Rusiya hüquq mühafizə orqanlarının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı amansız və hüquqazidd davranışından sonra prosesin ikinci mərhələsinə ‒ soydaşlarımıza qarşı yeni hücumlara rəvac verəcək agentura və trollar tərəfindən məqsədli təşkil olunan təxribatçı çağırışların səsləndirilməsi mərhələsinə başlanılıb.
KONKRET.az faktyoxla.az-a istinadən xəbər verir ki, belə çağırışlardan birini Almaniyada yaşayan Əfqan Muxtarlı yayıb. Onun 29 iyun 2025-ci il tarixində yazdığı “5 soydaşımız qətlə yetirilib amma Rusiya səfirliyi yandırılmayıb. Özünə hörmət qoyan xalqlar o səfirlikdə daşı daş üstə qoymazdılar” məzmunlu təxribatçı statusu Rusiya mediasında və sosial media platformalarında tirajlanır.
Maraqlıdır ki, Almaniyada yaşayan tanınmamış bir “jurnalistin” birdən-birə belə bir təxribatçı çağırışla çıxış etməsi və “Осташко! Важное” adlı “Telegram” kanalında bunun yayılması, dərhal sonra isə ora istinad edilərək Rusiyanın tanınmış saytlarının bunu xəbər başlığına çevirməsi ortada danışılmış bir məsələnin olduğuna dəlalət edir.
Azərbaycan dövlətinə düşmən kəsilmiş və jurnalistika ilə heç bir əlaqəsi olmayan bir şəxsin Rusiya ictimaiyyətinə “azərbaycanlı jurnalist” kimi təqdim edilməsi müəmmanı daha da artırır.
Təhlükəsizlik məsələləri üzrə mütəxəssislərin qənaətinə görə, Əfqan Muxtarlı kimi şəxslər xüsusi xidmət və təhlükəsizlik orqanlarında “yatmış hüceyrə” (“sleeper cell”, “cпящий агент”) adlandırılır.
“Yatmış hüceyrə” dedikdə bir ölkənin və ya təşkilatın içinə gizli şəkildə yerləşdirilmiş, lakin uzun müddət fəaliyyətə keçməyən agent və ya qrup nəzərdə tutulur. Bu cür şəxslər uzun müddət normal vətəndaş kimi yaşayır, ancaq müvafiq tapşırıq gəldikdə və ya məqam yetişdikdə aktivləşdirilirlər.
İnformasiya əməliyyatlarında bu cür şəxslərin ağzı ilə təxribatçı məlumat səsləndirilir, sonra isə onun dediyi məlumat formasında tanınmamış bir resursda yayılır. Nəticədə isə, nüfuzlu xəbər agentlikləri bu məlumata istinad edərək heçdən bir xəbər düzəldirlər.
Əfqan Muxtarlının həm Vətən müharibəsi dövründə və sonrakı mərhələdəki anti-Azərbaycan fəaliyyəti, həm də Rusiya ilə baş verən bu proseslərdəki “aktiv rolu” onu deməyə əsas verir ki, bu adam rus-erməni kəşfiyyatının zaman-zaman aktivləşdirilən “hüceyrə”sidir. Onun həmin statusa yazılan bir şərhə verdiyi cavab və bir başqa paylaşımı da dediklərimizi təsdiq edir.
Belə ki, Ə.Muxtarlı ona ünvanlanan “Siz Almaniyada yaşayırsınız. Gedin Rusiya səfirliyini yandırın, örnək olun. Nəsə yazmadan öncə insan fikirləşməlidir” şərhinə israrla “Mən nə yazdığımı bilirəm. Siz yazılanları anlamaqda çətinlik çəkirsiniz”- deyərək reaksiya verib.
“Bir dəstə Rusiya vətəndaşı tutublar. Narkotik, kibercinayətkarlıq, dələduzluq ittihamları ilə. Alçaldırlar, ləyaqətlərini tapdayıb lentə alıb yayırlar. Mən o ittihamların heç birinə inanmıram. Adamları şərləyib həbs ediblər”. Bu fikirlərin sahibi qatı ermənipərəst və anti-Azərbaycan şəbəkənin aktiv üzvü olan Vladimir Solovyov deyil, məhz “azərbaycanlı” “jurnalist” Əfqan Muxtarlıdır.
Maraqlıdır ki, Əfqan Muxtarlının Ermənistan və Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri barədə bir ay öncə “YouTube” platformasında “Bir xəyanətin izi ilə…” adlı video da paylaşılmışdı.