Əhalinin NƏZƏRİNƏ: Bu məhsullarda qıtlıq yarana və qiymətlər bahalaşa bilərbackend

Əhalinin NƏZƏRİNƏ: Bu məhsullarda qıtlıq yarana və qiymətlər bahalaşa bilər

Qida Təhlükəsizliyi Agentliyinin son günlərdə tətbiq etdiyi idxal məhdudiyyətləri ictimaiyyət arasında müxtəlif müzakirələrə səbəb olub. Ekspertlər bildirirlər ki, bu addım bir tərəfdən istehlakçıların təhlükəsiz qida təminatına xidmət etsə də, digər tərəfdən daxili bazarda qiymət artımı riski yarada bilər.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, tətbiq olunan məhdudiyyətlər ət, süd və quşçuluq məhsullarının qiymətlərinə bir neçə mexanizm vasitəsilə təsir göstərir.

Neft qiymətlərinin bahalaşması daxili bazara necə təsir edəcək? - VACİB  AÇIQLAMA | KONKRET

İqtisadçının sözlərinə görə, ilk növbədə idxal məhdudiyyətləri xarici məhsulların ölkəyə daxil olmasını azaldır:

“Əgər daxili istehsal idxalı əvəz edə bilmirsə, bazarda ümumi məhsul təklifi azalır. Təklif azaldıqda, qiymətlər adətən yüksəlir, çünki tələb sabit qalarsa, alıcılar məhdud məhsul üçün daha çox ödəməyə hazır olur.”

Akif Nəsirli əlavə edib ki, məhdudiyyətlər daxili istehsalçılara əlavə bazar imkanları yaratsa da, bu prosesin qısamüddətli dövrdə qiymət artımına səbəb olması mümkündür:

“Məhdudiyyətlər yerli istehsalçılar üçün qiymətləri artırmaq və ya istehsal həcmini genişləndirmək stimulu yaradır. Amma daxili istehsal sürətlə artmasa, qıtlıq yaranır və qiymətlər yüksəlir.”

Ekspert həmçinin qeyd edib ki, idxalın azalması fonunda istehlakçılar alternativ məhsullara yönələ bilər:

“Məsələn, idxal olunan quş əti azaldıqda, tələbat mal ətinə və ya digər quşçuluq məhsullarına yönəlir. Bu da həmin məhsulların qiymətlərinə təzyiq göstərir.”

Nəsirlinin sözlərinə görə, idxal məhdudiyyətləri və əlavə yoxlamalar həm də logistika və sertifikatlaşdırma xərclərini artırır:

“Bu əlavə xərclər nəticədə istehlakçının üzərinə düşür və bazarda ümumi qiymət artımı müşahidə olunur.”

İqtisadçı vurğulayıb ki, qiymət artımının dərəcəsi daxili istehsalın səviyyəsindən, idxalın bazardakı payından və tələbin elastikliyindən asılı olacaq.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*