Hazırda yaz fəsli olmasına baxmayaraq, Bakı bazarlarında və supermarketlərdə pomidorun qiyməti baha təklif olunur. Alıcılar qiymətin baha olmasından gileylənirlər. Ölkəmizdə tərəvəz məhsullarının əkini bol olsa da qiymətləri yüksəkdir. Pomidor və bəzi tərəvəz məhsulları niyə bu qədər bahadır? Bu bahalaşmanın qarşısını necə almaq olar?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Referans-a açıqlamasında bildirib ki, bu bahalığın səbəbi mövsümlə də əlaqəli ola bilər. Çünki hələ mövsümün əvvəlindəyik. Bir müddət sonra mövsümi səbəblərdən bolluq olarsa qiymətlərin aşağı düşməsi ehtimalı kifayət qədər yüksəkdir.
Natiq Cəfərli onu da bildirib ki, keçən ilin yay aylarında dizel yanacağının qiymətinin 20-25 %dən çox bahalaşması belə bir bir dalğavari effektin yaranacağını gözləməyə əsas verirdi. O vaxt da ictimai çıxışlarımda şəxsən mən bu haqda deyirdim ki, kənd təsərrüfatı mövsümündə daha çox bahalaşma ilə üzbəüz qalacağıq. Çünki kənd təsərrüfatı işlərində dizel yanacağının çox böyük rolu var. Bəzi məhsulların maya dəyərində 35-40 % payı var. Ümumi bahalıq fonunda fermerlərdən qiyməti daha ucuz etməyi gözləmək də əbəsdir.
“Obrazlı desək pomidorunu satıb ət almalıdır, ət bahalaşır. Yəni bu nöqteyi-nəzərdən onların da qiymət artımı başa düşüləndir. Yəni iqtisadiyyatın qızıl qanunu bazarın görünməz əli, rəqabət, məhsul bolluğu olmalıdır ki, qiymətləri bazar tənzimlənməsin”, – deyə ekspert qeyd edib.