Müharibələr kənd və şəhər landşaftını dəyişir, ekosistem dağılır, təbii resurslar zəhərlənir. Torpağın deqredasiyası yaşanır.
KONKRET.az xəbər verir ki, ermənilərin mina terroru, həm də ekoterrordur. Çünki partlayışlar nəticəsində insan itkisi ilə yanaşı ətraf mühitə ziyan dəyir. Torpağın strukturu pozulur, münbitlik aşağı düşür.
Ekoloqlar müharibələri bəzən vulkan püskürməsi, zəlzələ və sunamilərlə müqayisə edirlər. Çünki bu təbii fəlakətlər ətraf mühitdə böyük fəsadlar yaradır, hətta təbiəti yuyub aparır. Lakin savaşların fəsadları daha qorxuncdur. Nümunə kimi ilk atom bombaları atılan Yaponiyanın Xirosima və Naqasaki şəhərlərini, həmçinin Çernobıl faciəsini göstərmək olar. Nüvə insidentləri nəticəsində insan qırğının yaşanması ilə bərabər ekoloji fəlakətlər baş verib.
1. Ağdam:
XX əsrin Xirosimasına isə yalnız və yalnız XXI əsrin Ağdamını bənzədirlər. Bəli, erməni işğalından azad olunan Ağdamı. Ermənilərin viran qoyduğu Ağdamı! Rayonun böyük hissəsində minaların basdırılmasını demək kifayət olardı, ancaq savaşlarda ermənilərin qadağan olunmuş silahlardan istifadəsi də qeyd olunmalıdır.
2. Bəsitçay qoruğu:
Bundan başqa, ermənilərin yandırdığı, qanunsuz olaraq baltalayıb satdığı ağaclar da regionun ekologiyasına vurulmuş ağır zərbədir. Bəsitçay qoruğunun talanması erməni vəhşiliyinin isbatlarındandır. Qeyd edək ki, Bəsitçay qoruğunun sahəsi 107 hektardır. Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır. Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Dünyada çinarın 7 növü var. Azərbaycanda şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın “Qırmızı Kitabı”na yazılıb.
3. Oxçuçay:
Uzunluğu 85 km olan, 40 km-ə qədəri Azərbaycan ərazisinə düşən Oxçuçayın əsas mənbəyi Ermənistan ərazisinə düşür. Tarix oğruları coğrafi adları da öz adlarına çıxarırlar. Əks halda Oxçuçaya Voxçi deməzdilər. Çay əsasən Qafan rayonu ərazisində yerləşən dağ-mədən sənayesinin tullantıları hesabına çirkləndirilir. Təkcə işğal illərində deyil, əvvəlki vaxtlarda da tullantılara məruz qalıb. Ermənilər Oxçuçayın çirkləndirilməsini çayın Azərbaycana keçdiyi hissədən həyata keçirir.
4. Metsamor:
Ermənistanda yerləşən bu atom elektrik stansiyası ilk növbədə insan həyatı, daha sonra təbiətin əcəlinə çevrilə bilər. İllərdir ki, qəzalı vəziyyətdə olan AES beynəlxalq müraciət və təzyiqlərə baxmayaraq fəaliyyətini davam etdirir. Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Rusiya üçün təhlükə mənbəyidir. Ermənistan isə qəza baş verən anda xəritədən silinə bilər.
5. Bakı:
Bəlkə də doğulub böyümüş, həmişə burada yaşamışıq deyə öyrəşmişik. Amma reallıq başqadır, həqiqət acı olur. Bakının havası isə tozludur. Çirkab doludur. Yəni Bakıdakı parklar da təmiz hava effekti verə bilmir. Çünki ekoloji natəmizliyin çəkisi daha ağırdır. Hər bir şəhərin 30 faizi yaşıllıqdan ibarət olmalıykən, Bakının cəmi 5-6 faizi meşə örtüyü ilə əhatə olunub. Sizcə, 5 faiz 95 faizin sağlam oksigen mənbəyini ödəməyə qadirdir? Hərçənd sözügedən tozlu və baxımsız ağaclar özündən qat-qat böyük yükün altına girə bilməz. Ağac qarışqa deyil. “Bakıda yeni binaların tikintisinə başlanılır”, “Paytaxtda avtomobillərin sayı artıb” kimi başlıqlı xəbərlər isə müjdə sayılmır. Bu o deməkdir ki, Bakının ekoloji fəlakətdə boğulmağına az qalıb. Yəni təbiətin mühafizəsi olmayan yerdə təmir və quruculuq işləri heç kimə yeni nəfəs vermir.
Anar Rəhimov,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusuna həsr olunub.