Əhalinin NƏZƏRİNƏ: Bələdiyyə sizdən vergi tələb edirsə, mütləq bu addımı atın…backend

Əhalinin NƏZƏRİNƏ: Bələdiyyə sizdən vergi tələb edirsə, mütləq bu addımı atın...

Bələdiyyələrin bina sakinlərindən vergi tələb etməsi məsələsi tez-tez müzakirə olunur. Maraqlıdır, bələdiyyələr bina sakinlərindən vergi tələb edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, müəyyən hallarda bu tələblər qanunvericiliyə uyğundur.

“Əgər vətəndaşın mülkiyyətində yaşayış sahəsi varsa, həmin əmlak bələdiyyələr tərəfindən əmlak vergisinə cəlb oluna bilər. Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin yaşayış sahələri vergi tutma obyektidir. Lakin bu vergi yalnız 30 kvadrat metrdən artıq olan sahəyə tətbiq edilir. Yəni mənzilin 30 kvadrat metrədək olan hissəsi əmlak vergisindən azaddır”.

Turan Abdullazadə əlavə edib ki, qanunvericilikdə bir sıra güzəştlər də nəzərdə tutulur.

“Belə ki, pensiyaçılara, müddətli həqiqi hərbi qulluqçulara və onların ailə üzvlərinə, şəhid ailələrinə və müharibə əlillərinə əmlak vergisi üzrə 30 manat məbləğində güzəşt tətbiq olunur. Bundan başqa, sənətkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin emalatxana binaları da əmlak vergisindən azaddır”.

Hüquqşünas vurğulayıb ki, nəticə etibarilə binalarda yaşayan vətəndaşlardan əmlak vergisi bələdiyyələr tərəfindən tələb oluna bilər.

“Lakin bu tələb qanuni və hüquqi əsaslara söykənməli, düzgün hesablanmalı və şəffaf olmalıdır. Bələdiyyə tərəfindən vətəndaşa vergi ilə bağlı öncədən rəsmi bildiriş göndərilməlidir”.

Turan Abdullazadənin sözlərinə görə, vətəndaşların həmin ödənişin məbləğini və qanuniliyini sorğulamaq, zərurət yarandıqda isə etiraz etmək hüququ var.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*