skan etmək və ya əl ilə əlavə etmək ehtiyacı azalacaq.
Qeyd etmək istəyirəm ki, kassadan keçən əməliyyatlar birbaşa vergi sistemində göründüyü üçün qeyri-rəsmi satışların qarşısı daha effektiv alınır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*