İsveçrənin gələcək taleyi bir neçə aydan sonra keçiriləcək ümumxalq səsverməsində müəyyənləşəcək. Ölkənin ən böyük siyasi gücü olan İsveçrə Xalq Partiyasının (SVP) irəli sürdüyü “10 milyonluq İsveçrəyə yox” təşəbbüsü iyunun 14-də vətəndaşların mühakiməsinə veriləcək. Bu təklif qəbul edilərsə, rəsmi Bern əhali artımını cilovlamaq üçün miqrasiya qapılarını tamamilə qapada bilər.
KONKRET.az xəbər verir ki, SVP-nin hazırladığı layihəyə əsasən, ölkədə daimi yaşayanların sayı 9,5 milyon nəfərə çatdıqda sığınacaq axtaranlar və əcnəbilərin ailə üzvləri üçün giriş qaydaları dərhal sərtləşdirilməlidir. Əgər göstərici 10 milyon həddini keçərsə, hökumət daha radikal addımlar atmağa məcbur olacaq. Bu ssenaridə İsveçrənin Avropa İttifaqı ilə sərbəst hərəkət haqqında müqavilədən çıxması belə gündəmə gələ bilər. Sağçı siyasətçilər hesab edir ki, nəzarətsiz artım mənzil bazarında qiymətlərin kəskin bahalaşmasına və infrastrukturun çökməsinə səbəb olur.
Hökumət və biznes dairələri təşəbbüsü “iqtisadi intihar” adlandırıblar. Onların qənaətinə görə işçi qüvvəsinə ehtiyacı olan İsveçrə üçün belə məhdudiyyət iqtisadi tənəzzül deməkdir. Hazırda cəmiyyətdə ciddi parçalanma müşahidə olunur. Son sorğulara görə, əhalinin təxminən 48 faizi məhdudiyyətləri dəstəkləsə də, böyük kütlə hələ də tərəddüd edir. Yayda baş tutacaq səsvermə təkcə daxili sosial qaydaları deyil, həm də İsveçrənin Avropa ilə olan strateji bağlarını kökündən dəyişmək gücündədir.//Demokrat.az
