Ekspertlər qəbul müsabiqəsinin nəticələrini şərh edir – AÇIQLAMAbackend

Ekspertlər qəbul müsabiqəsinin nəticələrini şərh edir - AÇIQLAMA

Dünən ali təhsil müəssisələrinə qəbul müsabiqəsinin nəticələri açıqlanıb. 82 883 abituriyentdən 55 656-sı ali təhsil müəssisələrinə qəbul olub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Tələbə qəbulunun ilk dəfə həyata keçirildiyi Qarabağ Universiteti və Türkiyə–Azərbaycan Universitetinin plan yerləri isə tam olaraq dolub və hər iki universitetdə təhsil hüququ qazananların böyük əksəriyyəti yüksək bal toplayanlardır.

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev builki qəbulun xüsusiyyətlərindən danışıb:

“Keçən il Neft və Sənaye Universitetində qəbul ballarının aşağı olması abituriyentlərdə müəyyən arxayınlıq yaratmışdı. Amma gözləntilərin əksinə, bu universitetin kompüteryönlü ixtisaslarında keçid ballarında artım oldu. Qarabağ Universitetinə tərəddüdlə yanaşanlar var idi. Lakin ixtisas seçimi edərkən yüksək bal toplayanların ilk sıralarda Qarabağ Universitetini yazdığının şahidi olduq. Plan yerinin tam dolması Qarabağ Universitetinin prestijindən xəbər verir”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri hesab edir ki, Qarabağ Universitetində heç vaxt boş qalan plan yeri olmayacaq:

“Qarabağ və Türkiyə-Azərbaycan Universitetləri Azərbaycan təhsilinə yeniliklər gətirməyə, tədqiqatyönlü təhsil ocağının ölkədəki ilk xəbərçisi olmağa namizəddirlər. Qarabağ Universitetinə 36 ixtisas üzrə 1200 plan yeri ayrılmışdı. Gələcəkdə də bu univeristetdə plan yerlərlərinin boş qalacağına inanmıram. Heç Bakı Ali Neft Universitetində plan yeri boş qalıbmı? Qarabağ Universiteti də eyni xətti izlədiyi üçün boş plan yeri heç vaxt olmayacaq”.

Tədqiqatçı hansı ixtisas və qruplarda rəqabətin daha çox olduğuna da aydınlıq gətirib:

“İnformatika, riyaziyyat istiqamətində rəqabət öz sözünü dedi, ballar çox yüksək oldu. Gözlənilənin əksinə olaraq III qrupda TC alt qrup ixtisalarda deyil, DT alt qrup ixtisaslarda balların yüksəlişini müşahidə etdik. II qrupda da artım oldu”.

Aygün Mirakif,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*