Fevralın 6-da Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycanda 7-dən 77-yə bütün insanlarımız zərər çəkən türk qardaş və bacılarımıza könüllü yardım kampaniyası başlatdılar.
Bu gün isə sosial şəbəkələrdə müəllimlərə əməkhaqlarından məcburi tutulmalar üçün ərizələrin göndərilməsi ilə bağlı məlumatlar yayılıb.
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, nəinki təhsil müəssisələrinin, heç bir qurumun məcburi ödəniş tələb etmək səlahiyyəti yoxdur:
“Hazırda istər dövlət, istərsə də özəl sektorda çalışanlardan vergilərə, Dövlət Sosial Müdafiə Fonduna, sığortaya məcburi dövlət tutulmaları var. Eyni zamanda Həmkarlar İttifaqına şəxslərin öz razılığı ilə 1 % tutulma ola bilər. Digər heç bir halda, xüsusilə ölkənin ümumtəhsil məktəblərinin müəllimlərinin əməkhaqqından pul tutula bilməz.
Hazırda ölkədə fəaliyyət göstərən 4432 ümumtəhsil məktəbində 151 min müəllim çalışır.Təbii ki, könüllülük əsasında hər kəs Türkiyədə baş verən bədbəxt hadisənin aradan qaldırılmasına öz dəstəyini göstərə bilər. Ancaq heç bir dövlət qurumunun belə bir səlahiyyəti yoxdur ki, bu barədə ərizə təqdim etsin. Çünki hər kəs çalışdığı iş qrafikinə uyğun olaraq əməkhaqqı alır. Heç kəs müəllimi bu tipli ərizələrə imza atmağa və ödəniş etməyə məcbur edə bilməz”.
Ekspert vurğulayıb ki, Azərbaycan müəllimi hər zaman iki ölkə arasındakı münasibətlərdə öndə olub:
“Azərbaycan müəllimi Birinci Qarabağ savaşında, 44 günlük Vətən müharibəsində, eyni zamanda Türkiyə-Azərbaycan münasibətlərində hər zaman öndə olub, öz dəstəyini göstərib. Öz əməkhaqlarını yardımlar üçün ayıran kifayət qədər müəllimimiz var. Və bütün bunları yalnız və yalnız könüllülük prinsipi ilə həyata keçirirlər və keçirməlidirlər”.
Fidan Ali,
KONKRET.az
Kamran Əsədov Siz doğrudan bilmirsiz ki, maaşdan məhkəmə qərarı olmadan ödənişlər tutulur.Yəqin zarafat edirsiz. Bu aksiomadır.